Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

137

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

NUHÇIXAN xəbər verir ki, dövlətimizin başçısı Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində böyük heyətlə iştirakından məmnunluğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində uğurla inkişaf etdiyini bildirib. Nəqliyyat sahəsində əməkdaşlığımıza toxunan dövlətimizin başçısı ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən danışaraq keçən il istifadəyə verilən Bakı-Tbilis-Qars dəmir yol layihəsinin təkcə regionda deyil daha geniş məkanda böyük önəm daşıdığını vurğulayıb. Dövlətimizin başçısı rabitə sahəsində də ölkələrimizin birgə iş birliyi apardıqlarını, Türkiyə şirkətlərinin bu sahədə uzun illər fəaliyyət göstərdiklərini dedi və rabitə sahəsində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycanla Türkiyə arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu vurğulayan qonaq Azərbaycanda bütün sahələrdə, o cümlədən infrastruktur və şəhərsalmada böyük inkişafın şahidi olduğunu deyib. Mehmet Cahit Turhan bildirib ki, ulu öndər Heydər Əliyevin ifadəsi ilə desək Azərbaycanla Türkiyə “Bir millət, iki dövlət”dir və Azərbaycanın əldə etdiyi uğurlar Türkiyədə böyük sevinclə qarşılanır. Türkiyəli nazir Azərbaycanla Türkiyənin bundan sonra da birgə uğurlu layihələr həyata keçirəcəklərini məmnunluqla qeyd edib.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: