Ömrünü xalqına həsr edən dahi insan

133

Ümummilli lider Heydər Əliyev xalqımız tərəfindən hər zaman böyük qürurla yad edilən və bütün zamanların ən böyük azərbaycanlısı hesab olunan və milli dövlətçiliyinin banisidir. Dahi şəxsiyyətin keçdiyi həyat yolu hər bir azərbaycanlı üçün böyük bir vətəndaşlıq məktəbidir.

Azərbaycan xalqının milli dövlətçilik tarixində mövcud olan görkəmli dövlət xadimləri və şəxsiyyətlər arasında Heydər Əliyevin özünəməxsus yeri və mövqeyi var. Dahi rəhbərin bütün amalı, həyat və fəaliyyət məqsədi Azərbaycan xalqının milli müstəqilliyi, onun xoşbəxtliyi və firavanlığı yolunda çalışmaq olub.

Ulu öndər Heydər Əliyev məhz məqsədyönlü fəaliyyəti və mübarizəsi nəticəsində Azərbaycan xalqına sarsılmaz müstəqillik, suveren dövlət bəxş edib, xalqının tarixinə öz adını qızıl hərflərlə yazıb. Ulu öndər Heydər Əliyevin hələ Azərbaycanın müxtəlif dönəmlərdə ayrı-ayrı dövlət orqanlarında işlədiyi vaxtlarda Azərbaycan xalqının tarixi taleyi və ərazi bütövlüyü uğrunda göstərdiyi fəaliyyət böyük vətəndaşlıq örnəyi kimi yeni nəsillərə nümunədir.

1969-cu ildən siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin xidmətləri sırasında Azərbaycan xalqının milli dəyərlərinin özünə qaytarılması, folklorunun, ədəbiyyat və mədəniyyətinin, milli tarixinin araşdırılması və təbliği başlıca yer təşkil edir. Görkəmli dövlət xadiminin məhz uzaqgörən siyasəti və məqsədyönlü tədbirləri sayəsində Azərbaycan xalqının milli dili ilk dəfə Konstitusiyaya xüsusi maddə ilə salınaraq vətəndaşlıq hüququnu alıb. Məhz bu dövrdə dahi rəhbərin qayğısı və xüsusi diqqəti ilə ana dilində olan dərsliklərin və dərs vəsaitlərinin nəşrinə nail olunub.

Həmin vaxtlar ölkədə sovetləşmənin güclü bir missiya təşkil etdiyi zamanda Azərbaycanda milliləşmə aparılması və milli kadr hazırlığını təmin etmə məsələsi də məhz ümummilli liderimiz tərəfindən böyük məharət və ustalıqla həll edilib. Azərbaycanda bu dövrdə milli ordu quruculuğunun təməli qoyulmuş, onun ilk zəmini hazırlanmış, yüksək ixtisaslı milli hərbi kadrların hazırlanması istiqamətində böyük nailiyyətlər əldə edilmişdi. Kənd təsərrüfatı ölkəsi kimi tanınan Azərbaycanın da  əsl iqtisadi dirçəlişi, aqrar ölkədən sənaye ölkəsinə çevrilməsi kimi yüksək inkişaf nailiyyətləri də məhz ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi idi. Milli oyanış, özünəqayıdış və istiqlal düşüncəsi mühitinin yaranmasında da Heydər Əliyev şəxsiyyəti və uzaqgörənliyinin nəticəsi idi. Dahi liderin ədəbiyyata, ədəbiyyat adamlarına olan qayğısı yazıçıların, mədəniyyət adamlarının milli mövzulu məsələlərə əhəmiyyətlə yanaşmasına münbit şərait yaratdı. Şair və yazıçılara həm ən yüksək mükafat və adların verilməsi də, onların Sovet totalitar maşınının təzyiq və təqiblərindən xilas olunmasında da ulu öndərimizin böyük rəhbərlik qayğısı xüsusi rol oynayırdı. Ümumiyyətlə, ötən əsrin 70-ci illərində dahi rəhbərin hərtərəfli, düşünülmüş fəaliyyəti sayəsində bugünkü müstəqilliyə zəmin hazırlamışdır. Məhz bu mənada da Azərbaycanın ən yeni tarixi ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

1990-cı illərin ən ağır günlərində xalqının yanında olmaq üçün Azərbaycana qayıdan ulu öndərimizi o vaxtkı rəhbərlik qəbul etməkdən imtina etdi. Dahi lider blokadaya salınıb düşmənlə döyüşən və hər cür bəlarara qarşı mətanətlə sinə gərən Naxçıvana üz tutdu. Bu böyük şəxsiyyətin Naxçıvana gəlişi muxtar respublika əhalisi tərəfindən sevinc və doğmalıqla qarşılandı.

…1993-cü ildə daha səbri tükənmiş, bəla girdabında usanmış xalq yekdilliklə “Heydər baba, bizi xilas et!” nidası ilə üzünü Naxçıvana tutmuşdu. 91 nəfər görkəmli ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı müraciət isə bütövlükdə ümumxalq müraciəti idi. Ölkənin parçalanmaq, dövlətçiliyin məhv olmaq, torpaqların itirilmək təhlükəsi qarşısında dahi rəhbərin hakimiyyətə qayıtması xalqın təkidli tələbi idi. Bu baxımdan müdrik liderin 15 iyunda Bakıya – Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Böyük Qayıdış olmaqla Azərbaycan tarixinin qızıl səhifələrindən biri oldu. Məhz bu əvəzolunmaz şəxsiyyətin fəaliyyəti sayəsində Azərbaycan xalqı milli azadlıq və dövlət müstəqilliyinə nail oldu. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan xalqı milli dövlətçiliyinin və müstəqilliyinin möhkəmləndirilməsinə, atəşkəsə nail olmuş, torpaqlarımız işğaldan, yenidən əsarətə alınmaqdan xilas olunmuşdur.

Azərbaycan xalqının tarixi taleyi qarşısındakı əvəzsiz xidmətləri ulu öndər Heydər Əliyevin adını milli tariximizə böyük xilaskar olaraq qızıl hərflərlə yazmışdır. Ali Məclisin Sədri hörmətli Vasif Talıbovun dediyi kimi: Azərbaycanı canı qədər sevən, ürəyi daim öz xalqının  səadəti və xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil görmək istəyən, yeri gələrsə, vətəninin, xalqının yolunda həyatını qurban verməyə hazır olan bu dahi insanın ömrünün hər anı nəsillərə örnək olacaq canlı salnamə, vətənpərvərlik və zəngin dövlətçilik tarixidir. …Bu gün dünyanın istənilən ölkəsində Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbycan başa düşülür. Nə üçün? Ona görə ki, ulu öndər Heydər Əliyev qədər öz həyatını Azərbaycana həsr edən, Azərbaycançılıq uğrunda, dövlətimizin müstəqilliyi yolunda canından keçməyə hazır olan ikinci bir dövlət xadimi, şəxsiyyət yoxdur”.

Mənalı ömrünü bütün varlığı, canı və qanı qədər sevdiyi Azərbaycan üçün həsr edən ulu öndərimizin xidmətləri, müəyyənləşdirdiyi milli siyasət və inkişaf strategiyası bu gün ölkəmizin qüdrət və güc təməlində dayanır. “Heydər Əliyev-Azərbaycan” qoşalığı məhz müstəqillik illərində müdrik liderin həyata keçirdiyi misilsiz işlərin və böyük məhəbbətin nəticəsidir.

Bu gün dünyada 50 milyondan çox azərbaycanlının bir vətəni Azərbaycan olduğu kimi, yeganə və əbədiyaşar lideri də məhz Heydər Əliyevdir. Azərbaycanın dünyada tanınması, nüfuzlu və etibarlı tərəfdaş kimi etimad göstərilməsi, böyük siyasi arena və təşkilatlardan səsinin gəlməsi məhz Heydər Əliyev müdrikliyinin uğuru və nəticəsidir.

Bu gün davam və inkişaf  etdirilən Heydər Əliyev siyasi kursunun nəticəsində Azərbaycan bütün bölgələrilə yeni inkişaf yolu keçir, yenidənqurma, abadlıq və quruculuq tədbirlərilə Azərbaycan xalqına xoşbəxt yaşayış, rifah bəxş edir. Ulu öndərimizin layiqli varisi olan Prezident cənab İlham Əliyevin məhz dahi Heydər Əliyev siyasi kursunu inkişaf etdirməsi nəticəsində Azərbaycan dünyada öz layiqli yerini tutmuş, etibarlı tərəfdaş olaraq tanınmış və xarici siyasətdə böyük uğurlar əldə etmişdir.

Naxçıvan Muxtar Respublikasında da öz təcəssümünü tapan müasirlik və yenidənqurma tədbirləri Heydər Əliyev siyasi kursunun müdriklik, uzaqgörənlik və konstruktivlik mahiyyətini uğurla təcəssüm etdirir. Aparılan yenidənqurma və quruculuq tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikasının qazandığı bugünkü nailiyyətlər məhz dahi liderin muxtar respublika haqqında düşüncə və arzularının uğurla yerinə yetirilməsinin göstəriciləri kimi razılıq doğurur. Hər bir Azərbaycan vətəndaşı kimi muxtar respublika sakinləri də onlara yaradılan rahat yaşayış şəraiti, firavan həyat üçün müdrik liderin quruculuq xətti və siyasi kursuna minnətdarlıqla yanaşır, öz sədaqətlərini daim ifadə edirlər. Nadir şəxsiyyət və siyasət adamı olan ulu öndərimizin adı ilə müəyyənləşmiş siyasi məktəbin uğurla davam etdirilməsi Azərbaycan xalqını yeni nailiyyətlərə, misilsiz uğurlara çatdırır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev adı ilə, əməlləri ilə əbədi yaşayan şəxsiyyətdir. Azərbaycanın hər qarışında onun əzmi ilə yaranan müstəqillik qüdrəti və Azərbaycan üçün həyata keçirilən misilsiz işlər dahi liderin adına əbədiyaşarlıq qazandırır. Buna görə də: “Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!”

 

Ramiz Qasımov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: