Minilliklərdən bəri qədim insanların yaşayış məskəni olan muxtar respublikamız tarixin dərinliklərindən üzü bəri zəngin mədəniyyətin, o cümlədən dünyəvi və səmavi dinlərin xüsusiyyətlərini özündə ehtiva edən inanc yerlərinin mövcud olduğu bir ərazidir. Odlar yurdu kimi tanınan ölkəmizdə və onun tərkib hissəsi olan muxtar respublikamızda, məlum olduğu kimi, islamdan öncə digər dinlər də yayılmışdı. Azərbaycanda islam dini bərqərar olduqdan sonra da xalqımızın adət-ənənələrində əvvəllər mövcud olmuş inancların bəzi məqamları islamla vəhdətdə günümüzə qədər gəlib çatıb. Muxtar respublikamızda mövcud olan dini ziyarətgahların, o cümlədən haqqında danışacağımız rayonumuzun Şahtaxtı kəndində yerləşən “İydəli pir” adlanan ziyarətgahın islamdan daha qədim dövrlərə aid olması faktı da deyilənləri təsdiq edir. Bu ziyarətgahların bəzilərinin İslam tarixindən çox əvvəl yaranmasına baxmayaraq, sonradan onlar İslam dini ilə əlaqələndirilib, hətta bu kimi yerlərdəki məzarların İslamda önəmli şəxslərin qəbri olması ilə bağlı rəvayətlər yaranıb. Bəzən isə bu cür görkəmli şəxslər əvvəlcədən ziyarətgah olan bu abidələrin ərazisində dəfn olunub, ziyarətgahın məhz bu məzarlara görə ziyarət edilməsi fikri formalaşıb.
İydəli pir ziyarətgahı Şahtaxtı kəndinin şərqində, kənd mərkəzindən təxminən 2 kilometr aralıdadır. Qayanın təbii oyuğunda yerləşən pir Naxçıvanda tarixi çox qədimlərə gedib çıxan məşhur ziyarətgahlardan biridir. Onun ətrafı qaya parçaları ilə dördkünc formada hörülüb. Pirin ətrafında kəhriz və divar qalıqları mövcuddur. Divarın qalınlığı bəzi yerlərdə 50-60 santimetrə çatır. Pirin ətrafındakı ərazilərdə iri qaya parçalarından hörülmüş divar qalıqları , qədim və orta əsrlərə aid keramika nümunələri də aşkar edilib. Pir Azərbaycan xalqı arasında yayılan su və od inancı ilə bağlıdır və buradan tapılan maddi-mədəniyyət nümunələrini eramızdan əvvəl II-I minilliklərə aid etmək olar. Pirin ətrafı orta əsrlər dövründə yaşayış məskəni kimi istifadə edilib.
Qeyd edək ki, məşhur rus hərbi tədqiqatçısı Konstantin Nikolayeviç Smirnovun “Naxçıvan diyarının tarixi və etnoqrafiyasına dair materiallar” kitabında Şahtaxtı ərazisində XIV əsrdə “Nemətullahi” təriqətinə mənsub dərvişlərin yaşadığı qeyd edilir. Qədim Şahtaxtı kəndinin də İydəli pirin yerləşdiyi ərazinin ətrafında yerləşməsi və burada baş verən zəlzələdən sonra indiki ərazilərə doğru yayıldığı söylənilir. Belə bir qənaətə gəlmək olar ki, pirin islamla əlaqələndirilməsi də bu təriqət ilə əlaqəlidir. Pirin Həzrəti Əli adına bağlanan sufi xanəgahı olmasıyla bağlı fikirlər də mövcuddur. Hətta, belə rəvayət var ki, Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətainin 7 minlik qoşunla 30 minlik qoşun üzərinə əminliklə hücum etməsinin kökündə də məhz öncədən qələbə əldə edəcəyinə yüksək inamı olub və bu inamı, əhval-ruhiyyəni də onda İydəli Pirdə gecələməsi yaradıb. Pirin yerləşdiyi təpənin üstündə üç qədim məzar, əhatəsində isə şiəlikdə mühüm rəqəm sayılan 12 kəhrizin yeri qalıb və onlardan bir neçəsi hazırda da Araz çayı istiqamətində axır.
Bu gün Şahtaxtı kəndinin sakinləri və qonşu kəndlərdən piri ziyarət edənlərə tez-tez rast gəlirik. Zəvvarlar burada dualar edir, nəzirlər verirlər. Allah adına qurbanlar kəsilir, ehsanlar paylanılır. Kəndin yaşlı sakinləri pirdə daşyapışdırma, daşqaldırma kimi inanc formalarının indi də yaşadıldığını söyləyirlər. Daşın yapışması, eyni zamanda qaldırılan daşın insana yüngül gəlməsi inancları xalq arasında duaların qəbul olunduğu fikrinin yayılmasına səbəb olub. Bir sözlə, keçmişdə olduğu kimi, müasir dövrümüzdə də İydəli pir təkcə inanc yeri deyil, həm də milli memarlıq , yaşayış tərzi, keçmiş tariximizi özündə yaşadan bir yerdir.
Anar QASIMOV
“Yeni həyat ” qəzeti