NAZ-Lifanı “bağlayanlar”, dükanlara “ağlayanlar”, qəbiristanlıqlara “yas saxlayanlar” - Sahil Tahirli yazır
Bu dünyada asan işlər çoxdur. Məsələn, məsləhət vermək, çərənçilik etmək, başgirləmək, səngərdə döyüşmək əvəzinə tankın üstündə şəkil çəkdirmək, tənbəllikdən yatıb günorta durmaq və sair, ilaxır.
Tənbəllik demişkən, dünyaca məşhur maqnat Bill Qeyts deyir ki, mən ən çətin işlərimi ən tənbəl işçilərimə tapşırıram. Ona görə ki, onlar həmin işi yoluna qoymağın ən asan variantını tapırlar. Frans Kafka isə yazır ki, insanlar səbirsizliklərinə görə cənnətdən qovuldular, tənbəlliklərinə görə ora qayıda bilmirlər. Nəsə ki, hərə məsələyə bir cür yanaşır. Ama həqiqət budur ki, səbr böyük silah və gücdü. Bəzən bir ağacın bar verməsi üçün on illərlə gözləmək lazım gəlir, yəni səbr etmək.
Qaranlığı lənətləməkdənsə, dur bir şam da sən yandır
Mirzə Cəlil isə hələ ötən əsrin əvvəllərində biganəliyi, laqeyidliyi, tənbəlliyi və nadanlığı böyük bəla adlandırırdı. Ona görə də cəmiyyəti cəmiyyətin özündən gələn, öz içindən çıxan obrazlarla, simalarla aydınlığa aparmaq istəyirdi. Şeyx Nəsrullah da, kefli İsgəndər də, Qurbanəli bəy də, bizim Novruzəli də, Xudayar bəy də, Zöhrəbanu bacı da, Məhəmmədhəsən qardaş və ya əmi də belə meydana çıxmışdı. Hətta 25 il dədə-babalarımızın qulaqlarını “OYAN” nidası ilə yağır edən “Molla Nəsrəddin” jurnalı da… (Yeri gəlmişkən bu gün “Molla Nəsrəddin”in nəşrindən düz 111 il keçir və biz Böyük Mirzə Cəlilimizi hörmət və ehtiramla anırıq).
Qərəz, şərə, mövhümata, cahilliyə qarşı mübarizənin tarixi çox qədimdir. Elə insan yaranandan. Bu mübarizə min illərdir ki, bizimlə yol gəlir və yaxamızdan əl çəkmir. Bütün dövrlərdə naqisliklərə qarşı mübarizə aparanların da xoş və işıqlı məramı qarşısında baş əyməyə bilmirsən. Nəyə görə, çünki onlar qaranlığı lənətləmirdilər, onlar danışmaqdan çox iş görürdülər… Şam yandırırdılar, ocaq çatırdılar. Çünki onlar özləri də işıq, mayak idilər.
Biz də bizik axı… Yəni o biz ki, Mirzə Cəlilə vaxtilə “düşmən” demişik, Naxçıvanda ilk mütərəqqi məktəb açan, qızları təhsilə cəlb edən Məhəmməd Tağı Sidqini məmur qapılarında süründürmüşük, Hüseyn Cavidi Sibir çöllərinə göndərmişik, 37-ci ildə minlərlə ziyalının – Azərbaycanın gələcəyinin üstündən “xətt çəkmişik”, Naxçıvana muxtariyyət qazandıran Behbud Ağa Şahtaxtinskini yaddan çıxarmışıq. Və ötən əsrin əvvəllərində olduğu kimi, elə sonlarında da Naxçıvanda baş verən mütərəqqi islahatlara bilərəkdən və ya bilməyərəkdən ağız büzmüşük, qaranlıq otaqda qara pişik axtarmaq vərdişimizdən əl çəkməmişik…
Qısası məsələ budur ki, biz çox vaxt burnumuzun ucundan, evimizin kandarından o tərəfi görməmişik. Bəs nə mane olub?! Təbii ki, qaraguruhçuluq, qərəz, Günəşdə qara ləkələr axtarmaq, qatığa qara, gündüzə gecə demək, yersiz hay-küy salmaq…
“Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil”
Elə 20 il bundan əvvəl, Naxçıvanın inkişaf və yüksəliş dövrü başlayanda da belə olmuşdu. Bu o mərhələ idi ki, müharibə, aclıq, yoxsulluq, kəskin enerji böhranı, Sovetdən qalma dağılmış iqtisadiyyat bizi dabandabana izləyirdi… Ən acınacaqlısı da o idi ki, ölkəmizin gələcəyi olan gənclər uçuruma gedirdi, elm, təhsil, sağlamlıq heç yada da düşmürdü. Təsəvvür edin ki, 1996-1998-ci illərdə mənim doğulduğum hörmətli Cəhri kəndinin mərkəzində 16 çayxana, 7 kababxana, 1 xaşxana və yaxud “yüzxana” var idi. Digər kəndlərimiz də onun kimi… Məsələ bu idi ki, səhərin gözü açılar-açılmaz o çayçıların hamısı ağzınacan dolurdu. Böyük əksəriyyəti də sabahımız üçün cavabdehlik daşıyacaq 15-35 yaş arası gənclər idi. Quru torpağın üstündə saatlarla loto oynayan, qumar, yumuşaq desək kart oynayan da, “Petrov” arağından 50 qram içib onunla-bununla dava edən də, cibində olan, əslində olmayan “son quruşu” belə “Qalatasaray”-“Rizəspor” oyunu üçün mərcə qoyanlar da həmin gənclər idi. Vay o idi ki, qış olsun, onda hamı çayxanaların içərisinə yığışardı, iynə atardın yerə düşməzdi, “Astra” siqaretinin tüstüsündən göz-gözü görməzdi. Bütün günü qeybət, domino, nərd, bir də səhərdən axşama Şabanın kinolarına baxıb “hırıldayan” sifətlər. Bir də təzəcə gün üzünə çıxan Sərdar Ortacın və Sibel Canın klipləri…
Uşaqlar da yavaş-yavaş, bəlkə də möhkəm-möhkəm ana dilimizi kənara qoyub Türkiyə türkçəsində danışmağa başlamışdılar. Çünki cibində iki qəpik pulu olmayanlar 1 dana kəsib kərpicdən tikilən miskin daxmalarının üstünə iki dənə çanaq antena qoymuşdu… Vaxt “öldürsünlər” deyə. Dünya zamanla yarışırdı, biz də zamanı güllənin qabağına qoymuşduq. Hə, bax belə işlərə baş qarşdığından muxtar respublikanın yüzlərlə hektar bərəkətli torpağı ağzı günə yatıb qalmışdı. Allahdan buyruq, ağzıma quyruq prinsipi aləmi götürmüşdü.Yol tapmaq, yol açmaq vaxtı çoxdan yetişmişdi və keçirdi.
O yerdə ki, hökmdar hökmdardır, təbəə təbəədir, ata atadır, oğul oğuldur, bil ki, orda qayda-qanun var, əmin-amanlıq var
Və nəhayət, az əvvəl epizodik qeyd etdiyim dövr başladı. 1996-cı ildən muxtar respublika yeni dönəmə qədəm qoydu. 50, 100 ilin və bəlkə də daha sonranın planları qurulmuşdu. Bu plan nə idi? İlk növbədə, təhsilli, vətənpərvər və sağlam gənclər, inkişaf edən cəmiyyət, güclü iqtisadiyyat, ordu quruculuğu, məşğul əhali, boş qalmayan, hər qarışı əkilən torpaqlar və bütün bu işlərə şüurlu, geniş düşüncə ilə yanaşmaq prinsipi…
Təbii ki, bu cür düşünülmüş islahatlar, seleksiya, köklü dəyişikliklər tarixən asanlıqla qəbul olunmayıb və başa gəlməyib. Bu dəfə də möcüzə baş vermədi. Həmin xəstəlik mənbəyi olan, vərəm çöplərinin tüğyan etdiyi çayçılar sökülüb yerində abad parklar, yollar, Kənd və Xidmət mərkəzləri tikildikcə, kəndli torpağa qayıtdıqca, kəndlərdə kiçik istehsal sahələri, məktəblər, kitabxanalar, mədəniyyət evləri bina olduqca “Müsahibə verənlər”in, “Tank üstündə şəkil çəkdirənlər”in də sayı artdı. Yalançı “Mirzələr” nəinki öz kəndi-obasına, heç qapısına belə 2 ağac əkməyən, özlərini bizdən çox “vətənpərvər” sayan ağalarının dəstəyi ilə yazmağa başladılar ki, bəs Naxçıvanı sökürlər, pulunu “loto”dan çıxaran hörmətli çayxana sahibi dostlarımızın çörəyini əlindən alırlar.
Amma hakimi-mütləq zaman göstərdi ki, lopa-lopa yağan qarın canı bir yaz günəşidir. Naxçıvanda seçilən yol tamamilə düz yoldur.Çünki hər iş məqamında görüləndə, qətiyyət, ciddi siyasi iradə göstəriləndə qazanan xalq, dövlət olur.
Elə həmin vaxtlar idi. Ömrümdə ilk dəfə Bakıya gedəcəkdim. 10-cu sinfi bitirmişdim. 3 gün Naxçıvan Hava Limanında gecələdik. Nə bilet var idi, nə də təyyarə. Aeroportun köhnə binasının qarşısında 20-dən artıq tum satan uşaq var idi. Nə məktəb yadlarına düşürdü, nə də ki oxumaq. Günlərlə skamyalarda gecələyən, bilet gözləyən insanların sayı-hesabı yox idi. Hava limanının ətrafındakı yüzlərlə bərbad çayçı, xaşxana, hətta nə qədər etik olmasa da, yazmağa məcburam ki, o dövrün acı mənzərəsi olan əxlaqsızlıq yuvaları ürəyimi bulandırırdı.
Xatırlayıram, bir hay-küy də onda qopmuşdu. Yenə “Mirzə”lər başlamışdılar ki, Naxçıvanda sahibkarlara işləməyə imkan vermirlər. Maraqlı idi, görəsən, cəmiyyətə xəstəlik, əxlaqsızlıq gətirənlər nə vaxtdan və hansı haqla sahibkar olmuşdular?! O cür adamlara elə o vaxt da əməli işlə, tikib-qurmaqla ən layiqli cavab verilirdi: O “gecəqondu”ların yerini indi ən müasir Beynəlxalq Hava Limanı tutub. İndi “Cin bazarı”nın yerində geniş və işıqlı park və idman kompleksi, hərbi lisey, “Dördyoldakı” dəmir köşklərin, şirin su “butka”larının yerində Doğum Mərkəzi, Babək məhəlləsindəki çöllüklərdə “Naxçıvan” Universiteti, Heydər Əliyev adına məktəb, hərbçi ailələrinin yaşadığı “domik”lərin yerində isə müasir yaşayış binaları və Naxçıvan Dövlət Universitetinin tədris korpusları ucalıb.
Qısası, Naxçıvanda insanların xeyrinə olan mütərəqqi addımlar atılanda həmişə stəkanda fırtına qoparmaq cəhdləri baş qaldırıb. Naxçıvan Avtomobil Zavodunun istehsalı olan sarı rəngli NAZ-Lifan taksiləri Naxçıvana özləri ilə bir sürücülük, xidmət mədəniyyəti də gətirdi. Sürücülər əvvəl fəaliyyət üçün lisenziya aldılar, sonra da səliqəli, vahid geyim formasında sükan arxasında əyləşib insanlara xidmət göstərməyə başladılar. Paytaxt “Mirzələri” yazdılar ki, Naxçıvanda taksi sürücülərinə qarşı “represiya” başlayıb. Dünən də bir sıra mənşəyi bilinməyən saytlar “üfləyiblər” ki, bəs NAZ-Lifan zavodu fəaliyyətini dayandırıb. Halbuki, zavod daha səmərəli işləməyə başlayıb və yaxın günlərdə “X-80” modelini təqdim edəcək. Elə dünən Naxçıvan televiziyasının əməkdaşları zavodda iş prosesini lentə alıblar və arzu edənlər naxcivantv.az saytından həmin videomaterialı izləyə bilərlər. Beləcə, şər qüvvələrin dezinformasiya maşını əvvəl olduğu kimi, yenə də qara tüstü verə-verə gedir.
İndi Naxçıvanda vəfat edənlərə 3 gün yas tutulur, 1 dəfə ehsan verilir, digər vaxtlarda isə yasa gələnlərə çay, qənd və limon təklif olunur. Başqa heç nə… Qəbiristanlıqların da hər birində abadlıq işləri aparılıb, yöndəmsiz qəbir çəpərləri sökülüb, minlərlə həmişəyaşıl ağaclar əkilib. Bu işlər muxtar respublikada böyükdən-kiçiyə hamı tərəfdən böyük razılıq və minnətdarlıqla qarşılanıb. Lakin 2 ay bundan əvvəl bir sıra saytlar “göz yaşları” tökməyə başlamışdılar ki, bəs Naxçıvanda qəbirlər dağıdılır. Sonra da qəflət yuxusundan ayıldılar. Maraqlısı budur ki, əvvəl hay-küy qoparırlar, işin mahiyyətini dərk edəndən sonra isə deyirlər ki, bu mütərəqqi ənənələri digər bölgələrdə də tətbiq etmək lazımdır. Bunun adı nədir, bilmirəm. Amma hər halda bir adı var.
Bir adama yaxşılıq etmək istəyirsənsə, ona balıq vermə, balıq tutmağı öyrət
Çoxumuz yaxşı xatırlayırıq, ötən əsrin 90-cı illərində Naxçıvanda bir dənə yaşıllıq, ağac qalmamışdı. Qaz, elektrik enerjisi olmadığından ağacların hamısı kömür peçlərində ömrünü bizə bağışlamışdı. 1996-cı ildə muxtar respublikanın ümumi ərazisinin 0,6 faizi yaşıllıq idi. Amma indi bu rəqəm 14 faizə çatıb. Niyə, bilirsiz? Ona görə ki, indi hər yerdə işıq da var, qaz da var, üstəlik əhali hər həftə iməciliyə çıxıb ağac əkir, nümunə göstərir, bir yaşıllaşdırma, ekoloji mədəniyyət ortaya qoyur. Biz torpağı qorumağı da, sevməyi də, əkməyi də həmişəkindən daha çox öyrənmişik. O vaxt təzə-təzə bu işlər başlayanda qaraguruhçular yazırdı ki, Naxçıvanda əhalini zorla iməciliyə çıxarırlar. Amma bu ilin əvvəlində Naxçıvanda olan Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Fəcr qəzetinin baş redaktoru Şərif Əl Bəsil öz qəzetində yazmışdı ki, Naxçıvanın iməcilik ənənələrini bütün dünyada vətəni, torpağı sevmək nümunəsi kimi tətbiq etmək lazımdır, yoxsa ekoloji böhran gələcəkdə bəşəriyyəti məhv edəcək. Şərif Əl Bəsil Batabatda 4G texnologiyasından istifadə edəndə demişdi ki, bu yenilik dünyanın əksər ölkələrində arzu olaraq qalır. Bu yerdə milli mətbuatımızın banisi Həsən bəy Zərdabi yada düşür. O deyirdi: “Ucalmaq üçün uca ağacların başına çıxmaq yox, körpə fidanlar əkmək lazımdı”.
Yeri gəlmişkən, Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Naxçıvana bu həftəki səfiri zamanı demişdi ki, muxtar respublika blokadada olmasına baxmayaraq, sürətlə inkişaf edib. Burada bütün infrastruktur yeni və moderndir. Təhsil, rabitə şəbəkəsi müasirdir. Əhali rifah içində yaşayır, sabitlik qorunur. Bu nəticələri əldə etmək hər bir ölkənin arzusudur. Almaniyadakı kimi nizam-intizam burada da çox yüksəkdir.
Bu, dünyanın aparıcı dövlətlərindən birinin diplomatına məxsus fikirlərdi.
Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər
şey onun ətrafında dönər
Yaxşıya yaman deyən “Mirzə”lər hər zaman olub. Lakin Dədəmiz Qorqud demişkən, ayıq başa, qoçaq ələ zaval gəlməz. 111 il bundan əvvəl ölməz Sabir də “Molla Nəsrəddin” jurnalında “Mirzə”lərə xitabən yazırdı:
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı-yağ üstə çıxır, ayranı-ayranlıq olur.
Budur, bütün keçilməz yolları keçən, aşılmaz zirvələri aşan Naxçıvan özünü dünyaya müasirliyin və inkişafın rəmzi kimi təqdim edir. O, Qafqazın San-Fransiskosu, Azərbaycanın “Yaşıl ürəyi”dir. Bu, ədalətin, vətənpərvərliyin, yurd sahibliyinin, yuxusuz və narahat gecələrin, nəfəs belə dərmədən işləməyin qələbəsidir. Güclü iqtisadiyyatı, abadlaşan yolları, müasir uşaq baxçaları, məktəbləri, kəndləri, tibb ocaqları, yüzlərlə çeşid ekoloji-təmiz məhsulu, bərpa olunan Əlincəsi, Gülüstanı, Xanəgahı, intellektli və vətənpərvər gəncləri ilə Naxçıvan karvanı öz yolundadır.
PS. Bu arada, yarımbaşlıqlarda işlədilən müdrik fikirlər Konfutsiyə məxsusdu, ruhu şad olsun.