Nuh diyarı Naxçıvan

221

Naxçıvanımızın gözəllikləri, tarixi abidələri və qədim tarixini tərənnüm edən şairlərdən biri də Muxtar Qasımzadədir. NUHÇIXAN şairin bir neçə şeirini izləyicilərinə təqdim edir:

 

Yaddaş çırağı

Atam abidələr,

Anam türbələr.

Qardaşım qalalar,

 Bacımın qübbələr.

Mavi minarələr

 pak meracımdır.

 O, gəlin qayalar,

 O, Kül təpərlər.

O, gümüş zağalar,

şəkil təpərlər.

O, yazı daşları,

Carçı daşları.

mənim alın yazım,

taxdım, tacımdır!

Yanar  meteortək

Alışar onlar.

Dili var , dindirsən

danışar onlar.

 Ta ki dünəninə

dönməyi bacar.

Sən onu ürəkdən

sevməyi bacar.

Oxu  tarixini,

oxu maraqla.

 Vətən torpağıdır

Kitabın, bala,

 varaqla, varaqla,

onu varaqla…

 

    Naxçıvanımın

Canım, gözüm, torpağım,

Laylam, nəğməm, beşiyim.

Yurdum, yuvam, ocağım,

salam, evim-eşiyim.

Haçadağ kürsüm olsun,

İlqarından  söz deyim

Atam Naxçıvanımın,

Anam Naxçıvanımın.

Tarix vüqar gətirib,

Nuhdan xəbər gətirib

çatıb müdrik yaşına.

Günəşimdir, Yer kimi

Mən dolanım başına,

dönüm Naxçıvanımın,

Anam Naxçıvanımın.

Naxçıvanqala haqqında ballada

Xan Arazın sahilində

 bir qala var-

O, Naxçıvan, qalasıdır.

 Həzrəti Nuh əyyamından

günümüzə qalasıdır.

Silkələyin bu qalanı

 açılmayan sirlər var.

Mağaralar licimində

vahiməli yerləri var.

Bura uzaq eraların

 yozulmamış yuxusudur.

 Bu “zağalar”,

bu qalanın

ibtidai metrosudur.

Məlikməmməd

cəsarəti istəyirəm

bu sehrli “metrolardan”

 keçib gələ.

Qədim nağıl dünyamızın

Yel atında,

Ya Simurqun qanadında

uçub gələ…

 Buludların yağış dili

Ovxarlayıb  divarları.

Diksindirib bu qalanı

şimşəklərin havarları.

 Elimizin igidləri

döyüş üçün təbil çalıb.

 Zaman-zaman abad  olub ,

Zaman-zaman viran qalıb.

Karvan-karvan daşınıbdı

şadlıq burdan “töhfə” kimi.

Bir vaxt möhrə  hasarları,

 dərd gətirmiş, qabar-qabar,

hürgücləri  dəvə  kimi…

Bu “karvanın” ləngərinə

dağlar fikri çənli baxıb,

Araz gözü nəmli baxıb…

Sükut qara libasında

Kahalarda əsir düşüb.

Qərinələr gəlib keçib

 Tənhalıqdan bu qalanı

dərd əridib, qəm üşüdüb…

 Səs veriblər,

səs alıblar zağalarda.

Xoflanıblar

Qəhqəhəli sədalardan.

Gil tavandan

bir gil qopub suya düşüb,

 bütün qala haya düşüb…

Atağızı ərənlərin

 uğultulu səsi gəlib.

Lap uzaqdan

qaraltılar  peyda olub-

Elə bil ki, bu qalanın

 qayğısını, qeyrətini

çəkmək üçün

Dəli Həsən,

Dəli Domrul,

Neçə oğuz,

 neçə oğul özü gəlib…

Qədim, ulu arxa kimi

söykəyirəm divarlara kürəyimi.

Nuh çıxandı doğma yerim,

el doğanın əri burda.

 Şeyxim, pirim, peyğəmbərim-

Nuh babamın qəbri burda.

Zağalardan

keçə-keçə əyilirəm.

Əyilmərəm!

Bu yerləri görmək üçün

 görün necə əyilirəm…

Əlin dəysə toza dönər,

zalım daşlar fağır daşdı.

Döyüşlərin heyrətindən

donub qalan,

yaddaşları yanıb qalan,

burda sükut uçqunları

 ağır daşdı!!!

 Xəyalımın yel atında

 dünənimə boylanıram,

Yeddi arxadönənimə

boylanıram.

 Bir sehrli yuxudayam,

Zamanların arasında-

 ya ordayam, ya burdayam.

 Bürünürəm

qala boyda qaranlığa.

Qaradinməz sükutlardan

səksənirəm  bir anlığa.

 Elə bil ki,

mən yuxudan oyanıram.

Sıyrılıram

zağaların zülmətindən,

Gündüzün işığına

boyanıram.

Mən Naxçıvanqala adlı,

daş qanadlı

Çöhrəsindən nur ələnən

təzələnən

ehtişamın şöləsinə

üz tuturam.

Ulu yurdun qibləsinə-

Nuh babamın

türbəsinə üz tuturam.

Göstərirəm  yerə, göyə

nəğmə qala,  söz  qalamı.

Ürəyimin işığına

bələyirəm öz Qalamı…

        Haçadağ

Başında həmişə dumanlar gəzər,

Çağlayar, qaynayar, daşar Haçadağ.

Çiçəklər köksündə yazıya bənzər.

Onlar ilk bahara şüar  Haçadağ.

Qoşa buynuzu var, maral timsalı,

Olub Naxçıvanın hüsnü, camalı.

Dağlar maralına bənzər bu halı.

Sevən ürəkləri oxşar Haçadağ

 

Hərdən şimşəklərin gələr tuşuna,

Göylər ildırımı çaxar başına.

Xırda təpələri yığar başına.

Özü sərkərdəyə oxşar Haçadağ.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: