Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

79

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib.

NUHÇIXAN xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verib. Bildirildi ki, bu liman birinci kateqoriya limanlar üçün müəyyən edilmiş texniki tələblərə uyğun layihələndirilib və inşa olunub.

Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Son dövrlərdə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün önəmli işlər görülür, müasir nəqliyyat infrastrukturu yaradılır, tranzit potensialı artırılır. Bütün bunlar Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir, dövlətimizin siyasi və strateji əhəmiyyətini artırır. Bu baxımdan, dövlətimizin başçısının Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.

Bu limanın inşası üçün ərazi təsadüfi olaraq seçilməyib. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir və buraya su yollarının da əlavə olunmasından sonra həmin ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranır. Beləliklə, Avrasiya məkanında önəmli geostrateji mövqeyə, çoxşaxəli iqtisadi və ticarət əlaqələrinə malik Azərbaycan bu gün dəniz nəqliyyatının inkişafının yeni, müasir inkişaf mərhələsinə qədəm qoyur.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamın icrası olaraq başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri – iki körpüdən ibarət bərə terminalı, bu ilin yanvarında isə iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz edilib ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metr təşkil edir və bura eyni zamanda 11 gəmi yan ala bilər. Burada ümumi sayı 2502 olmaqla, uzunluğu 45 kilometr, orta dərinliyi 26 metr təşkil edən müxtəlif diametrli svay işləri aparılıb. Limanın yerüstü infrastrukturu bu svaylar üzərində qurulub. Kompleksin qərb istiqamətində olan sahil xəttinin yuyulmasının qarşısının alınması məqsədilə 1077 metr uzunluğunda xüsusi struktura malik müdafiə divarı inşa edilib.

Liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb, uzunluğu 7,5 kilometr, dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa olunub. Bu kanal və dönmə akvatoriyası Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7000-8000 tona qədər olan gəmilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə daha böyük gəmilərin də sərbəst yanalmasını təmin edəcək.

Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb, 2 mövcud portal kranın isə modernləşdirilərək quraşdırılması işləri davam edir.

Layihə çərçivəsində limanın əməliyyat binası, yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, bütövlükdə 72 müxtəlif təyinatlı bina və qurğular inşa olunub, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi davam etdirilir. Burada qapalı və açıq anbarlar yaradılıb. Konteyner meydançasında eyni zamanda 1040 konteynerin yerləşdirilməsi, 64 soyuduculu konteynerə xidmət göstərilməsi üçün xüsusi infrastruktur yaradılıb.

Dövlətimizin başçısı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışını bildirən düyməni basıb.

Prezident İlham Əliyevin “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə” 2017-ci il 13 aprel tarixli Sərəncamına əsasən bu kompleksin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üçün görüləcək işlərin sifarişçisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təyin edilib. Bu istiqamətdə dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanma və tamamlama tarixləri göstərilməklə Tədbirlər Planı hazırlanıb. Bu planla müəyyən edilən hədəflərə nail olmaq üçün seqmentlər üzrə inşaat işlərində ikinövbəli iş rejimi tətbiq olunub. Atılan addımların nəticəsində işlərin dinamikasının əvvəlki dövrlərlə müqayisədə 5 dəfə artırılmasına nail olunub. Tikinti prosesinə 1500-ə yaxın işçi qüvvəsi və 300-dək müxtəlif təyinatlı texnika cəlb edilib.

Yeni liman kompleksinin Baş Planı və ümumi layihəsi beynəlxalq açıq tenderin qalibi, Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb. İnşaat işləri liman ərazisinin iki hissəsində – quru və dəniz seqmentlərində aparılıb. Kompleksin ərazisində tikinti işləri yerli şirkət olan “Evrascon” ASC tərəfindən yerinə yetirilib.

Burada əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sistemi və digər İT komponentləri tətbiq olunub, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sistemi qurulub, müasir kameralar quraşdırılıb, sərhəd və gömrük nəzarəti zonalarının ayrılması məqsədilə 1 idxal və 2 ixrac sahəsindən ibarət zonalar yaradılıb.

Yüklərin sürətli və səmərəli yüklənib-boşaldılması üçün Liman Əməliyyat İnformasiya Sistemi vasitəsilə əraziyə daxil olan bütün yüklərin – konteyner, TIR vasitəsilə gətirilən quru yüklərin gəmilərə yüklənmə və boşalma vaxtı müəyyən edilir və proseslər həmin qrafikə uyğun həyata keçirilir. İnternet üzərindən işləyən bu əməliyyat sistemi yük sahibinə yükün Bakı limanına daxil olması və limandan çıxması barədə dərhal məlumat verir. Tətbiq edilən ən son müasir texnoloji və mühəndis həlləri kompleksi regionda beynəlxalq tələblərə cavab verən ən müasir və rahat yükaşırma mərkəzinə çevirir, mühüm nəqliyyat qovşağı kimi onun tranzit və daşıma imkanlarını artırır.

“Yaşıl liman” konsepsiyasının tələblərinə uyğun olaraq kompleksin inşası zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib. Limanın elektrik enerjisi ilə təminatı Ələt elektrik yarımstansiyası və Səngəçal modul elektrik stansiyasından olmaqla iki mənbədən yerinə yetirilir. Layihənin ümumi elektrik gücü 18 meqavat təşkil edir. Bununla yanaşı, limanın fasiləsiz elektrik enerjisi ilə təminatı üçün iki generatordan ibarət dizel generator stansiyası qurulub. İçməli su təchizatının təmin edilməsi məqsədilə ərazidə su rezervuarı inşa edilib.

Dövlətimizin başçısına ölkəyə daxil olan yük axınlarının həcminin artım dinamikasına uyğun olaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilmə potensialı, bu çərçivədə daxil olan yük axınlarının çeşidlərinə və intensivliyinə uyğun olaraq, Limanın genişləndirilmə seqmentində görülməsi nəzərdə tutulan tədbirlər, yükaşırma həcmlərinin artacağı təqdirdə yaranacaq əlavə imkanlar barədə məlumat verilib.

Ölkəmizin Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək. Bu kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə şərq istiqamətində nəql edilməsini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək.

Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tranzit potensialının artırılması, beynəlxalq daşımaları təmin edən müasir infrastrukturun yaradılması və nəqliyyat parkının yeniləşdirilməsi üzrə işlər daha intensiv xarakter alıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası kimi mühüm əhəmiyyət kəsb edən layihələrin icrası Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq mövqelərini də möhkəmləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: