Ordubad şəhəri bu gün

354

Qədim Ordubad maraqlı, eyni zamanda sirli aurası ilə bu gün də bura yolu düşən hər kəsi heyrətləndirir. Şəhər o qədər ecazkardır ki, hər dəfə burada olanda yeni bir aləmlə qarşılaşırsan. Elə bütün bunlara görə Ordubad şəhəri 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qoruq şəhər elan olunmuş, dahi rəhbərimiz 1980-ci ildə Ordubadda olarkən buranı “Azərbaycanın incisi” adlandırılmışdır. Son 23 ildə isə bu qədim şəhər özünün intibah illərini yaşayır. Bu illər ərzində qədimiliklə müasirliyin vəhdət təşkil etdiyi Ordubad şəhəri yenidən qurulub. Şəhərdə təkcə 2700 metr uzunluğunda olan Heydər Əliyev prospekti ilə irəlilədikcə sanki sirli bir aləmlə qarşılaşırsan. Prospektin sağ və solunda yerləşən möhtəşəm “Cümə” məscidi, XVII əsr tarixi-memarlıq abidəsi olan “Qeysəriyyə” binası, XIV əsr abidəsi olan “Buzxana”, “Təkeşiyi” məscidi kimi qədim milli memarlıq abidələrimizə yenidən öz əvvəlki görkəmi saxlanılmaqla yeni həyat bəxş edilməsi, inşa olunan onlarla binalar şəhərin daha da gözəl və yaraşıqlı olmasına səbəb olub. Bu prospektdəki park və xiyabanlardakı, səki kənarlarındakı yaşıllıqlar göz oxşayır. Həm həmişəyaşıl, həm meyvə ağaclarının, həm də gülkarlıqların mövcud olduğu ərazilər insanda xoş ovqat yaradır. Özü də prospektin hər qarışının diqqət və qayğı ilə əhatə olunması, səliqə və sahmana xüsusi diqqət yetirilməsi diqqəti daha çox cəlb edir. Bir vaxtlar uçuq və söküntülü ərazidən ibarət olan sözügedən prospektdəki mənzərə buralara çoxlu zəhmətin çəkildiyini göstərir. Bir neçə gün bundan qabaq prospekt ərazisində yeni Rabitə Evinin inşa olunması və ətrafında gülkarlıqların salınması Heydər Əliyev prospektinə əlavə gözəllik bəxş edib. Hazırda isə prospekt ərazisində Ordubad Rayon İcra Hakimiyyəti üçün mövcud olan inzibati binada əsaslı surətdə yenidənqurma işləri aparılır. Bu bina da istifadəyə verildikdən sonra Ordubadımız daha da gözəlləşəcək.

Onu da qeyd edək ki, Ordubad şəhərinin digər küçə və məhəllələri də öz səliqə-sahmanı ilə göz oxşayır. Son illər şəhərin Yusif Məmmədəliyev küçəsi və həmin küçədə yerləşən akademik Yusif Məmmədəliyevin ev-muzeyi, Mingis küçəsi və həmin küçədə yerləşən Məmməd Səid Ordubadinin və Məhəmməd Tağı Sidqinin ev-muzeyləri, Mənsur Ağa və Səməd Vurğun küçələri, bu küçələrdəki Ordubad şəhər icra nümayəndəliyi və Ordubad Texniki Peşə və Sürücülük Məktəbi binaları, son illər əsaslı surətdə təmir-bərpa olunan 30-a yaxın çeşmə-bulaqlarımız dövlətimizin bu qədim və həmişəcavan yurd yerinə nə qədər diqqət yetirdiyini təsdiqləyir.

Bir sözlə, vaxtilə zülmətə qərq olmuş qədim yaşayış yerinin yerində müasir və olduqca gözəl Ordubad şəhəri sakinlərə öz gözəl görkəmi və səliqə-sahmanı ilə yüksək ovqat bəxş edir.

Abbas Hüseynoğlu

“El həyatı” qəzeti 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: