Naxçıvanın tarixi abidələri, mədəniyyət, təhsil müəssisələri türkiyəli jurnalistlərin marağına səbəb olub

280

Türkiyənin Şərqi Anadolu Jurnalistləri Federasiyasının üzvü olan media qurumlarının nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

NUHÇIXAN xəbər verir ki, qonaqlar əvvəlcə Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanış olublar.

Açıq səma altında nümayiş etdirilən daş abidələr türkiyəli media nümayəndələrinin böyük marağına səbəb olub. Burada məlumat verilib ki, Açıq Səma Altında Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında yaradılıb.

Möminə xatın türbəsi ilə tanışlıq zamanı bildirilib ki, bu abidə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən 1186-cı ildə tikilib. Abidə Naxçıvanda yaranan Əcəmi memarlıq məktəbinin şah əsəridir.

Xan sarayında olarkən qonaqların diqqətinə çatdırılıb ki, bu muzey Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib.

Qonaqlar Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq zamanı burada keçirilən üçüncü “Arıçılıq məhsulları – bal festivalı”nda da iştirak ediblər. Dadı, yüksək keyfiyyəti ilə seçilən Naxçıvan balı, muxtar respublikanın müxtəlif arıçılıq təsərrüfatlarının istehsal etdiyi, insan orqanizmi üçün əvəzsiz faydası olan digər arıçılıq məhsulları media nümayəndələrinin diqqətini cəlb edib.

Nuh Peyğəmbərin türbəsində qeyd olunub ki, bu abidənin qədim dövrlərdən mövcudluğu elmi araşdırmalarla öz təsdiqini tapıb. Türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə imzaladığı “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında” Sərəncama əsasən mükəmməl şəkildə bərpa edilib.

Naxçıvan Biznes Mərkəzində qonaqlara bildirilib ki, burada muxtar respublikanın istehsal və xidmət müəssisələri tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsində bu gün muxtar respublikada 382 növdə məhsul istehsal edilir. Bu məhsulların 126 növü ərzaq, 256 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.

Türkiyəli jurnalistlər Naxçıvan Dövlət Televiziyasında da olublar. Məlumat verilib ki, müasir informasiya texnologiyalarının tətbiqi teleradio materiallarının keyfiyyətini xeyli yaxşılaşdırıb, muxtar respublikada rəqəmsal yayıma keçid təmin olunub, televiziyanın internet saytı yaradılıb, televiziya və radionun internetdə canlı yayımı təmin edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il fevralın 6-da “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə imzaladığı Sərəncamın icrası ilə əlaqədar muxtar respublikada ilk dəfə “Nuhçıxan” İnformasiya Agentliyi yaradılıb, agentliyin saytı istifadəyə verilib.

“Şərq qapısı” qəzeti redaksiyasına gələn qonaqlara qəzetin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu gün Azərbaycanın ən qocaman mətbu orqanlarından olan “Şərq qapısı” qəzeti ötən 97 ildə muxtar respublikanın həyatında siyasi, iqtisadi, sosial və mədəni hadisələrin davamlı, əhatəli salnaməsi kimi əhəmiyyətli mənbəyə çevrilib. Qəzet bir neçə nəsil üçün məktəb olub, Naxçıvanda jurnalist kadrların yetişməsində böyük rol oynayıb. Həftədə 5 gün çap edilən “Şərq qapısı” qəzeti 2012-ci ildən fəaliyyət göstərən internet saytı vasitəsilə dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən oxunur.

Naxçıvan Dövlət Universitetində bildirilib ki, ali təhsil ocağının çoxsaylı beynəlxalq əlaqələrində Türkiyənin əksər universitetləri ilə çoxşaxəli əməkdaşlıq önəmli yer tutur. Buradakı Distant Təhsil Mərkəzi ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, bu ali təhsil ocağında distant formada təhsil almaq istəyən xarici tələbələrin sayı artıb. Media Mərkəzində fəaliyyət göstərən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunda və “Qeyrət” nəşriyyatında gənc jurnalistlər üçün yaradılan şərait maraqla qarşılanıb.

Türkiyənin Şərqi Anadolu Jurnalistləri Federasiyasının üzvü olan media qurumlarının nümayəndələrinə Duzdağ Fizioterapiya Mərkəzi haqqında da geniş məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: