Özbəkistanın “Dunyo Boylab” telekanalında “Alovlar yurdu – Azərbaycan” adlı veriliş yayımlanıb
NUHÇIXAN xəbər verir ki, Özbəkistanın “Dunyo Boylab” telekanalında “Alovlar yurdu – Azərbaycan” adlı veriliş yayımlanıb. Özbəkistanın tanınmış televiziya jurnalisti Elmira Tuxvatullinanın hazırladığı ikinci veriliş Azərbaycanın paytaxtı Bakı şəhərinə həsr olunub.
Verilişdə Bakının gözəlliyi, tarixi, müasirləşməsinə və inkişafına baxmayaraq öz keçmişini qoruyub saxlaması, şəhərin füsunkar görünüşü, qədim İçərişəhər, paytaxtın mərkəzində yerləşən və gözoxşayan qədim binalar haqqında məlumat verilir və deyilir ki, şəhəri gəzərkən, insan özünü nağıllar dünyasında hiss edir.
Veriliş boyu Azərbaycan xalq musiqilərinin səsləndiyi proqramda ölkənin vizit kartı olan İçərişəhərin 2000-ci ildə UNESCO-un ümumdünya irsi siyahısına daxil edildiyi qeyd olunur.
Proqramda Azərbaycanın və SSRİ-nin Xalq artisti, dünya şöhrətli müğənni Rəşid Behbudovun yaradıcılığından danışılıb, onun ifasında Bakı haqqında mahnı səsləndirilib, şəhərin mədəni simasının çox zəngin olduğu, mərkəzi küçələrdə bir-birinə yaxın yerləşən mədəniyyət abidələri haqqında məlumat verilir.
Verilişdə Bakının Dənizkənarı Bulvarı, Venesiya şəhərciyi, gözəl parkları, küçələri, Fəvvarələr meydanı, məşhur Nizami küçəsi, qədimlik və müasirliyin sintezi olan Alov qüllələri və şəhərə gələn çoxsaylı xarici turistlər barədə söhbət açılır.
Müəllif qeyd edir ki, paytaxtın mərkəzində Şərq üslubunda tikilən Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi şəhərə və onun memarlığına xüsusi rəng qatır. Azərbaycanın tanınmış ədəbiyyat xadimlərinin antik üslubda heykəllərinin ucaldığı muzey binası öz əzəməti ilə şəhərə gələn çoxsaylı turistləri cəlb edir.
Verilişdə Bakı gecələri Neapol gecələrinə bənzədilir, Şərqin mirvarisi, amfiteatr formasında olan və Xəzərə qucaq açan şəhərin öz gözəlliyi ilə fəxr etdiyi qeyd olunur.
Qeyd edək ki, veriliş Azərbaycan Mədəniyyət Nazirliyinin, ölkəmizin Özbəkistandakı səfirliyinin dəstəyi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ilin iyun ayında Azərbaycana təşkil olunmuş mediatur zamanı hazırlanıb və səfərlə bağlı Özbəkistanın KİV-lərində və televiziya kanallarında ölkəmizə dair silsilə verilişlər, məqalələrin çapı davam edir.