Peyntbol üzrə qaliblər müəyyənləşib
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və hərbi liseyin kursantlarının iştirakı ilə Atıcılıq Mərkəzində peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib.
Birincilikdə 7 komanda tərkibində 50-ə yaxın tələbə və kursant mübarizə aparıb. Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi turnirdə hər komandadan 6 iştirakçı meydanda olub. Oyunun qaydalarına əsasən təyin olunmuş vaxt ərzində heyətində daha az itki verən və ya rəqibin döyüş bayrağını ələ keçirən komanda qalib hesab olunub.
Nəticələrə gəlincə qalib Naxçıvan Dövlət Universitetinin tələbələri olub. Onlar həlledici final görüşündə Naxçıvan Dövlət Texniki Kollecinin komandasını məğlub etməklə bu uğura layiq görülüblər. Naxçıvan Musiqi Kollecinin komandası isə üçüncü pillədə qərarlaşıb.
Qalib komandalara Gənclər və İdman Nazirliyinin diplom və kubokları təqdim olunub.
Qeyd edək ki, yarışı Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyası birgə təşkil edib.
Emil Səmədov