Prezident İlham Əliyev: Bizim gənclərimiz bilikli olmalıdırlar ki, həyatda özlərinə layiqli yer tutsunlar

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 70-ci kitabı çapdan çıxıb

218

Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, həyatda özlərinə layiqli yer tutsunlar və eyni zamanda, ölkəmizin ümumi inkişafına da töhfələrini versinlər. Bilikli, savadlı cəmiyyətdə heç bir xoşagəlməz təsirin əhəmiyyəti olmayacaqdır. Çünki biz görürük ki, bu gün dünyada bəzi hallarda ideoloji müharibələr gedir, əsasən də gənclərlə bağlı xüsusi proqramlar icra edilir. Qloballaşma adı ilə müxtəlif ölkələrdə müəyyən tədbirlər görülür. Nəticə etibarilə bu, ölkələrdə problemlərə gətirib çıxarır. Biz çalışmalıyıq ki, Azərbaycanın dayanıqlı, uğurlu inkişafını əbədi edək. Çünki biz bu gün dünyada inkişafla bağlı öz modelimizi ortaya qoymuşuq. Bu gün dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır. Bu modelin əsasında bizim müstəqilliyimiz, milli dəyərlərimiz, vətənpərvərliyimiz və müstəqil siyasətimiz dayanır.

NUHÇIXAN xəbər verir ki, “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 70-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2015-ci il sentyabrın 15-də Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan 148 saylı tam orta məktəbin açılışı mərasimində söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 70-ci kitabındakı materiallar 2015-ci ilin iyulundan oktyabr ayınadək olan dövrü əhatə edir.

Nəşrdə Prezident İlham Əliyevin Azərbaycana səfərə gəlmiş Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla, Çex Respublikasının Prezidenti Miloş Zemanla keçirdiyi görüşlərə, birgə mətbuat konfranslarında bəyanatlarla çıxışlarına, dövlətimizin başçısının Azərbaycan-Çex biznes-forumunda çıxışına, habelə Azərbaycan-Çex arasında sənədlərin imzalanmasına dair informasiyalar toplanıb.

Kitabda Azərbaycan Prezidentinin Qazaxıstan Respublikasına işgüzar səfərləri çərçivəsində Qazax xanlığının 550 illik yubileyi münasibətilə Astanada keçirilən təntənəli mərasimdə iştirakı, Qazaxıstan Prezidenti ilə görüşü barədə materiallar, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində, Akmola vilayətinin Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının iclasında çıxışlarının mətnləri də yer alıb.

Azərbaycan Prezidentinin Rusiya, Türkiyə, Serbiya, Türkmənistan, Macarıstan və digər dövlətlərin, Beynəlxalq Miqrasiya Təşkilatının, Dünya Gömrük Təşkilatının, Avropa İttifaqının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsini, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçıları ilə görüşünü əks etdirən materiallarla bu kitabda tanış olmaq mümkündür.

Nəşrdə dövlətimizin başçısının IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə yaradılmış Təşkilat Komitəsinin birinci iclasında çıxışının mətni, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri ilə görüş və danışıqlarına dair informasiyalar da toplanıb.

Kitaba ölkə rəhbərinin iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışının, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqlərinin mətnləri daxil edilib.

Oxucu bu cilddə Prezident İlham Əliyevin Siyəzən-Məşrif avtomobil yolunun, Şabran rayonunda beynəlxalq müalicə və istirahət kompleksinin, Cəlilabad, Xızı, Siyəzən, Kürdəmir, Ağsu, Ucar, Göyçay rayonlarına səfərləri zamanı nəqliyyat və sosial infrastruktur, habelə mədəniyyət obyektlərinin, Gənclər mərkəzlərinin açılışlarında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri, Bakının küçələrində abadlıq və yenidənqurma, təhsil müəssisələrində təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanışlığı, Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışı mərasimində iştirakı barədə materiallarla da tanış ola bilər.

Nəşrə dövlətimizin başçısının Dərbənd şəhərinin 2000 illiyinə həsr edilmiş təntənəli tədbirin və Dünya Tarixçilərinin VIII Beynəlxalq Atatürk Konfransının iştirakçılarına təbrik məktubları və digər məktublar daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib.

“Azərnəşr” tərəfindən buraxılan 70-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: