Oxuyur Kimya Babayeva…

222

Bu səs hardan gəlir belə,

Baxıram, görə bilmirəm.

Sehrləyib məni elə,

Bu səsə dözə bilmirəm.

 

Yoxdur onun bənzər-tayı,

Ovsunlayıb ulduz-Ayı,

Göydən gələn Tanrı payı,

Bu səsə dözə bilmirəm…

Oxuyur, Kimya oxuyur. Təbiətin ən ecazkar tablosunu yaradır gözlərimiz önündə: ucsuz-bucaqsız dəniz, bu dənizin şıltaq dalğaları, bu dalğaların döydüyü sahil, bu sahildə insanları qoynuna alan cəlbedici sahil bağı. Bu bağda dolaşan qəlb sirdaşları, barışmağa can atan küsülülər, baxışları ilə qovuşmaq anını gözləyən həsrətlilər – hamı Kimya xanımın oxuduğu «salona» yığışıbdır. Oxuyur, Kimya oxuyur:

Axşam düşür, şər qarışır,

Sahil bağı aşıb-daşır,

Hamı — küsənlər barışır,

Heç küsməyin yeridirmi…

Oxuduğu hər mahnının son zənguləsindən sonra qismətinə gur alqışlar düşür Kimya Babayevanın. Bir də bəxtinə ata-babalarımızdan, nənələrimizdən qalan ölməz xalq mahnılarını oxumaq düşübdür. El-obasının dağlarını sevir, düzlərinə vurğundur. Dağlarında, düzlərində çağlayan çaylar, inci sulu bulaqlar kimi bu obanın ceyranları da, cüyürləri də əzizdir ona. Hələ dərələr boyu qayalara sarı qaçışan, daşdan-daşa səkən xınalı kəklikləri demirəm. Hələ demirəm ki, «Kəkliyim» xalq mahnısını oxuyanda Kimya xanım heyrətdən dondurur hər kəsi:

Buxağında gəlinlərin yaşmağı,

Gözlərində gözəllərin gözü var.

Nədir belə nazlı-nazlı baxmağın,

Dayan, kəklik, sənə bircə sözüm var,

Aman kəklik, sənə bircə sözüm var!

«Oxuyur Kimya Babayeva!». 40 ildən çoxdur ki, səslənən bu elandan sonra Kimya xanım təkcə bizi öz məlahətli səsi ilə ovsunlamayıb. O, öz istedadı ilə bütün dinləyicilərini heyran edib. İlk dəfə səsi doğulub boya-başa çatdığı Şərur rayonunun Muğancıq Mehrab kəndində yaşayan Mustafa kişinin evində səslənib, ata-anasını sehrinə salıb. Sonra qonşular əsiri olub bu ecazkar səsin. Tez bir zamanda bu səsin sədası Şərur Rayon Mədəniyyət Şöbəsinə çatıb və az bir müddətdə muxtar respublikamızda, oradan isə Azərbaycanın mötəbər konsert salonlarında səslənib.

Dünya şöhrətli bəstəkarımız Üzeyir Hacıbəyovun 100 illik yubileyində «Leyli və Məcnun» operasında Leyli rolunun ifaçısı Kimya Babayeva haqqında bəstəkar Şəfiqə Axundova belə demişdir: «Nəzakət Məmmədova, Rübabə Muradova kimi sənətkarları gələcəkdə əvəz edəcək istedadlardan biri də Kimya Babayevadır…».

Şəfiqə Axundovanın uzaqgörənliklə dediyi bu sözləri Kimya xanım öz sənəti ilə doğrultdu, əvəz etdi məşhur xanəndələri. Ancaq nə edəsən ki, müğənnilərdən kiminin bəxtinə paytaxtlar və bu paytaxtlardakı çilçıraqlı konsert salonları düşür, kiminin bəxtinə isə kəndlər, qəsəbələr. Kimya xanım da Bakıda yaşayıb, geniş konsert zallarında çıxış edə bilərdi. Hələ neçə illər bundan əvvəl Bakı şəhərində Naxçıvan Mədəniyyəti günləri keçiriləndə dahi bəstəkar, SSRİ Xalq artisti Niyazi Kimya Babayevanın sənətini kimi yüksək qiymətləndirərək onu Filarmoniyada işləməyə dəvət edib. Doğma Şərurun təmiz havası, el-oba təəssübü, çalışdığı mədəniyyət evinin kollektivi, yaradıcılarından biri olduğu «Yallı» ansamblı onu şöhrət dalınca getməyə qoymadı. Lakin əməyi qiymətsiz də qalmadı. Xalq məhəbbətilə dövlət təltifləri üst-üstə düşdü. Əvvəlcə ona Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanı, sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adı verildi. 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar mədəniyyət işçisi kimi yüksək adla təltif olundu. Bu illər ərzində Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil aldı, Prezident mükafatçısı oldu. Dəfələrlə radio və televiziya ilə solo konsertləri olub, mətbuatda fəaliyyəti barədə maraqlı oçerklər, zarisovkalar dərc edilib.

Kimya Babayeva muxtar respublika səviyyəsində keçirilən bayram tədbirlərinin də aparıcısı və iştirakçısı olub. Gözəl mahnıları, bədii qiraətləri, «Şərur» Xalq teatrında yaratdığı obrazlar Kimya xanımı istedadlı mədəniyyət işçisi kimi tanıdıb.

Belə bir deyim də var ki, musiqi sərhəd tanımır, musiqinin dili yoxdur. Bu məşhur deyim təsdiqini Kimya xanımın yaradıcılığında da tapıb. Onun məlahətli ifası Macarıstanda, Polşada, Almaniyada, Türkiyədə dəfələrlə sürəkli alqışlarla qarşılanıb. Qonağı olduğu hər bir ölkədən medal və diplomlarla birgə, xoş xatirələr və yadigar şəkillərlə qayıdıb. Elə gözəl, elə məlahətli, elə kövrək oxuyur ki, bu səs hələ sovetlər dövründə tikanlı məftilləri yarıb lal axan Araz çayının üzərindən adlayaraq uzun illər həsrət qaldığımız doğma Təbrizədək yayılırdı.

Tikanlı məftillər söküldükdən sonra Cənubi Azərbaycana ilk səfər edənlər sırasında Kimya xanım da var idi. Onun avazında əzizlərinə, doğmalarına qovuşma sevinci səslənirdi:

Təbrizə yağış yağır,

Yağır çox ağır-ağır.

Təbrizə həsrətliydim,

Qovuşdum, Tanrım, axır.

                                     

Daha Günəş çıxıbdı,

Haqq nahaqqı yıxıbdı.

Təbriz məni anatək

Öz qoynuna sıxıbdı.

Türkiyə Respublikasının müxtəlif bölgələrində keçirilən bayram şənliklərində dəfələrlə iştirak edən Kimya xanım Odlar Yurdu Azərbaycanımızı tərənnüm edən nəğmələri, qəlbləri oxşayan xalq mahnılarını qanıbir-canıbir türk qardaş-bacılarına çatdırıb.

Kimya Babayevanın ömür-gün yoldaşı, Şərur şəhərindəki Bəhruz Kəngərli adına Uşaq İncəsənət məktəbinin muğam müəllimi Vahid Əliyevlə toy və şənliklərdə birgə oxuduqları duetlər həmişə rəğbətlə qarşılanardı, yeni mahnılar üzərində birgə çalışardılar. Amansız ölüm Vahid müəllimi həyatdan vaxtsız aparsa da, Kimya xanım onlara əziz olan mahnı və musiqiləri eyni ruhla yaşadır, Vahid müəllimin yoxluğunu hiss elətdirmir. Vahid Əliyevin «Sevgi payım» adlı şeirlər kitabı onun üçün çox əzizdir.

Şərur Rayon Mədəniyyət evində metodist vəzifəsində işləyən Kimya xanımın dostları və iş yoldaşları sarıdan da bəxti gətirib. Onun yaradıcılıq gecələrindən birini yaxşı xatırlayıram. Çal-çağırlı tədbirdə hamı sevinirdi. Şərur şəhər Mədəniyyət evinin müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Səttar Əhmədov, «Tərəqqi» medallı müəllim Sədaqət Quliyeva, digər sənət yoldaşları onun necə gözəl insan olmağından, öz işinə vurğunluğundan, qayğıkeşliyindən söz açır, xatirələr danışırdılar.

Kimya Babayeva «Şərur» Xalq teatrında E. Sultanovun «Sənəm» musiqili komediyasında Sənəm, M. F. Axundzadənin «Müsyo-Cordan və Dərviş Məstəli şah» əsərində Xanpəri, S. Rüstəmin «Çimnaz xanım yuxudadır» komediyasında Nabat xala kimi yaddaqalan surətlər yaradıb.

Uzun illər Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin şagirdlərinə musiqi dərslərini tədris edib, məktəbdə qızlardan ibarət rəqs ansamblı yaradıb, gənc istedadları üzə çıxarmaq üçün əlindən gələni əsirgəməyib.

Kimya xanım bu gün ən çətin və ən məsuliyyətli vəzifəni öhdəsinə götürüb. O  Şərur Xalq Yallı ansamblının direktorudur. Onun rəhbərliyi və təşəbbüsü ilə bu kollektiv unudulmaqda olan bir neçə qədim yallılarımıza yeni həyat verib və bu xoş ənənə davam etməkdədir.

«Oxuyur Kimya Babayeva!». Biz hələ bu elanı çox eşidəcəyik. Kimya xanımın ifasında «Dilkeş», «Segah» təsniflərini, «Azərbaycan, anam mənim» mahnısını, xalq mahnılarını hələ çox dinləyəcəyik. Və Konsert salonlarından, radio və televiziya efirlərindən səslənən «Oxuyur Kimya Babayeva» sədası  Günəşin nuru kimi qəlbimizə dolacaqdır.

                  İbrahim Yusifoğlu

şair-publisist, Prezident mükafatçısı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: