Ordubad mürəbbələrinə tələbat artır

348

Bağlar diyarı adlanan Ordubad rayonunun meyvə və tərəvəzi də özünəməxsusluğu ilə seçilir. Bu məhsullar nəinki Azərbaycanda, dünyanın müxtəlif ölkələrində də öz adı ilə məşhurdur. Keçmiş zamanlarda bu gözəl yurd yerinə yolu düşən səyyahlar da xatirələrində bu meyvələr haqqında dəfələrlə bəhs edib, yetişdirilən meyvələrin özünəməxsusluğundan danışıblar.

Belə gözəl məhsulların konservləşdirilərək ölkəmizin müxtəlif guşələrində tanıdılması böyük əhəmiyyət kəsb edir. Dövlət dəstəyi hesabına istehsal müəssisəsi yaradan sahibkarlardan biri də  Ordubad şəhər sakini Hüseyn Fərzəliyevdir. Bugünkü fəaliyyətində Ordubad təbiətinin özünəməxsusluğunu əsas götürən sahibkar rəhbərlik etdiyi “FH oğulları” Məhdud Məsuliyyətli Cəmiyyətində Ordubad mürəbbələrinin istehsalı ilə məşğuldur. Müəssisə 2008-ci il tarixdə təsis edilib, 2009-cu ildən fəaliyyətə başlayıb. Burada çalışanların sayı mövsümi olaraq 5-10 nəfər arası dəyişir. Ordubad şəhərində 1000 kvadratmetr ərazidə yerləşən cəmiyyətin istehsal gücünü aylıq 10 ton mürəbbə və cem təşkil edir. Cəmiyyət muxtar respublikada yetişən meyvə-tərəvəz və bostan məhsullarından müxtəlif mürəbbə və cemlərin hazırlanması üzrə ixtisaslaşıb. Sahibkar ötən müddət ərzində bir neçə dəfə güzəştli kreditlərdən yararlanaraq istehsal üçün zəruri şəraitin yaradılmasına nail olub. Müəssisədə hazırda 15 çeşiddə (ərik, tut, badımcan, gilas, qızılgül, albuxara, cəviz, çiyələk, böyürtkən və sair) mürəbbə, cem və təbii bal istehsal olunur. Mürəbbələr 270 qramlıq, 4 və 6 ədəddən ibarət qutularda hədiyyəlik hazırlanır. Onlar tələbata görə 250 və 650 qram, 1 kiloqram 200 qram və 2 kiloqram 400 qram çəkilərdə qablaşdırılır. Məhsulların təzə qalması üçün irihəcmli 2 soyuducudan istifadə olunur. Cəmiyyətdə istehsal olunan məhsullar uyğunluq və gigiyenik sertifikatları ilə təmin olunub.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 24 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Hüseyn Fərzəliyev “Tərəqqi” medalı ilə təltif edilib.

Muxtar respublikamızda sahibkarlığa göstərilən diqqət və qayğı sayəsində haqqında bəhs olunan istehsal subyekti artıq daxili bazardakı rəqabətə davamlılıqda özünü təsdiq edib. İnanırıq ki, dadlı Ordubad mürəbbələri, sokları, cemləri, konsentratları qısa müddətdə xarici bazarda da öz layiqli yerini tutacaq, qədim diyarın bir zamanlar məşhur olan meyvələrin şöhrətinin bərpa olunmasına öz töhfəsini verəcək. Bütün bunlar Ordubad rayonunun tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir.

 

 Güntac Şahməmmədli

“El həyatı” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: