NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi Kəhrizlər İdarəsinin kollektivi muxtar respublika ərazisindəki qədim kəhrizlərin işlək vəziyyətdə olması üçün təmir işlərini davam etdirir.
Bu ilin ötən müddətində Şərur, Ordubad və Kəngərli rayonlarında 11 kəhriz təmir edilib, 5 kəhrizdə isə təmir işləri aparılır. Bunlar Kəngərli rayonunun Çalxanqala kəndində “Əhməd bulağı”, Xıncab kəndində “Kalba Allahverdi”, Qarabağlar kəndində “Qasım Qaybalı”, Şahbuz rayonunun Türkeş kəndində “Səfər”, Ordubad rayonunun Vələver kəndindəki “Kənd” kəhrizləridir.
Qeyd edək ki, muxtar respublikamızda 385 kəhriz var. Həmin kəhrizlərin təxminən 80 faizi işlək vəziyyətdədir.
Muxtar respublika ərazisindəki kəhrizlər su təminatını ödəməklə yanaşı, həm də tariximizi özündə yaşadan abidələrdir.
Əbülfəz Dünyamalıyev