Özbəkistanın saytında Naxçıvanla bağlı məqalə yerləşdirilib

147

NUHÇIXAN xəbər verir ki, Özbəkistanın nüfuzlu “uchildiz.uz” internet saytında “Naxçıvan Azərbaycanın qədim diyarıdır” sərlövhəli məqalə yerləşdirilib. Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dərc olunan məqalədə Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, ərazisi, əhalisi, sərhədləri barədə məlumat verilmiş, muxtariyyət tarixinə nəzər salınmış, müasir inkişafdan bəhs olunub.

Məqalədə vurğulanıb ki, Ermənistan tərəfindən blokada şəraitində saxlanmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçib. Muxtar respublikanın əsas makroiqtisadi göstəriciləri – ümumi daxili məhsulun həcmi, adambaşına düşən ümumi daxili məhsul, sənaye məhsulunun istehsalı, kənd təsərrüfatı məhsulları, əsas kapitala investisiya qoyuluşu, xarici ticarət dövriyyəsi, xidmət sektoru və digər sahələr, təqribən, 20 dəfə artıb. Mə­dəniyyət, səhiyyə, təhsil, infra­struktur və digər sahələrdə ciddi nailiyyətlər əldə olunub. Bu gün Naxçıvan dövlət və hökumət başçılarının görüş yeri, nüfuzlu beynəlxalq konfransların və forumların keçirildiyi diyardır. Yazıda 2018-ci il üçün Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı, həmçinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsinə toxunulub.

Məqalədə muxtar respublikanın tarixi-memarlıq abidələri, mineral suları, turizm imkanları haqqında məlumat verilib. Qeyd olunub ki, qədim tarixə malik bu diyardakı 1200-dən çox tarixi abidədən 57-si beynəlxalq, 496-sı isə ümummilli əhəmiyyət kəsb edir. Naxçıvanın əsrarəngiz təbiəti, özünəməxsus iqlim şəraiti, müasir mehmanxanalar, əvəzsiz tarixi abidələrlə yanaşı, 250-dən çox müalicəvi və mineral su mənbəyi bu diyarda müasir tələblərə cavab verən geniş sanatoriya-istirahət zonalarının yaradılmasına imkan verir.

Məqalədə son dövrlərdə Azərbaycan Ordusunun əldə etdiyi uğurlardan bəhs edilib, 2018-ci ilin may ayında “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordunun Günnüt kəndinin işğaldan azad olunması üçün keçirdiyi hərbi əməliyyat barəsində məlumat verilib. Muxtar respublikanın blokada şəraitində olmasına baxmayaraq, regional layihələrdən kənarda qalmadığını vurğulayan müəllif 2019-cu ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsindən sonra Naxçıvanın İran İslam Respublikası və Türkiyə Respublikasının dəmiryol sistemlərinin əlaqələndirilməsində mühüm rol oynayacağını bildirib, paytaxt Bakı ilə dəmir yolu nəqliyyat xəttinin qurulacağını qeyd edib.

Məqalədə o da vurğulanıb ki, qədim Naxçıvan bu gün intibah dövrünü yaşayır. Dövlət və özəl sektorun möhkəmlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına, rəqabət mühitinin formalaşmasına və yüksək texnologiyalara əsaslanan düşünülmüş və sistemli islahatlar iqtisadi tərəqqiyə münbit zəmin yaradır. Bu istiqamətdə sahibkarlıq fəaliyyətini tənzimləyən inzibati mexanizmlərin liberallaşdırılması, özəlləşmə tempinin artırılması, xarici və daxili sərmayə qoyuluşunun cəlb olunması üçün əlverişli şəraitin yaradılması kimi tədbirlər planlı şəkildə reallaşdırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən bütün sahələri əhatə edən və uğurla həyata keçirilən islahatlar Azərbaycanın digər regionlarında idarəetmənin müasir modeli kimi tətbiq olunur. Azərbaycan xalqının ümummilli ­lideri Heydər Əliyevin ideyalarının qürur və sədaqətlə davam etdirildiyi Naxçıvan bu gün Şərqin qapısında məğrur dayanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: