Polşa Mədəniyyət Nazirliyində dövlət rəmzlərinə dəyişikliklər edilməsi üzərində iş gedir. Rəmz islahatlarının aparılması bəzi yanlışlıqları aradan qaldırmaq məqsədi daşıyır.
NUHÇIXAN xəbər verir ki, Polşa Konstitusiyasına və gerb haqqında qanununa, habelə İşıqlandırma Məsələləri üzrə Beynəlxalq Komissiya tərəfindən yaradılmış rəng modelinə (CIELUV) görə, ağ və qırmızı rənglər bu ölkənin milli rəngləridir.
Amma bu sistem mükəmməl deyildir. Bu səbəbdən hazırlanan bayraqların rəng çalarları müxtəlifdir.
Üstəlik, terminologiya da qeyri-dəqiqdir. Qanunda dövlət gerbi “herb” (“gerb”) sözü ilə deyil, “godlo” (emblem, fərqləndirici nişan) sözü ilə adlandırılıb. Hələ Polşa Xalq Respublikası dövründə yol verilən bu səhv müasir qanunvericiliyə və konstitusiyaya keçib.
Heraldika mütəxəssisləri bildirirlər ki, əslində “godlo” ağ qartalın qırmızı qalxansız təsviridir.
Bundan əlavə, gerbin təsvirinə qartalın xaçla tamamlanmış tacını əlavə etmək nəzərdə tutulur.
Polşa himninin musiqisinə və sözlərinə düzəliş edilməsi də planlaşdırılır. Xatırladaq ki, hələ 1797-ci ildə Yuzef Vıbitski tərəfindən marş kimi yazılmış bu himn Dombrovski Mazurkası adlanır.
Qeyri-rəsmi məlumata görə, düzəlişlər noyabrın 11-i – Polşanın Müstəqillik Günü ərəfəsində qüvvəyə minəcək.