Nehrəm qarpızı bazara çıxarılır
Naxçıvan bazarlarında dadı ilə seçilən məşhur Nehrəm qarpızı bir azdan satışa çıxarılacaq. Nehrəm kəndinin bostanlarında yetişdirilən qarpız yığımı üçün son hazırlıq işləri gedir. Yığıma bu ayın sonunda start veriləcək.
NUHÇIXAN xəbər verir ki, nehrəmli fermerlər əsasən Naxçıvan-Ordubad yolunun Babək rayonundan keçən hissəsinin sağ və solundakı münbit sahələrdə qarpız əkirlər. Artıq bostanlarda bol məhsul yetişib. Nehrəmli fermerlər bu il ümumilikdə 200 hektara yaxın sahədə bostan bitkiləri əkiblər. Hazırda sahələrdə son becərmə tədbirləri aparılır. Torpaq mülkiyyətçiləri hektardan ən az 300-350 sentner məhsul götürəcəklərini proqnozlaşdırırlar. Bu il ötən illərlə müqayisədə məhsul yığımının tez başlanmasının səbəbini fermerlər toxumun erkən yazdan polietilen örtük altında əkilməsi ilə izah edirlər.
Sahibkarlar bu sahədə mütərəqqi üsullardan istifadə edir, növbəli əkin sisteminə üstünlük verirlər. Nəticədə ilin sonunadək bazarı təzə məhsulla təmin etmək imkanı yaranır.
Nicat Quliyev