Naxçıvanın milli dövlətçilik tarixindəki rolundan bəhs edən qiymətli monoqrafiya

82

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə 1996-cı ildə Naxçıvan şəhərində keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumundan sonra elm sahəsində başlanan inkişaf özünü aparılan elmi-tədqiqat işlərində, yeni monoqrafiya və kitabların nəşrində də göstərir. Ötən dövr ərzində Naxçıvanın tarix və mədəniyyətinin müxtəlif problemləri ilə əlaqədar çoxlu ümumiləşdirici əsərlər, məqalələr hazırlanıb, kitablar, monoqrafiyalar nəşr etdirilib. Bu günlərdə Azərbaycanşünaslığın tərkib hissəsi olan Naxçıvanşünaslıq elmi xəzinəsi yeni bir sanballı əsər ilə, akademik İsmayıl Hacıyevin uzun illərdən bəri apardığı gərgin və səmərəli tədqiqatların məhsulu olan “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyası ilə zənginləşib.

Azərbaycan dövlətçilik tarixində Naxçıvanın yeri və rolu məsələsinin əhəmiyyətini və aktuallığını nəzərə alan akademik bu mövzunu keçən yüzilliyin 90-cı illərində elmlər doktorluğu dissertasiyası üçün tədqiqat obyekti seçərək hazırladığı dissertasiyanı 1999-cu ildə uğurla müdafiə edib. Həmin vaxtdan ötən dövr ərzində Azərbaycan dövlətçilik tarixi, Naxçıvanın bu prosesdə rolu və mövqeyinə dair əlavə tədqiqatlar aparılıb, bir sıra nəticələr əldə olunub. Müasir dövrdə dövlətçilik tarixinə artan maraq və aparılan tədqiqatlar kontekstində Azərbaycan dövlətçiliyi, onun xüsusi istiqaməti kimi bu prosesdə Naxçıvanın rolu məsələsi bu gün də aktual olaraq qalmaqdadır. Bunu nəzərə alan müəllif yenidən bu mövzuya müraciət edərək çox dəyərli bir monoqrafiya hazırlayıb.

Giriş, səkkiz fəsil, nəticə, biblioqrafiya, adlar göstəricisi və əlavələrdən ibarət olan yeni nəşrin elmi redaktoru dosent Emin ­Şıxəliyev, rəyçiləri AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli və Vəli Baxşəliyevdir.
Monoqrafiyada ilk olaraq diqqət Azərbaycan tarixində dövlət və dövlətçilik problemi və onun xronologiyasına dair baxışlara yönəldilib, Azərbaycan coğrafiyasında Naxçıvanın ərazisi, təbiəti və iqlim xüsusiyyətləri müəyyən edilib. Muxtar respublikada aparılan son tədqiqatlara əsaslanaraq ərazidə insanların 500 min il bundan əvvəl məskunlaşdığını vurğulayan müəllif ən qədim zamanlardan dövlətin yaranmasınadək, yəni eramızdan əvvəl IV minilliyə qədər olan dövrdə, həmçinin eramızdan əvvəl III minillik – eramızdan əvvəl II minilliyin sonları, I minilliyin əvvəllərində Naxçıvanın Azərbaycanda dövlətin yaranma prosesində rolu məsələsi tədqiqata cəlb olunub. Müəllif belə bir məntiqi nəticəyə gəlib ki, Naxçıvanın təbii-coğrafi şəraiti, burada insanların erkən vaxtlardan məskunlaşması, böyük inkişaf yolu keçməsi onların İlk Tunc dövründə və sonrakı vaxtlarda Azərbaycanda dövlətin formalaşmasında fəal rol oynamasına gətirib çıxarıb.
Araşdırmalar bir daha təsdiq edir ki, Naxçıvan Azərbaycanın ilk mərkəzləşdirilmiş dövlətlərindən olan Manna dövründə siyasi proseslər və əlaqələrdə fəal iştirak edib, Midiya, Əhəməni imperiyaları və Make­doniyalı İsgəndər dövrünün əsas faktorlarından olub, eramızdan əvvəl IV əsrdə yaranan Atro­patena dövlətinin həyatında mühüm yer tutub. Bu dövr hadisələrindən bəhs edən müəllif Naxçıvanda aparılan son arxeoloji tədqiqatların nəticələrini təhlil edərək qeyd edir ki, bu ərazilər Urartu dövlətinin tərkibinə daxil olmayıb, əksinə, Naxçıvanın Urartu dövləti ilə hüdudlarında yerləşən Oğlanqala şəhər dövləti Urartuya qarşı mübarizə aparıb, onun Naxçıvan ərazisinə daxil olmasına imkan verməyib.
Naxçıvanın Atropatena dövlətində yeri və rolunu təhlil edən müəllif, qaynaqlarda Naxçıvan adının ilk dəfə çəkilməsi, bu ad haqqında olan fikirləri təhlil edərək belə bir qənaətə gəlir ki, “Naxçıvan” sözünün mənşəyi Nuh Peyğəmbərlə bağlı olub, “Nuh tayfalarının yurdu” mənasını verir. Monoqrafiyada Naxçıvan adının bölgəyə şamil edilməsi Naxçıvanın tarixi coğrafiyası ilə əlaqələndirilib. Aparılan bu müqayisə və təhlillər əsasında Naxçıvanın sənətkarlıq istehsalı və ticarət mərkəzi olub qapalı və ticarət mərkəzlərindən aralıda yerləşməsi ilə izah edilib.
İlk orta əsrlər zamanı – Azərbaycan dövlətçiliyinin mürəkkəb dövründə Naxçıvanın siyasi rolunun artdığını qeyd edən müəllif onun ərəb xilafəti dövründə də Azərbaycanda yeni dövlətlərin yaranması və möhkəmlənməsindəki rolundan da bəhs edir, ərazidə indiyədək qalan yer adlarına əsaslanaraq Naxçıvanın Xürrəmilər hərəkatının yayıldığı ərazilərdən biri olduğu vurğulanır. Kitabda həmin dövrdə mərkəzi Naxçıvan şəhəri olmaqla yaranan Naxçıvanşahlıq feodal dövlət qurumu, onun asılı və yaxud müstəqil dövlət olması təhlil edilir və belə bir qənaətə gəlinir ki, Azərbaycanın IX-XI əsrlər tarixinin ümumi mənzərəsinə uyğun olaraq Naxçıvanşahlığın bu dövrdə mövcud olduğunu qəbul etmək daha doğrudur.
Azərbaycanın ən qüdrətli dövlətlərindən olan Atabəylər dövlətinin tarixini araşdıran müəllif Naxçıvan şəhərini bu dövlətin paytaxtlarından və mərkəzlərindən biri kimi xarakterizə edib. Monoqrafiyada Atabəylər dövlətinin süqutundan sonra Naxçıvanda dövlətçilik ənənələrinin davam etdirilməsi, monqolların hücumları, Hülakülər dövlətinin yaranması, Naxçıvan tüməni, Əlincəqala, Hürufizm və azadlıq mübarizəsindən də bəhs edilib. Eyni zamanda Naxçıvanın Qaraqoyunlu və Ağ­qoyunlu dövlətlərinin tərkibində olduğu dövrlərə də müəyyən yer ayrılıb, Naxçıvanın mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövləti dövründəki vəziyyəti geniş şəkildə təhlil edilib. Yeni nəşrdə Osmanlılar tərəfindən yaradılan “Naxçıvan sancağı” adlı inzibati-ərazi vahidindən də danışılır. Bütün bu məsələləri dərindən təhlil edən akademik İsmayıl Hacıyev qeyd edir ki, Naxçıvan Azərbaycan Atabəylər dövlətinin 1225-ci ildə süqutu ilə Azərbaycanda dövlətçiliyin itirildiyi bir dövrdə onun bərpası uğrunda mübarizənin mərkəzlərindən biri olub, Qaraqoyunlu, Ağqoyunlu və Azərbaycan Səfəvilər dövlətinin həm meydana gəlməsi, həm də dövlətçilik tarixlərində mühüm rol oynayıb.
Monoqrafiyada Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yeri olan Naxçıvan xanlığı da tədqiqata cəlb olunub, onun ərazisi, idarəetmə sistemi, ordusu, pulu, gerbi, bayrağı və sair haqda müfəssəl məlumat verilib. Xanlığın 1828-ci ildə işğalından sonra çarizmin köçürmə siyasəti, ermənilərin xanlıq ərazisində yerləşdirilməsi, əhalinin müstəmləkəçilik əleyhinə mübarizəsi, çarizmin yaratdığı inzibati-ərazi bölgüləri, onun ərazi bütövlüyünün pozulması məsələlərinə də diqqət yetirilib. Həmçinin köçürülən ermənilərin bu ərazilərdə öz yerlərini möhkəmləndirdikdən sonra Azərbaycana qarşı torpaq iddialarına başlaması, bu iddialarını həyata keçirmək üçün xalqımıza qarşı 1905-1907-ci illərdə törətdikləri soyqırımlar da tarixi faktlarla oxuculara təqdim olunub.
Rusiya imperiyasının dağılmasından sonra yaranan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvandakı ictimai-siyasi, tarixi proseslər də monoqrafiyada ayrıca tədqiqat obyektinə çevrilib. Son dövrlərdə aparılan araşdırmalara əsaslanan müəllif qeyd edir ki, bu dövlətin yaranması ilə Naxçıvan əhalisi onu Azərbaycanın qanuni hökuməti kimi tanıyıb, onunla birləşməyə hazır olduğunu bildirib, əlaqələr yaratmağa çalışıb. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti də çox mürəkkəb vəziyyətdə olmasına baxmayaraq, Naxçıvanla əlaqələr yaratmaq üçün səylər göstərib, ona siyasi, hərbi və maddi yardım etməyə çalışıb. Monoqrafiyadan da aydın olduğu kimi, məhz bu dövrdə ermənilərin Naxçıvana iddiaları və təcavüzü güclənib, ona görə də bu təcavüzün qarşısını almaq üçün Naxçıvanda Araz-Türk Cümhuriyyəti yaradılıb, əhalinin köməyi ilə bölgənin ermənilər tərəfindən işğal edilməsinin qarşısı alınıb. Kitabda, həmçinin Azərbaycanın, onun ardınca Naxçıvanın sovetləşməsi, sovet rəhbərlərinin antiazərbaycan siyasəti, Moskva və Qars müqavilələri, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması, bununla da, Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin başlanmasından da danışılır.
Sovet dövründə Naxçıvandakı ictimai-siyasi vəziyyətin, o dövrdəki tarixi-siyasi proseslərin də təhlilinin öz əksini tapdığı monoqrafiyada bu qədim diyarın Azərbaycanın dövlət müstəqilliyinin yenidən əldə edilməsi və möhkəmləndirilməsi uğrunda mübarizəsi də tədqiqat obyektinə çevrilib. Burada ötən əsrin sonlarında Azərbaycanda müstəqillik uğrunda mübarizənin ilk mərhələsində Naxçıvandakı vəziyyət təhlil olunub, ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlməsi və onun buradakı fəaliyyətinin SSRİ-nin dağılmasında və Azərbaycanın müstəqillik əldə edilməsindəki xüsusi rolu işıqlandırılıb. Əsərdə görkəmli dövlət xadiminin Azərbaycan dövlətçilik ənənələrinin bərpası istiqamətində atdığı addımlar, Naxçıvan MSSR Ali Sovetinin 17 noyabr 1990-cı ildə Onun sədrliyi ilə keçirilən ilk sessiyasında qəbul olunan tarixi qərarlar, xüsusilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarlar təhlil edilib. Burada, həmçinin ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən, onun Naxçıvanın erməni təcavüzündən qorunması, iqtisadi-siyasi böhrandan xilas olması üçün həyata keçirdiyi tədbirlərdən, dövlət çevrilişinə cəhdin qarşısının alınmasından, Yeni Azərbaycan Partiyasının yaradılmasından, əhəmiyyətli islahatlardan və digər bu kimi taleyüklü məsələlərdən ətraflı bəhs olunub. Monoqrafiyada Azərbaycanın 1995-ci ildə qəbul olunan Konsti­tusiyasının 134-cü maddəsi ilə müəyyənləşdirilən Naxçıvan Muxtar Respublikasının statusu da diqqətə çatdırılır: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir”. Akademik də belə bir elmi qənaətə gəlir ki, bu status, həm də Naxçıvanın Azərbaycan dövlətçiliyindəki roluna verilən yüksək dəyərin nəticəsidir.
Monoqrafiyanın yekununda Naxçıvan Muxtar Respublikasının 1995-ci ilin dekabrından bu günədək müasir Azərbaycan dövlətçiliyindəki rolu təhlil olunur, ilk növbədə, cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən sonra muxtar respublikanın ictimai-siyasi həyatında baş verən dəyişikliklərdən, yeni hakimiyyət orqanlarının təşkilindən, muxtar respublikanın yeni Konsti­tusiyasının qəbul edilməsindən bəhs edilir. 1998-ci ildə qəbul olunan bu Konstitusiyanın Naxçıvanın Konstitusiya quruluşu tarixində yeni bir mərhələ olması, bundan sonra Azərbaycan dövlətçiliyində Naxçıvanın rolunun hüquqi-siyasi baxımdan yüksəlməsi kitabda elmi tarixi faktlarla təsdiqini tapıb.
Akademik İsmayıl Hacıyev əsərdə Naxçıvanda muxtar dövlətin əsas inkişaf istiqamətləri və əldə olunan nailiyyətlərdən də bəhs edib və belə bir nəticəyə gəlib ki, son 20 ildən artıq bir dövrdə Naxçıvan siyasi, sosial-iqtisadi və mədəni inkişafının yeni mərhələsinə qədəm qoyub, Azərbaycan dövlətçiliyi tarixinə yeni səhifələr yazıb.
Azərbaycan, türk, rus, ingilis dillərində 529 ədəbiyyat və internet materiallarından istifadə olunmuş yeni nəşrdə şəxsi və coğrafi adlar göstəriciləri də verilib. Əsərin sonunda 16 mart 1921-ci il Moskva müqaviləsinin, 13 oktyabr 1921-ci il Qars müqaviləsinin mətnləri, 12 noyabr 1995-ci il tarixdə referendum yolu ilə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasının Naxçıvan Muxtar Respublikası haqqında olan VIII fəsli və Naxçıvan Muxtar Respublikasının 1998-ci ildə qəbul olunan Konstitusiyasının mətnləri “Əlavələr” şəklində verilib. Burada, həmçinin müəllifin gərgin əməyinin məhsulu olan Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyətinin qanunverici və icraedici orqanlarının inkişaf tarixinə də yer ayrılıb.
Akademik İsmayıl Hacıyevin uzunmüddətli gərgin tədqiqatlarının nəticəsi kimi ərsəyə gələn yeni monoqrafiya Naxçıvanın Azərbaycan dövlətçilik tarixində yeri və mövqeyi məsələsinə həsr olunan ilk sistemli tədqiqat əsəridir. Bu əsər ermənilərin Azərbaycana, xüsusilə onun qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvana ərazi iddialarının heç bir əsası olmadığını, bu ərazinin ən qədim zamanlardan Azərbaycana məxsusluğunu sübuta yetirən çox sanballı bir tədqiqat əsəridir. Naxçıvanın erkən çağlardan başlayaraq müasir tarixinə nəzər salınan əsərdən aydın şəkildə görünür ki, bu ərazilərdə heç bir vaxt erməni dövləti olmayıb, Naxçıvan bütün dövrlərdə Azərbaycanın tərkibində olub.
Yeni nəşr ermənilərin Azərbaycan xalqının köçəri, heç bir dövlətçilik ənənəsinə malik olmaması haqqındakı iftiralarını ifşa etməsi ilə də diqqəti cəlb edir. Monoqrafiyadan aydın olur ki, təxminən, 5000 illik Azərbaycan dövlətçilik tarixində Naxçıvan mühüm rol oynayıb, tarixin müxtəlif mərhələlərində bu ərazi bir sıra dövlət qurumlarının, o cümlədən Naxçıvan­şahlığın, Azərbaycan Atabəylər dövlətinin, Naxçıvan xanlığının, Araz-Türk Cümhuriyyətinin mərkəzi hissəsi, Naxçıvan şəhəri isə bu dövlətlərin paytaxtı olub. Həmçinin Azərbaycan ərazisində Naxçıvan adı ilə bir neçə inzibati-ərazi vahidi (Naxçıvan tüməni, Naxçıvan sancağı və sair) yaranıb ki, onların da mərkəzi Naxçıvan şəhəri olub. Deməli, nəinki Azərbaycan, hətta onun qədim diyarı Naxçıvan da tarixi dövlətçilik ənənələrinə malikdir. Bütün bunlar isə ermənilərin Azərbaycanda qədim dövlətçilik tarixinə malik olmaması haqqında iddialarını ifşa edir.

Naxçıvanşünaslıq elmi xəzinəsinə çox dəyərli bir töhfə olan yeni monoqrafiya Azərbaycanın qədim elm, təhsil və mədəniyyət mərkəzlərindən olan Naxçıvan haqqında həqiqətləri, onun Azərbaycan dövlətçiliyi tarixində rolu, xüsusilə 1995-ci ildən bəri muxtar dövlət kimi keçdiyi inkişaf yolu, tarixi ədəbiyyatda deyildiyi kimi burada baş verən möcüzələrlə tanış olmaq istəyənlər üçün qiymətli elmi mənbədir.

Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: