“Nuhçıxan” ilin ən fəal xəbər saytı seçildi
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının ilk rəsmi informasiya agentliyi olan “Nuhçıxan ” ilin ən fəal xəbər saytı seçilib. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə sosial şəbəkələrdə aparılan səsvermənin nəticələrinə görə sayt muxtar respublikada fəaliyyət göstərən ona qədər xəbər saytının arasından seçilib.
Naxçıvan şəhərindəki “Duzdağ” otelində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin təltifolunma mərasimində “Nuhçıxan”ın kollektivi də bu münasibətlə mükafatlandırılıb.
Qeyd edək ki, muxtar respublikanın ilk informasiya agentliyi olan “Nuhçıxan” İnformasiya Agentliyi bu ilin may ayından fəaliyyət göstərir. Agentlik ölkə, eləcə də muxtar respublika ilə bağlı ən mühüm hadisələr haqqında informasiyaları dolğun və operativ şəkildə ictimaiyyətə çatdırır. Fəaliyyəti müddətində saytda 10 mindən çox xəbər yayımlanıb.