Ovannisyanın sayıqlamaları və Tomrisin qan tuluğu…

968

Məşhur bir ifadə var: “Mənə fakt göstər, qarşında papağımı çıxarım”.  Haradasa, bir həftə əvvəl Naxçıvan televiziyası və NUHÇIXAN İnformasiya Agentliyi olaraq müştərək bir xəbər paylaşdıq. Məzmunla çoxunuz artıq tanışsınız: Əlahiddə Ümumqoşun Ordunun uğurlu əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi  düşməndən geri alındı. 1992-ci ildən işğal altında olan ərazilərdə yenidən Azərbaycan əsgərinin postları quruldu və düşmənin strateji əhəmiyyətli nöqtəsi, yolu, kəndi və yüksəklikləri atəş məsafəsinə qədər qısaldıldı…

Doğurdan da sevindirici xəbər idi. İlk dəfə olaraq bu xəbəri yaymaq bizim üçün lap sevindirici idi. Axı neçə illərdir ki, qələbə xəbərlərini gözləyən tamaşaçını, oxucunu sevindirmək az iş deyil! Amma bizə maraqlı gələn bu xəbərdən sonra  düşmən Ermənistan və oradakılar  kimi düşünən yerli “ermənilərin” reaksiyaları oldu. Ömür boyu istər siyasi, istərsə də digər arenalarda təkbətək  “döyüşdə”  məğlubiyyəti özlərinə adət edənlər bu qələbədən sevinmək, Azərbaycan əsgərinin zəfərini qeyd etmək yerinə, gah riyaziyyatçı, gah filosof, gah da şoumen kimi lağlağı, istehzalı yanaşmaları  ilə çox təəssüf ki bu uğura kölgə salmaq istədilər. Kimi rəqəmi əlində rəhbər tutdu (11 min hektarı, deyəsən 11 min km başa düşmüşdülər),  kimi də neytral ərazidən, nə bilim döyüşsüz torpağın alınmasının mümkünsüzlüyünü filosofcasına sübut eləməyə çalışdı. Hətta Avropanın nağıllarına inanıb onun qoltuğuna (quyruğuna) sığınanlar bu zəfəri “nağıl” adlandırdılar. (Müharibə dövrünə aid bir kitabda əsir düşərgəsində vətənpərvər insanları satanları “bir kasa balandaya (horraya) qulluq edən” adlandırırdılar. Bu adamlar o ifadəni xatırlatdı).

Ötən gün yenidən Naxçıvan televiziyası düşmən əsarətindən geri alınan torpaqlarımızla, orada möhkəmlənən postlar, qurulan istehkamlar, mərmilər altında  çəkilən yollar  və nəhayət ən yüksək zirvədə dalğalanan bayraqla bağlı kadrlar yayımladı, zəfər ruhlu bir veriliş geniş ictimaiyyətə təqdim edildi. Bu videoreportaj Müdafiə nazirliyimizin də saytında yerləşdirildikdən sonra hamı əsl həqiqətin nə və necə olduğunu aydın faktlarla gördü. Əsgərimizin və ordumuzun qüdrətinə inandı, onun gücünün şahidi oldu. Amma bu dəfə nədənsə lağlağı, deyib-gülən “sırğalı” oğlanlar və “mamılı-matan” xanımlar  nə efirdə, nə də sosial şəbəkələrdə görünmədi.  Naxçıvanlılar demiş, deyəsən  saqqızları … düşdü.

Maraqlı məqamlardan biri də Ermənistan  müdafiə naziriliyinin mətbuat yengəsi Artsrun Ovannisyanın öz daxili auditoriyasına hesablanan ənənəvi sayıqlamaları oldu. O, Naxçıvanda strateji yüksəkliklərə nəzarətin Azərbaycan əsgəri tərəfindən ələ keçirilməsi ilə bağlı suala Naxçıvanın dağlarında qoyun otaran çobanları bundan sonra narahat edəcəklərini deməklə cavab verdi. Azərbaycan əsgərinin bu uğurundan əslində başını itirən Ermənistan Müdafiə Nazirliyi təsəlli üçün dağdakı çobanlara ümid edir. Halbuki, efirə gedən verilişdə də Ermənistanın nəinki əsgərləri, postları, hətta taxıl zəmiləri, meyvə bağları, həyətyanı sahələri belə Azərbaycan əsgərinin avtomatdan açdığı atəşin məhvedici uçuş  məsafəsində yerləşdiyi qeyd edilir. O da vurğulanır ki, bizim ordunun əsgəri Tanrının göndərdiyi nemətə heç vaxt güllə atmaz. Amma ermənilər uzun illərdir ki, Qarabağ ərazisində yetişən taxıl zəmilərini yandırır,  tarlada işləyən insanları, həyətdə oynayan körpələri  atəşə tutub qətlə yetirməkdən çəkinmirlər. Bu işin humanist tərəfi. Digər, daha sərt – hərbi cavaba gəldikdə isə Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun verdiyi cavab aydındır.  Cənab nazir konkret və əsl müdafiə nazirinə xas şəkildə bildirib:  “Bizim məqsədimiz ordunu müharibəyə hazırlamaqdır. Siyasi danışıqlar bizim işimiz deyil. Bu gün Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi azad etməyə qadirdir”.

Necə deyərlər, “korkorgörgör”..

Ermənistan Müdafiə Nazirliyinin daha bir gülməli və eyni zamanda zavallı açıqlaması isə   Sədərək rayonu ərazisindəki şərab zavodunun geri alınması ilə bağlıdır. Naxçıvan televiziyasının əməkdaşlarının bu zavodun son vəziyyəti ilə bağlı real faktları açıq-aydın ortaya qoyması, onu tam nəzarətə götürməsi ilə bağlı hazırladığı videomaterial da şərab çəlləyinə bənzəyən Artsrun Ovannisyanı açıq-aydın narahat edib. Yoxsa səriştəsizcəsinə şərab zavodunun ordumuzun əsgərləri tərəfindən azad edilməsini təkzib edərək:  “Qoy azərbaycanlılar orda şərab istehsal etsinlər və doyunca içib keflənsinlər”- cavabını verməzdi.

Artsrun Ovannisyanna xatırladıram ki, eradan əvvəl elə indiki şərab zavodunun yaxınlığındakı Araz çayının sahilində baş verən döyüşdə türk hökmdarı, kişi qətiyyətli Tomris döyüşdə məğlub etdiyi qaniçən işğalçı  hökmdarın başını kəsib qanla dolu tuluğun içərisinə salmış və demişdi:  “Sən qan içmək istəyirdin. İndi doyunca iç!”.

Düşmən əmin olsun ki, gün gələcək biz o zavodu da tikib – quracaq, bütün işğaldakı torpaqları azad edəcəyik. Xocalıda südəmər körpələri qətl edənlərin başı da o zaman şərab və qan tuluğuna salınacaq…

 Səməd Canbaxşiyev

 NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: