Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
NUHÇIXAN xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son illər ərzində bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirdi. Siyasi əlaqələrimizin bu gün ən yüksək pilləyə qalxdığını deyən Prezident İlham Əliyev son illər ərzində prezidentlər səviyyəsində 10-dan çox görüşün keçirilməsinin münasibətlərin inkişafında xüsusi rolunu qeyd etdi. Dövlətimizin başçısı digər səviyyədə qarşılıqlı səfərlərin də əlaqələrin genişləndirilməsi baxımından önəmini vurğuladı. Xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını deyən Prezident İlham Əliyev Azərbaycan-İran dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Məhəmməd Baqeri bildirdi ki, İranın Ali Rəhbəri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra daha çox güclənməsini zəruri hesab edir. Qonaq qeyd etdi ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş inkişaf, əmin-amanlıq və sabitlik İran xalqı tərəfindən sevinclə qarşılanır. O, xalqlarımızın əsrlər boyu müştərək tarixə və mədəniyyətə malik olduğunu dedi və əlaqələrimizin bu gün də uğurla inkişaf etdiyini vurğuladı.
Məhəmməd Baqeri bildirdi ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır.
Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə onun təşəkkürlərinin İran rəhbərliyinə çatdırılmasını xahiş etdi və Azərbaycanın İran tərəfinin bu ədalətli mövqeyini yüksək qiymətləndirdiyini bildirdi. Dövlətimizin başçısı işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılması barədə Məhəmməd Baqerini məlumatlandırdı.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.