Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır

198

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu bəyanatı ADA Universitetində keçirilən məzun günündə səsləndirib.

Dövlətimizin başçısı deyib: “Xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz prinsipial mövqeyimizdən bir addım geri dönmürük və dönməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim tarixi torpağımızdır. Beynəlxalq hüququn normaları da bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqləyir və bu məsələ ilə bağlı mötəbər beynəlxalq təşkilatların bir çox qərar və qətnamələri vardır. Onların arasında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri bizim mövqeyimizi daha da gücləndirir və münaqişənin həlli üçün hüquqi əsaslar yaradır. Son vaxtlar Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ECO və digər təşkilatlar tərəfindən məsələ ilə bağlı qərarlar qəbul edilib. Bu məsələ ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır”.

Prezident qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı bundan sonra da prinsipial siyasət aparacaq. “Ancaq bunu da yaxşı bilirik ki, bugünkü dünyada beynəlxalq hüquq heç də hər zaman işləmir. Son vaxtlar ümumiyyətlə işləmir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və əlbəttə ki, öz siyasətimizi dünyada mövcud olan real vəziyyətə uyğunlaşdırmalıyıq. Ona görə, əlbəttə, biz bundan sonra da həm iqtisadi sahədə, həm ordu quruculuğu sahəsində və digər sahələrdə öz gücümüzü artıraraq münaqişənin həllini yaxınlaşdırmalıyıq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: