Paralimpiyaçı qızlarımız Rusiyada III Beynəlxalq İdman Paraşütü Festivalında uğurla iştirak ediblər - FOTOLAR

133

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) baş katibi Kamal Məmmədovun rəhbərliyi ilə idmançı və mütəxəssislərdən ibarət nümayəndə heyəti iyulun 25-29-da “HANDIFLYEuroChallenge-2018” III Beynəlxalq İdman Paraşütü Festivalında iştirak edib.

ARMPK-dən NUHÇIXAN-a bildiriblər ki, festival Rusiyanın Ryazan vilayətində fəaliyyət göstərən “Кrutitsi” aviaklubunun bazasında keçirilib.

Festivalda Rusiya və Azərbaycan ilə yanaşı, Fransa, Yunanıstan, Xorvatiya, Makedoniya, Latviya, Belarus, İsveç və Türkiyədən 120 idmançı (31 nəfər əlil arabası istifadəçisi) iştirak edib. Yarışlarda ölkəmiz paralimpiyaçı idmançılarımız – əlil arabası istifadəçiləri Aysel Əliyeva, Qəndab Əkbərli və Mariya Samuylova tərəfindən təmsil olunublar.

Paralimpiyaçı qızlarımız 4 min metr hündürlükdən təyyarədən paraşütlə tullanıblar. Qızlarımız ardıcıl dörd dəfə bu hündürlükdən paraşütlə tullanaraq qarşıya qoyulmuş tapşırıqları müvafiq hərəkətlərlə yerinə yetiriblər. Nəticədə Mariya Samuylova 31 idmançı arasında ikinci dərəcədə altıncı, Aysel Əliyeva dördüncü dərəcədə altıncı və Qəndab Əkbərli isə yeddinci yerə sahib olub.

İdmançılarımıza festivalın təşkilat komitəsi tərəfindən sertifikatlar təqdim edilib.

Yarışların sonunda ARMPK-nin baş katibi Kamal Məmmədov festivalın təşkilat komitəsinin sədri, Ümumrusiya Əlillər Cəmiyyətinin sədr müavini Flyur Nurluqayanova əlillər arasında paraşütlə tullanma idmanının inkişafına verdiyi dəstəyə görə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun adından fəxri fərman təqdim edib.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dəfələrlə nümayəndə heyəti ilə əlaqə saxlayıb, onlarla maraqlanıb, idmançılarımıza uğurlar arzulayıb. Səfirliyin nümayəndəsi Vüqar İmaməliyev səfər müddətində idmançılarımıza dəstək verərək onlarla birlikdə olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: