Ordubad şaftalısı

330

Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə bitkiləri geniş inkişaf etmişdir. Ordubad Naxçıvanın əsas meyvəçilik zonası hesab edilir. Çəyirdəkli meyvələr içərisində şaftalı Ordubadda ən çox yayılmış bitkidir. Ordubadlılar hələ çox qədim zamanlardan bu bitkinin becərilməsinə başlamışlar. Hələ sovetlər dönəmində başqa quru meyvələrlə yanaşı şaftalının quru meyvələri də Zaqafqaziyanın və Rusiyanın bir çox guşələrinə aparılıb satılırdı. Qədim təbiətşünalar, tarixçilər, şairlər, ədiblər öz əsərlərində Ordubad meyvələrinin ətirliliyi, dadlılığı ilə insanı heyran etdiyini qeyd etmişlər. 1314-cü ildə Tehranda nəşr edilmiş “Tarixi-aləm-Arayi-əbbasi” adlı kitabda Ordubad meyvə bağlarının, onun meyvələrinin, o cümlədən şaftalının dünyada məşhur olduğu göstərilmişdir. Avropa səyyahı Şopen yazırdı: “Ordubad çay dərəsinin səfalı yamaclarında yerləşmişdir. Şəhər əhalisinin əsas məşğuliyyəti bağçılıqdır. Geniş meyvə başları hər tərəfdən şəhəri əhatə edir. Ordubadın meyvələri bütün Orta Şərqdə şöhrət tapmışdır. Albuxarası, şaftalısı, əriyi, heyvası, qozu əladır”.

Yaxud Xanəvi XIII əsrdə Ordubada səyahət etdikdən sonra yazmışdır: “Mən Ordubadda gördüyüm bağlar qədər bağ heç bir yerdə görməmişəm. Şaftalısı məni daha çox valeh etdi”. XIII əsrdə fars dilində yazılmış “Əcayibən dünya” adlı coğrafiya əsərində qeyd edir ki, Ordubadda çoxlu bağlar olmuşdur və bu bağlarda dadlı, lətif şaftalı yetişdirilmişdir.

1562-ci ildə Ordubada səyahət edən İngilis səyyahı Antona Cenkinson yazır: “Mən Ordubadda gözəl bağlar, ətirli iri şaftalı gördüm ki, buna heç yerdə rast gəlməmişəm. Ordubad gözəl meyvə bağları ilə diqqəti cəlb edir”.

1703-cü ildə Hollandiya səyyahı Lebuyunu yazıb: “Ordubadın hər yeri zahiri görünüşü ilə olduqca gözəl və diqqətəlayiqdir. Burada olan bağların gözəl meyvəsi isə ətirli, lətif, şirindir”. İ.P.Pollov 1896-cı ildə Tiflisdə nəşr edilmiş “Yerevan quberniyasının meyvələri” adlı oçerkində qeyd etmişdir ki, Ordubadın başqa meyvələri ilə yanaşı iri şaftalısı (salami, tərəlli, şərəlli) dünyada tanınmışdır. Akademik İ.İ.Vavilov Ordubadda olarkən Ordubadın sulu dərələrini “cənnət vadiləri” adlandırmış və burada becərilən şaftalı sortları onun xüsusilə diqqətini cəlb etmişdir. Ordubad şaftalısı çox iri və ətirli olur. Salami və tərəlli sortunun meyvəsini yeyən hər bir adan ömrü boyu onun dadını unutmur. Ordubad şaftalısı Zaqafqaziyada ən yaxşı şaftalı hesab edilir.

1861-ci ildə ABŞ-da beynəlxalq meyvəçilik sərgisi açılmışdı. Həmin sərgidə Ordubad şaftalısı yüksək qiymət almışdır. XX əsrin əvvəllərində Berlində keçirilmiş beynəlxalq meyvəçilik sərgisində Ordubad şaftalısı mükafata layiq görülmüşdür. 1961-ci ildə İtaliyanın Fronze şəhərində təşkil edilmiş dünya kolleksiyasına Ordubad şaftalısının əriyin hər birinin iki sortu göndərilmişdir: Ağ nazlı, narıncı, yarma zəfəranı, ağ alanayı, novrəst salami, Ordubad hulusu, payızı salami, alanayı, ağ güştü, payız güstüsü, əriyin ağ təbərzə, abutalibi sortlarının mükafata layiq olması 1962-ci ildə İtaliyanın Fronze şəhərindən alınmış məktubda qeyd edilmişdir.

Ordubad şaftalısı 1939-cu ildə, 1953,1954,1955-ci illərdə Ümumittifaq kənd təsərrüfatı sərgisində, 1961-1962-ci illərdə Ümumittifaq xalq nailiyyətləri sərgisində yüksək qiymətə layiq görülmüşdür. Şaftalı qiymətli meyvə bitkisidir. Ordubad şəraitində mayın 25-dən başlayaraq noyabrın 25-nə qədər meyvəsinin yetişməsi davam edir. Belə bir uzun müddət meyvəsinin olması onun sortlarının inkişaf etdirilməsinə imkan verir. Bu qiymətli bitkinin ömrü azdır. Yaxşı qulluq edildikdə 15-20 il yaşayıb məhsul verir. Ordubadda salami sortunun 40 illik ağaclarına da təsadüf edilir. Ən tez, birinci, ikinci ili meyvə verir. Bir meyvəsi 40 qramdan 900 qrama çatır. Meyvəsinin tərkibində 14,5 faizədək şəkər, 1,1 faiz turşu və sair maddələr vardır.

Əbdül HAŞIMOV

Bağban

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: