Xalqımızın genetik yaddaşında, tarixi mənbələrdə bu günə qədər qorunub saxlanan adət-ənənələr arasında müxtəlif mövsümlərlə, xalq təqvimi ilə bağlı mərasim və nəğmələr özünəməxsus yer tutur. Ta qədimdən ulu əcdadlarımız ili müəyyən dövrlərə bölər, mərasim və ayinləri bayram kimi təntənəli surətdə qeyd edərdilər. Bu mərasimlər zamanı xalq yaradıcılığının məhsulu olan meydan tamaşaları, etnoqrafik cəhətdən maraqlı oyunlar, səhnələşdirilmiş tamaşalar, mahnı və rəqslər, müxtəlif müsabiqələr təşkil edilərdi. Xalq yaradıcılığının məhsulu olub, zəngin folklor nümunələri ilə müşayiət edilən bu tədbirlər xalqın çoxəsrlik mədəniyyəti ilə yanaşı, xalq pedaqogikasının da zənginliyini göstərir. Belə ki, mərasimlərdə həm tamaşaçı, həm də iştirakçı olan uşaqlar bu məlumatları emprik yolla mənimsəyərdilər. Araşdırmalar göstərir ki, Azərbaycan etnoqrafiyasında bu mərasimlər, əsasən, payız-qış mövsümündə daha çox həyata keçirilərdi. Görünür ki, əkin-biçin qayğısından azad olan ata-babalarımız bu bayramlarda həm istirahət edib əylənir, həm də xalq yaradıcılığını inkişaf etdirirdilər.
Qədim zamanlarda payız-qış dövründə fəsillərin başlanması, yarı olması müxtəlif mərasimlərlə qeyd edilib. Mehrican ( məhsul bayramı) payızın bir ayı gedəndə, Kövsəc (payızın yarı olması), Çillə (qışın girməsi), Xıdır Nəbi və Səddə bayramları (qışın yarı olması), Novruz ( baharın girməsi) ardıcıllığı mövcuddur.
Payızın başlanğıc dövründə ilk həyata keçirilən mərasimlərdən biri “Məhsul bayramı”dır. Qədim dövrlərdə müxtəlif xalqlar arasında, eləcə də Azərbaycanda qeyd edilən bu bayram “Mehrikan” (Mehrican) adlanır. Məhsul (Mehrican) bayramı oktyabr ayının ikinci yarısında keçirilir. Müxtəlif mənbələrdə bu tarix nisbətən fərqlidir. Artıq unudulan, haqqında çox az məlumatımız olan mərasimlərdən biri Kövsəcdir. Bu mərasimin keçirilməsi haqda yazılı mənbələrdə çox az rast gəlinir.
Kövsəc mərasiminin keçirilmə vaxtını müəyyənləşdirmək üçün bir məsələyə də diqqət yetirək. Rumi təqvimində (Günəş təqvimi) Qasım (qış) noyabr ayının 8-də, Xızır (yaz) isə may ayının 6-da başlayır. Məlumat üçün deyək ki, Rumi təqvimində yeni il mart ayının 14-dən hesablanır və hazırda 1434-cü ildir. Buradan aydın olur ki, Kövsəc 5-8 noyabrda (payızın yarı olması və qışın, Qasımın girməsi) keçirilib.
Bu dövr üçün maraqlı bir şeyi də qeyd etmək istərdik. Avqust ayının 5-6-da “quyruq doğur”. Bir çox etnoqraf və informatorlar bu ifadənin “quyruq dondu” olduğunu iddia edirlər. Etnoqraf E. Mehrəliyev “Xalq coğrafi terminlərinin izahlı lüğəti” kitabında “quyruq donduran” 5-8 noyabrda, payız yarı olanda olduğunu qeyd edir. Biz E. Mehrəliyevin bu fikrini düzgün hesab edirik, çünki etnoqraflar da bu dövrü “qırov düşən” dövr adlandırırlar. Qırov düşən dövrə isə həm “quyruq dondu”, həm də “quyruq doldu” ifadəsi uyğun gəlir. Naxçıvanda ləziz qış azuqəsi olan qovurma məhz bu dövrdən başlayaraq qovrulur. Ona görə ki, havaların soyuması, yağıntılı dövrün başlaması, həyət-bacada heyvanların qidasını təşkil edən ot və xəzəlin tükənməsinə görə ətlik heyvanların saxlanması artıq əlverişli olmur. Həm də qovuran zaman çox soyuğa qalmaq istəmirlər.
Bəhlul Abdullayev “Novruz gəlir” sərlövhəli məqaləsində yazır ki, qışın qorxudulması ilə bağlı keçirilən bu mərasimin iştirakçıları istilik gətirən yeməklər – yağlı ət, daha çox istiotlu xörəklər yeyərmişlər. Özünü gülməli kökə salmış, cır-cındır paltar geyinmiş birisi qatıra minib ortaya çıxar və əlində tükü yolunmuş qarğa saxlayarmış. Yan-yörəsindəkilər onun üstünə soyuq su səpərmişlər. O isə saymazyana “İstidi, istidi, bahar gəlir, yaz gəlir”, – deyə haray salarmış. Daxili məzmununa fikir versək, tam aydınlığı ilə görərik ki, qədim türklərin “Kövsəc” adlandırdıqları bu mərasim əslində, əhalinin qışdan qorxmaması, psixoloji cəhətdən qışa hazırlanması üçün nəzərdə tutulub. Bəzi bölgələrdə qışı qorxutmaq, müxtəlif hərəkətlərlə ona qalib gəlmək üçün “həsirçırpma” ayini yerinə yetirilir. Fikrimizcə, bu da Kövsəc mərasimindən qalmadır.
Eyni ayinlər bir neçə bayramda təkrar olunduğuna görə, xalqın yaddaşından silinən kövsəc mərasimində icra olunan bəzi ayinlər digər bayramlarımızda yerinə yetirilir.
Zaleh NOVRUZOV
“Şərqin səhəri” qəzeti