Prezident İlham Əliyev: Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib

153

Tam əminliklə demək olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmişdir. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər etmişdir və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərmişdir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, qonşu ölkələrlə əlaqələrimiz daha yüksək səviyyəyə qalxıb. Bu, hər bir ölkə üçün çox önəmlidir, o cümlədən Azərbaycan üçün. Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Sabitliyə gəldikdə, deyə bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə sabitlik məkanıdır. 2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir.

“Biz Avropa İttifaqı ilə əlaqələrimizi daha da möhkəmləndirmişik. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində düzgün mövqedədir”, – deyə Prezident bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: