Prezident İlham Əliyev “DP World” şirkətinin prezidentini qəbul edib

77

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “DP World” şirkətinin prezidenti Sultan Əhməd bin Sulaimi qəbul edib.

NUHÇIXAN xəbər verir ki, Sultan Əhməd bin Sulaim Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Raşid Al Məktumun salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransında iştirakından məmnunluğunu ifadə edən Sultan Əhməd bin Sulaim bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq əməkdaşlıq işinə mühüm töhfə verdiyini vurğuladı. O, hər dəfə Azərbaycana səfəri zamanı ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olduğunu, Bakıda xarici turistlərin sayının sürətlə artdığını müşahidə etdiklərini dedi.

Prezident İlham Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının Bakıda keçirilməsinin önəmini qeyd etdi və bunu beynəlxalq nəqliyyat daşımalarında ölkəmizin rolunun artmasının göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı nəqliyyat infrastrukturu sahəsində Azərbaycanın son illər böyük uğurlar qazandığını dedi. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, ölkəmizdə turizmin inkişaf etdirilməsi sahəsində də ardıcıl addımların atıldığını, Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən Birləşmiş Ərəb Əmirliklərindən gələn qonaqların sayının durmadan artdığını qeyd etdi.

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Raşid Al Məktumun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Raşid Al Məktuma çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: