Ordumuzun hərtərəfli təminatı diqqət mərkəzindədir

185

Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ordu, birləşmə və hissələrdə müasir standartlar səviyyəsində, milli memarlıq üslubunda əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksləri, Təlim-Tədris Mərkəzləri, Qərargah binaları, xəstəxanalar tikilib, sıra meydanı, idman şəhərcikləri salınıb.

Həyata keçirilən tədbirlər dislokasiya yerləri daimi yaşayış məntəqələri olan hərbi hissələrlə bərabər ön xətdə yerləşən hissə və bölmələri də əhatə edir. Hətta hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu “Günnüt əməliyyatı” nəticəsində işğaldan azad edilmiş yeni mövqelərdə qısa zaman kəsiyində inşa olunan əsgəri-məişət kompleksləri ön xətdə xidmətin rahat və etibarlı təşkilinə müsbət təsir göstərir. Binalarda əsgər və zabitlər üçün yataq yerləri və digər xidməti otaqlar, mətbəx, yeməkxana, əşya və ərzaq anbarları var. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, telefon, daimi işıq və istilik sistemi ilə təchiz edilib.

Oktyabrın 8-də Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissəsinin istifadəyə verilməsi muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlərin məntiqi davamıdır. Yeni hərbi hissədə ikimərtəbəli texniki nəzarət məntəqəsi və qarovul evi, 160 yerlik 80 texnika saxlancı, texniki qulluq və təmir, yanacaqdoldurma, eləcə də gündəlik texniki xidmət məntəqələri yaradılıb. Burada hərbi texnika və avtomobillərin saxlanması, təlimata uyğun istifadə və istismarı, eləcə də qarovul xidmətinin düzgün təşkili üçün hərtərəfli şərait yaradılıb.

Ordumuzun hərtərəfli təminata, ən müasir silah-sursata və yenilməz, qətiyyətli, peşəkar şəxsi heyətə malik olması günümüzün reallığıdır. Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində xidmət edən hərbi qulluqçularımızın yüksək nizam-intizama və döyüş qabiliyyətinə malik olması xalq-ordu birliyi nəticəsində yaradılan nümunəvi xidməti şəraitin və hərbi xidmətin düzgün təşkilinin nəticəsidir. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması nəticəsində məğlubedilməzliyi və qələbə əzmi daha da artan Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvanımızın müdafiəsində cəsarətlə dayanır, müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir.

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: