Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

187

Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib.

NUHÇIXAN-ın məlumatına görə, təbrikdə deyilir:

“Əziz həmvətənlər! Hörmətli soydaşlar!

Milli birliyimizin rəmzi kimi hər il geniş qeyd etdiyimiz 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi səmimi qəlbdən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarını yaşadan müstəqil dövlətimiz milli həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verir, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir. Biz xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin doğma Azərbaycanla əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəli sürülən səmərəli təşəbbüslərə hər zaman dəstək veririk.

2018-ci il xalqımızın tarixində şərəfli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə keçirilməsi ilə yaddaşlarda qalacaqdır. Belə əlamətdar yubileyin təntənə ilə qeyd edilməsi həmvətənlərimizin qəlbində azadlıq və istiqlal duyğularını, ölkəmizin zəngin tarixi ilə haqlı iftixar hissini daha da gücləndirir. Bu gün əminliklə demək olar ki, 100 il əvvəl mühacir həyatı yaşamağa məcbur olmuş Cümhuriyyət qurucularının və onların varislərinin Azərbaycanı müstəqil və qüdrətli dövlət kimi görmək arzuları artıq xoş gerçəkliyə çevrilmişdir.

Dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir. Ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi bunu bir daha əyani surətdə sübut edir. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, 10 ən islahatçı dövlət siyahısına daxil edilmişdir. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə irimiqyaslı transmilli layihələr uğurla icra olunmuşdur. 2018-ci ildə Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi”nin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin istifadəyə verilməsi, həmçinin Ələt-Astara magistral avtomobil yolunun açılışı ilə Azərbaycan ərazisində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə bütün işlərin başa çatdırılması dövlətimizin iqtisadi potensialının artması, regionun tranzit və logistika mərkəzinə çevrilməsi, geoiqtisadi mövqeyinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Cari ildə həm də növbəti telekommunikasiya peyki “Azerspace-2”nin orbitə buraxılması respublikamızın müasir rabitə və informasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlərin bariz təzahürüdür.

Ölkəmiz inkişaf etdikcə, daha qlobal xarakterli vəzifələri həll etmək imkanları da artır. Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi taleyüklü vəzifə dayanır. Azərbaycan pozulmuş ərazi bütövlüyünün bərpası yolunda ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Soydaşlarımız da, öz növbəsində, yaşadıqları ölkələrin yüksək dairələrinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldillməsində, tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş etdirməlidirlər. Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir. Əminəm ki, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız və həmvətənlərimiz bu prinsiplərə əsaslanaraq qarşıdakı illərdə də üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə səadət, firavanlıq və işlərinizdə uğurlar diləyirəm!

Bayramınız mübarək olsun!”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: