Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının yetirmələri Bakı şəhərində keçirilən Azərbaycan birinciliyində uğurlu nəticələr əldə ediblər.
NUHÇIXAN xəbər verir ki, yarışda Yüngül Atletika Federasiyasının 12 idmançısı böyük uğura imza atıb.
Qızlardan ibarət komandanın üzvləri Tamella Qurbanova, Telli Abbasova, Xatun Oruclu və İlkanə Babayeva 4×100 metr estafet yarışında ikinci yerə layiq görülüblər. Qızların fərdi yarışında isə Xatun Oruclu 1500 metr məsafədə finiş xəttinə hamıdan əvvəl çatıb. O, həmçinin 800 metr məsafədə ikinci, digər idmançılar İlkanə Babayeva 800, Sevgi Məmmədli isə 1500 metr məsafələrdə üçüncü olublar.
Oğlanlar arasında fərdi olaraq Səfər Tağıyev 1500 metr məsafədə ikinci, 3000 metr məsafədə isə üçüncü yerə çıxıb.
Sonda qalib idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.