Naxçıvanın türk-islam mədəniyyəti abidələri ilə tanışlıq beynəlxalq konfransın iştirakçılarında xoş təəssüratlar yaradıb
“Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda sentyabrın 7-8-də keçirilən beynəlxalq konfransın iştirakçıları muxtar respublika ərazisindəki İslam mədəniyyəti abidələri ilə yaxından tanış olublar.
NUHÇIXAN xəbər verir ki, gəzinti zamanı AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları onlara görüşüb həmsöhbət olublar. Konfrans iştirakçıları Naxçıvanın türk-islam mədəniyyəti abidələri ilə tanışlığın onlarda xoş təəssüratlar yaratdığını xüsusi vurğulayıblar.
İstanbul Universitetinin müəllimi, professor Oktay Belli: “Qədim torpaqla yaxından tanışlığım 1998-ci ilə təsadüf edir. Həmin vaxtdan həmkarlarım ilə birlikdə burada tədqiqatlar aparırıq. Öyrəndiklərimizi dünyaya bəyan etmək, qədim diyarı tanıtmaq məqsədilə bu günədək türk və ingilis dillərində 2 dəyərli kitab ərsəyə gətirmişik. Qeyd etmək istəyirəm ki, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı kimi şərəfli missiyanı daşıması heç də təsadüfi deyil. Bu ərazidəki hər abidə tarixin müəyyən mərhələsindən söhbət açır. Açıq Səma Altında Muzeydə nümayiş olunan maddi-mədəniyyət nümunələri, sadəcə, daş parçası deyil, onlar türk tarixinin aynası, milli kimliyimizin möhürüdür. Qəbirüstü məzar daşları, qoç, qoyun heykəlləri, qədimdə məişətdə istifadə olunan əmək alətləri bu oğuz yurdunun keçmişinin canlı şahidləridir. Həmin abidələrin qorunub-saxlanılması, nümayiş etdirilməsi həm də türk dünyasının tarixi keçmişinə göstərilən böyük diqqət və qayğıdır. Ümumiyyətlə, Naxçıvanda tarixi miraslara göstərilən diqqəti gördükdə, həmçinin şanlı keçmişə malik qədim diyarın müasir çalarları ilə tanış olduqda insanda ruh yüksəkliyi, yaşamaq, yaratmaq istəyi yaranır.
Naxçıvanda beynəlxalq tədbirlərin, festivalların keçirilməsi burada gedən böyük inkişaf və tərəqqidən xəbər verir. “Milli geyimlər” festivalında iştirak etmək hər bir konfrans iştirakçısı kimi mənim də ürəyimcə oldu. Bu festival xalqın, millətin öz tarixi soykökünə bağlı olduğunu nümayiş etdirirdi. Belə əhəmiyyətli tədbirlər tarixlə bu gün arasında sağlam körpü yaratmaqla gənc nəsildə yurda bağlılıq, vətənsevərlik hissləri formalaşdırır. Çox yaxşı haldır ki, gənclər də bu məsələdə həssasdırlar.
Sonda onu da bildirim ki, Naxçıvanda tarixi keçmişin, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunaraq yaşadılması, burada müasir şəraitin yaradılması aparılan uğurlu siyasətin bəhrəsidir. 20 il öncəki Naxçıvanla bugünkünü müqayisə edəndə, sözün həqiqi mənasında, heyrətimi gizlədə bilmirəm. Əminliklə demək olar ki, xalqına, millətinə, torpağına bağlı olan, insanların firavanlığını düşünən rəhbərin yaratdığı Naxçıvan adlı möhtəşəm əsər illər keçdikcə daha böyük zirvələr fəth edəcək”.
Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı: “Muxtar respublika paytaxtının 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi çox yerində verilmiş bir qərardır. Çünki Naxçıvan tək Qafqazda deyil, bütün İslam dünyasında nadir şəhərlərdən biri, tarixi-mədəni abidələrlə zəngin məkandır. Bu yurd yeri dünyaya çox istedadlı memarlar və sənətkarlar bəxş edib. Vaxtilə Memar Əcəmi Naxçıvaninin ərsəyə gətirdiyi tikililər sonralar Türkiyə və İran memarlıq üslubuna da öz təsirini göstərib.
Mənim diqqətimi daha çox Naxçıvanda tarixi və mədəni abidələrin xüsusi qayğı ilə qorunması, bərpası cəlb etdi. Burada olarkən Naxçıvan sakinlərinin də tarixi abidələrə xüsusi diqqətlə, həssaslıqla yanaşdığının şahidi oldum. Ümidvaram ki, gələcəkdə də bu ənənə qorunub saxlanılacaq, beşminillik şəhər mədəniyyəti olan qədim Naxçıvan diyarı daim inkişaf edəcək”.
Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, professor Hüseyn Yurttaş:“Naxçıvan İslam dünyasının ən önəmli şəhərlərindən biridir. Eyni zamanda, uzun illər Türkiyə və İran arasında çox vacib bir körpü rolunu oynayıb. Bu şəhər türk-islam mədəniyyəti abidələri ilə zəngindir. Anadoluda memarlığın inkişaf etməsində Naxçıvandakı memarlıq abidələrinin əvəzsiz yeri vardır. Bunlar arasında Əcəmi Naxçıvaninin yaratdığı əsərlər öz monumentallığı ilə seçilir. Qədim diyardakı qoşa minarəli tac qapılar, qəbirüstü abidələr sonralar Anadoluda tikilən memarlıq nümunələrində də özünü göstərir. Bu səbəbdən də Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bütün İslam və türk dünyası üçün çox əhəmiyyətli hadisədir.
Qeyd etmək istərdim ki, ikinci dəfədir, Naxçıvana gəlirəm. Hər gəlişimdə də buraya heyranlığım daha da artır. Düşünürəm ki, türk-islam mədəniyyəti ilə maraqlanan hər kəs Naxçıvana mütləq gəlməlidir. Bu mövzuda konfransın keçirilməsi də Naxçıvanın bütün dünyaya tanıdılması baxımından çox əhəmiyyətlidir”.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix üzrə elmlər doktoru Abbas Seyidov: “Böyük sivilizasiya məkanı olan Naxçıvan Ön Asiya və Cənubi Qafqaz arasında qırılmaz körpü rolunu oynayır. Burada İslam mədəniyyətinin, mənəviyyatının, müsəlman əxlaq və qaydalarının yüksək şəkildə qorunaraq yaşadılması böyük ali dəyərdir.
Onu da bildirim ki, 4-5 il bundan öncə Qarabağlar türbəsinə yaxın yerdə arxeoloji qazıntı işlərinə başladıq. Həmin tədqiqat zamanı ərazidən Son Tunc, Erkən Dəmir dövrlərinə, təxminən 3 min 200 il bundan əvvələ aid çoxlu maddi-mədəniyyət nümunələri tapıldı və məlum oldu ki, bu yerin təbii-coğrafi şəraiti insanların ən azı 3500 il bundan əvvəl burada məskən salmasına imkan verib. Bu onu göstərir ki, Naxçıvan İslamdan öncə də qədim mədəniyyət mərkəzlərindən biri olub. Bu diyar İslam dünyasının tərkib hissəsi olduqdan sonra burada mövcud olan böyük mədəniyyət İslam mədəniyyətinin zənginləşdirilməsinə öz töhfəsini verib. Bu gün də Naxçıvan zəngin maddi-mənəvi dəyərləri ilə İslam dünyasında özünəməxsus yer tutur.
Fəxr edirəm ki, dünyaya göz açdığım bu məkanda təşkil olunan belə yüksək tədbirin iştirakçısı oldum. Naxçıvanda olduğumuz müddət ərzində buradakı İslam mədəniyyətinə məxsus abidələri ziyarət etdik, islami dəyərlərə verilən yüksək qiyməti bir daha gördük. Bir vaxtlar baxımsızlıq üzündən uçub-dağılan tikililər indi öz ecazkarlığı ilə insanı valeh edir.
Ümumiyyətlə, Nuhun ayaq basdığı Naxçıvan torpağının hər qarışında böyük tarix, zəngin mədəni irs yatır. Bu qiymətli xəzinəni qoruyub, gələcək nəsillərə ərməğan edənlərə isə şübhəsiz, tarix özü ən yüksək qiyməti verəcəkdir”.