Nizamnamə
“Nuhçıxan” İnformasiya Agentliyinin (NUHÇIXAN-ın) NİZAMNAMƏSİ
1. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və RadioVerilişləri Komitəsinin nəzdində “Nuhçıxan” İnformasiya Agentliyi (bundan sonra – Agentlik) Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Kollegiyasının 2018-ci il 01 aprel tarixli 06 nömrəli Qərarına əsasən yaradılmışdır.
2. Agentliyin fəaliyyətinin məqsədi rəsmi xəbərləri, muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən yeniliklər barədə informasiyaları dolğun və operativ şəkildə ictimaiyyətə çatdırmaqdır.
3. Agentliyin əsas fəaliyyət istiqamətləri muxtar respublika ilə bağlı ən mühüm hadisələr haqqında informasiyaları, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, rəsmi materialları öz kanalları, beynəlxalq internet şəbəkəsi və sosial şəbəkələr vasitəsilə yaymaqdır.
4. Agentlik bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
4.1. rəsmi xəbərləri, eləcə də Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən yeniliklər barədə informasiyaları ictimaiyyətə çatdırır;
4.2. qanunvericiliyə uyğun olaraq dövlətin və cəmiyyətin həyatının müxtəlif sahələrinə aid informasiya toplayır, onu yerli və xarici kütləvi informasiya vasitələrinə operativ çatdırır;
4.3. informasiyanın toplanması və yayılması sahəsində fəaliyyətini hadisələri obyektiv və hərtərəfli işıqlandırmaq prinsipləri əsasında həyata keçirir;
4.4 öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
4.5. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
5. Agentliyin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
5.1. dövlət orqanlarının fəaliyyəti ilə bağlı onlardan dəqiq və operativ məlumat almaq və Agentliyin adından yaymaq;
5.2. fəaliyyət istiqamətlərinə uyğun olaraq öz plan və proqramlarını hazırlamaq;
5.3. Agentliyin vəzifələrinə və səlahiyyətlərinə uyğun olmayan məlumatı qəbul etməkdən və yaymaqdan imtina etmək.
6. Agentliyi Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin “İnformasiya təminatı və saytlarla iş redaksiyası” idarə edir.
7. Agentliyin ləğvi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.