Oxumağın faydası, yaxud müdriklik mənbəyi
Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Heydər ƏLİYEV Azərbaycan xalqının ümummilli lideri
Oxumaq, öyrənmək və kəşf etmək insanın ən nadir qabiliyyətlərindəndir. Dahi Füzuli deyirdi ki: “Söz candır, əgər bilirsə insan, Söz vardır, deyərlər, özgədir can”. Bu mənada, söz mənadır, hikmətdir, dünyanın və yaradılışın sirridir. Oxumaq və öyrənmək də sözlərə hopmuş bu sirdən agah olmaq üçün insana verilən yeganə imkandır. Əbəs deyil ki müqəddəs dini kitabımız olan “Qurani-Kərim”də deyilir: “Oxu, yaradan Rəbbinin adı ilə oxu! O, insana qələmlə (yazmağı) öyrətdi”. “İslamda müdrik kəlamlar” kitabında isə deyilir: “Elm Çində də olsa, onun dalınca get. Beşikdən qəbir evinə qədər oxu!” Bəli, oxumaq, mütaliə etmək zəngin mənəvi dəyərlərə malik olan xalqımızın əsas əxlaqi göstəricisidir. Bu nöqteyi-nəzərdən insanlar öz təcrübələrini – biliklərini qoruyub-saxlamaq, hifz etmək və gələcək nəsillərə ötürmək, təbliğ və təlim etmək məqsədilə yazını və kitabı kəşf ediblər.
“Kitab bilik mənbəyidir” – deyənlər yanılmırlar. Kitab özündə informasiya yükü, təcrübə və biliklər toplayan mənəvi xəzinədir. Mütaliə isə bu mənəvi sərvəti öyrənmə və mənimsəmə vasitəsidir. Oxuduğumuz bədii ədəbiyyatlar, universal kitablar olan ensiklopediyalar, müəyyən sahələrə aid biliklərin əhatə olunduğu dərsliklər və sair məhz biliklərimizi və dünyagörüşümüzü zənginləşdirməyə xidmət edir. Seneka çox gözəl deyirdi ki, kitabsız yaşamaq kor, kar, dilsiz yaşamaqdır. Bu baxımdan bilik və məlumat dairəmizi genişləndirmək və inkişaf etdirmək üçün kitabların faydası çoxdur. Bu əhəmiyyətə görə dünya xalqları içərisində kitabxana yaradılması böyük maarifpərvərlik və mədəni inkişaf nümunəsi hesab edilib. Dünyada ən iri və qədim kitabxanalar İsgəndəriyyədə yerləşib. Makedoniyalı İsgəndər Azərbaycana hücumları zamanı da Azərbaycanın zəngin kitabxanalarını yağmalayaraq özü ilə aparıb. 12 min inək dərisi üzərində yazılan məşhur “Avesta” kitabını da məhz İsgəndər aparıb. Dünyanın ən qədim kitabxanalarından biri hesab edilən Selsus kitabxanası özündə 12 min qədim bağlama saxlayıb. Bu da maraqlıdır ki, dünyanın ilk kitabxanası türklərin ulu əcdadlarından hesab olunan şumerlərə aiddir. Hətta görkəmli tarixçi Semuel Kramer özünün “Tarix Şumerdən başlanır” adlı məşhur kitabında bu barədə yazır ki, “ilk kitabxana kataloqu”, “ilk kitabxana” , “ilk məktəblər”, hər şeyin ilki, yəni tarixin başlanğıcı şumerlərə məxsusdur.
Azərbaycanda da qədimdən zəngin kitabxanalar olub. Mənbələr də göstərir ki, ölkəmizdə ilk kitabxanalar ən erkən dövlət qurumlarının meydana gəldiyi dövrlərdə mövcud olub. XIX əsrin 40-cı illərindən başlayaraq Azərbaycanda yeni milli ictimai kitabxanalar, habelə bir çox görkəmli simaların şəxsi kitabxanaları meydana gəlməyə başlayıb. XIX əsrin ikinci yarısında isə Azərbaycanda ictimai-kütləvi kitabxanalar və qiraətxanalar meydana gəlib. Ümumiyyətlə, 1905-1907-ci illərdə Azərbaycan milli mədəniyyətinin inkişafı üçün çalışan ziyalılar həm də kitabxana və qiraətxanalar açmağa başlayıblar. Şərqdə ilk parlamentli, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə də kitabxanalara böyük qayğı ilə yanaşılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Mirzə Ələkbər Sabir adına Kitabxana və Bakı Dövlət Universitetinin kitabxanası yaradılıb.
Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmlər Azərbaycan xalqının maarifə, elmə, biliyə daha çox yol tutduğu zamanlardır. Dahi liderin uzaqgörən fəaliyyəti sayəsində Azərbaycanda kitabxana sistemləri yenidən qurulmuş, zənginləşdirilmiş və inkişaf etdirilmişdir. Müstəqilliyin əldə edilməsi ilə dahi lider Heydər Əliyev Azərbaycan xalqının dünyaya açılmasına, elm, bilik mütaliəsi sahəsində dünya xalqlarının ən əhəmiyyətli təcrübələri ilə yaxından tanış olmasına mühüm şərait yaradıb. Kitbxanaların elektronlaşdırılması da bu sahədə əldə edilən uğurlardan başlıcasıdır.
Kitabxanaların əhəmiyyətindən irəli gələrək elm, sənət və mədəniyyətin beşiyi olan Naxçıvanda da kitabxanalar həmişə mövcud olub. Bu gün informasiya bolluğu yaşanılan bir zamanda müasir dünyagörüşlü və savadlı insanların yetişdirilməsi ilə əlaqədar olkəmizin hər yerində yetərincə kütləvi və elektron kitabxanalar yaradılıb. Naxçıvan Muxtar Respublikasında da ən müasir oxu şəraiti olan kitabxanalar fəaliyyətə başlayıb. Naxçıvanda yaradılan elektron kitabxanalar da artıq yeni nəsillərin dünyagörüşü və savad dairəsinin artırılmasına uğurla xidmət göstərir. Rayonlarda, kəndlərdə belə kitabxanaların yaradılması aparıcı məsələ olub. Bunun nəticəsidir ki, hər bir yaşayış yerində həm kütləvi kitabxanalar, həm də məktəbdə şagirdlər üçün kitabxana müasir səviyyədə qurulub. Kitabxanalar dövlət qayğısı ilə yaradılan ən münbit mütaliə imkanlarının təzahürüdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə latın qrafikalı Azərbycan əlifbası ilə nəşr olunan kitablar da gələcək nəsillərə böyük qayğının təzahürü kimi razılıq doğurur.
Böyük Nizami – dünya ədəbiyyatının korifeyi, şeir ustadı mütaliənin əhəmiyyətini qeyd edərək yazırdı:
Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
Bilik öyrənməyi ar bilən hər kəs,
Dünyada mərifət qazana bilməz.
Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı oxunması zəruri olan kitablar haqqındakı sərəncam mühüm əhəmiyyətə malikdir. Çoxsaylı ziyalıların razılıqla qarşıladığı sərəncam özündə topladığı Azərbaycan və dünya ədəbiyyatı seriyasından olan kitablarla gənc nəsillərin vətənpərvər ruhda, milli dəyərlərə və soykökə bağlı böyüməsi, əhatəli dünyagörüşə və əxlaqi-mənəvi zənginliyə malik olmasında müstəsna stimullaşdırıcı rola malikdir. Bu sərəncamın gənc nəsillərin mənəvi tərbiyəsi və dünyagörüşünün formalaşmasına töhfə verəcəyinə hər birimiz əminik. Çünki burada yer alan əsərlərin hər biri özündə zəngin əxlaqi-mənəvi məziyyət, geniş dünyagörüşü, vətənə məhəbbət hissləri ehtiva edir.
Məşhur fateh Makedoniyalı İsgəndər deyirdi: “Başqalarından öz qüdrətinlə üstün olmaqdansa, biliyinlə üstün olmaq məsləhətdir”. Bunun üçünsə nə qədər zaman darısqallığı olsa da, yenə də oxumaq, mütaliə etmək lazımdır.
Ramiz Qasımov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent