Naxçıvanın zəngin tarixi- su dəyirmanları

307

Naxçıvan Muxtar Respublikası ərazisində əkinçilik çox qədim tarixə malikdir. Müasir dövrdə də Naxçıvanın müxtəlif ərazilərində yabanı taxıl bitkilərinə rast gəlinir. Arxeoloji tədqiqatlar Neolit, Eneolit dövrlərində (I Kültəpə, Uçan Ağıl, Ovçular təpəsi, Zirincli və sair) Naxçıvan ərazisində əkinçilik mədəniyyətinin, bununla bağlı isə dənüyütmə ilə məşğul olduğunu təsdiq edir. Abidələrin əksəriyyətində çaxmaqdaşından düzəldilmiş oraq dişlərinin aşkarlanması taxıl əkinçiliyinin inkişaf etdiyini təsdiq edirsə, hətta ən yüksək dağ qurşaqlarında aşkarlanan dən əzən daşlar yarım köçəri(Aran-yaylaq) heyvandarlığın inkişafını, yaylağa köçənlərin özləri ilə hazır un yox, buğda apardığını sübut edir. Bəs əsrlər boyu xalqımızın məişətinin ayrılmaz hissəsi kimi tarixə düşmüş su dəyirmanları insanların həyatında nə kimi rol oynayıb?

Buğdanı un etmək üçün ilk dəfə dibəklərdən istifadə edilmişdir. Dibəkdə taxılın döyülməsi çox ağır iş olmaqla yanaşı, məhsuldarlıq da aşağı idi.

Babək rayonu ərazisində, Antik dövrə aid “Meydantəpə” abidəsində böyük sal daşdan dəyirman kimi istifadə edilmiş, eyni vaxtda bir neçə üst daş işlənmişdir. Alt daşlarına bəzən qəbiristanlıqlarda baş daşı kimi rast gəlinir. Sirabın “Bəydilli qəbiristanlığı”nda, Didivar kənd qəbiristanlığında bu cür baş daşları vardır. Zaman keçdikdə dən daşlarını daha təkmil olan kirkirələr əvəz etdi. Dən daşlarının Neolit dövründən istifadə edildiyi məlum olsa da, kirkirənin bəzi mənbələrdə 2600 il əvvəl, bəzi mənbələrdə hələ Tunc dövründən 4000-5000 il əvvəl ixtira edildiyi qeyd edilir.

Gün ərzində sadə dən daşında 5-6 kiloqram dən üyütmək mümkün olurdusa, dairəvi dən daşlarında 15-16 kiloqram ,kirkirədə 20-30 kiloqram un üyütmək mümkün olurdu.

Kirkirənin alt və üst daşı dairəvi olub əsasən, 40-50 santimetr diametrində (kiçikləri də olur), üst daş 5-10 santimetr ,nisbətən qalın olur. Alt daş mərkəz hissədən deşilir, 4-5 santimetr diametrində bu deşiyə 10-12 santimetr uzunluqda ağac çalınır. Ona görə də xalq arasında belə bir tapmaca vardır.

         O nədir ki, göydən yerə sallanır,

         O nədir ki, göbəyindən  nallanır.

         O nədir ki, hər nə versən aldanır?

Alt daşla eyni diametrdə olan üst daşda iki ədəd deşik açılır. Ortada olan deşik 7-8 santimetr diametr ölçüsündə olur. Bu deşik alt daşın ortasına salının ağaca keçirilir. Diametri ağacdan bir qədər böyük olduğu üçün bu boşluqdan ovucla üyüdüləcək arpa, buğda tökülür. Üst daşın kənarında açılan deşiyə dəstək salınır ki, fırlamaq asan olsun.

Təbii ki daha böyük həcmdə taxılı üyütmək üçün ən yaxşı vasitə su dəyirmanları idi. Su dəyirmanları, adətən, sulu çeşmələrin yatağından bir qədər kənarda, sel tutmayan yerlərdə tikilər. İndiki metal, azbest boru olmayan əyyamlarda ox kimi düz söyüd-qələmə ağacları kəsilər, qol-budağı təmizlənib 10-12 metr uzunluğunda nov düzəldilərdi. Əvvəlcə kərki ilə ağacın bir üzü başabaş iki qarış enində yonulardı. İçərisi səliqəli dülgərin əli ilə iskənədən keçirilib hamarlanardı. Sonra ağac qolçaları ilə novun üzü bərkidilərdi. Dəyirmanın saz vəziyyətə işləməsində novun uzunluğu əsas şərtdi.

Adi əl kirkirələrinin quruluşunda sonralar heyvanlarla, daha sonra su, külək, elektriklə hərəkətə gətirilən dəyirmanlar yaradıldı.

Nə qədər ki taxıl əkilirdi ,deməli dəyirmanlar da mövcud idi. Folklor və etnoqrafiyamızda dəyirmanla bağlı nəğmələr, atalar sözləri, terminlər mövcuddur.

“Koroğlu” dastanında dəyirmanla bağlı məqamlara rast gəlirik. Keçəl Həmzə dəyirmançını aldadır, o da qaçıb girir dəyirmanın “donuzluğ”una.

Keçəl Həmzə Koroğlunu bir daha aldatdıqdan sonra Koroğlu deyir:

                            Qırat əldən getdi barı,

                            Canda qaldı intizarı.

                            Üyüd arpa, buğda, darı,

                            Al “şahad”ın sən, Koroğlu!

Dəyirmanda üyüdülən taxıla görə alınan rüsum “Şahad” adlanırdı.

Su dəyirmanlarında daşların üzərindən çəpəki enli və qalın taxta vurulurdu. Taxtanın və daşın ətrafındakı örtüyün üzərinə qonan un tozu dəyirmançıya çatırdı. Buna ard unu (ardı, arxası) deyirdilər. Su dəyirmanında un növlərə ayrılmadığı üçün kəpəkli olur. Ard unu isə un tozu olduğu üçün çox az da olsa indiki əla növ unun  əvəzi idi.

 Xalq arasında “Dəyirman bildiyin elər, çax-çax baş ağrıdar” məsəli də vardır. Bu məsəl də səbəbsiz deyil. Dənliyin şırranına çəpəki  olaraq bir ağac bağlanır, ağacın digər ucu yaxında bərkidilmiş deşiyə keçirilir ki, hərəkət edə bilsin. Bu qol ağacına perpendikulyar birləşən digər ağacın ucu dəyirmanın üst daşının üzərinə qoyulur. Dəyirman işlədikcə çax-çax aramla qalxıb düşür, şırranı silkələyir ki, dənliyə dən tökülsün.

Dəyirman haqqında çox şey yazmaq olar. Kərkük folklorundan bir neçə yarpaqla yekunlaşdırmaq istərdik. “Üstü dolar, alti dolmaz”, “Dəyirmançı diri olaydı, dəni belə iri olaydı?!”

   Tarixi mənbələrdə su dəyirmanlarının İlk Orta əsrlərdən Azərbaycanda yayıldığı qeyd edilir. 1727-ci ilə aid sənəddə dəyirmanların siyahısı qyed edilib. Orda rastımıza çıxan  6 nahiyə indiki Babək rayonunun ərazisinə uyğun gəlir. Bu mənbədə ərazidə mövcud olan dəyirmanların işləyən və işləməyənlərin siyası, həmçinin onlardan toplanan vergi qeyd edilib.

Siyahıya görə indiki Babək rayonunun əhatə etdiyi ərazidə 25 işlək, 24 yararsız dəyirman mövcud olub. Dəyirmanlar əsasən yarım il işləyirdi. Bu qışda 3 ay suyun donması , yazda taxılın olmamasına görədir. Yarım il işləyən dəyirmandan 30 ağça vergi alınırdı. Lakin tarixi mənbələrdə Astabadda 10 dəyirman yarım il işləsə də 630 ağça, Dib kənddə 4 dəyirman isə eyni müddətə işləsə də  240 ağça vergi alındığı qeyd edilib.

Dəyirmanların üyütmə gücünü nəzərə alsaq, Babək rayonu ərazisində 1727-ci ildə 1800-2000 ton taxıl üyüdülə bilərdi. Lakin 1727-ci ilin qaynaqlarına görə indiki Babək rayonu ərazisində 122 min kiloqram buğda , 93 min 750 kq arpa, 39 min kq darı, 21 min 750 kq pərinc(buğdanın bir növü ), 24 min 750 kq kərdiyar (buğda ilə arpa qarışığı ) istehsal olunub. Həmin dövrdə indiki Babək rayonu ərazisində təxmin 4700 nəfər əhalinin yaşdığını nəzərə alsaq, adambaşına 60kq taxıl üyüdülmüşdür. Ümumi taxılın cəmi isə 278 min 975 kq edir.

1970-ci ilə qədər Babək rayonunun Vayxır ,Məzrə, Məmmədrza Dizə, Qaraqala, Kültəpə, Zeynəddin, Qahab, Yarımca, Payız kimi kəndlərində su dəyirmanları olub. Nehrəm kəndində Ərəzin yaxınlığında 4 dəyirman, Cəhri kəndində isə 5 su dəyirmanı fəaliyyət göstərib.  Sovet hakimiyyəti illərində tarix və etnoqrafiyamıza bəslənilən laqeyd münasibət su dəyirmanlarından da yan keçməmişdir. Belə ki, onların hamısı fəaliyyətini dayandırmış, daşları isə harasa  daşınmışdır.

Müstəqillik illərində muxtar respublikanın əksər kəndlərində vaxtilə mövcud olmuş su dəyirmanlarının fəaliyyəti bərpa olunub. Culfa rayonun Kırna kəndində, ötən ilin sentyabr ayında isə Babək rayonun Payız kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi zamanı kənddəki tarixi su dəyirmanına da ikinci həyat verilib. Artıq sakinlərin uzaq məsafə qət etmədən min bir zəhmət hesabına hasil olunan unu kənddəki dəyirmanda rahatlıqla üyüdə bilirlər.

Zaleh Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: