Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə – XII yazı

150

Müzəffər Nəsirli

Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat

           1920-1970-ci illər

(Davamı)

Bakıda keçirilən həftədən  sonra Naxçıvanda ədəbi yaradıcılıq sahəsində dönüş yarandı, bir-birinin ardınca “Əlvan çiçəklər”(1966) , “Naxçıvan nəğmələri” (1968), “Odlu ürəklər” (1973)  ədəbi almanaxları və Hüseyin İbrahimovun rus dilində “Ürək səhv edəndə” hekayələr kitabı, Hüseyn Razinin “Həyəcanlı gecə “ (1966) povesti,  şairə Kəmalə Ağayevanın “Gül yarpağı”, şair Müzəffər Nəsirlinin “Laləli dağlar” (1965), “Yanar üfüqlər” (1967),  Əliyar Yusiflini “Səni xatırlayıram” (1967), Məşkurun “Mənim arzum”(1967), Adil Qasımovun “Pıçıltılar” (1969) şeir kitabları nəşr edildi.

Şair və yazıçıların bu yeni əsərləri göstərdi ki, qədim Naxçıvanda qüvvətli ədəbi  gənclik yetişmişdir ki, onlar müasir həyatımızı, yeni insanın mənəvi aləmi, Azərbaycan poeziyasının çoxəsrlik  ənənəsini  davam etdirmək iqtidarına malikdirlər.  Muxtar respublikada Heyran xanım, Mirzə Cəlil,  Əliqulu Qəmküsar, Hüseyn Cavidin  varisi  olan yeni ədəbi nəsil yaranmışdı ki, bunlar qədim Naxçıvan torpağının yeni poetik sənətini, sələflərinin yolunu davam etdirəcəklər.

Vaxtilə Məmməd Tağı Sidqinin təşəbbüsü ilə 1890-cı ildə Naxçıvanda dahi rus şairi  A. S.Puşkinin anadan olmasının 100 illiyinin qeyd edilməsi böyük mədəni hadisə olmuşdur. Sovet hakimiyyəti illərində 1927-ci ildən başlayaraq bu tarixi ənənə  davam edir. Son illərdə Naxçıvanda Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan şöbəsi tərəfindən Azərbaycan, rus, gürcü, Ukrayna, tatar və dünya yazıçı və şairlərin yubileyləri təntənəli surətdə qeyd olunmuşdur. Azərbaycan və  bütün Sovet xalqı 1957-ci ildə böyük sənətkar, inqilabçı -demokrat Azərbaycan satirasının bahadırı Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyini böyük təntənə ilə keçirdi. Xüsusən Cəlil Məmmədquluzadənin Vətəni Naxçıvanda bu yubiley çox yüksək səviyyədə qeyd olundu.  Respublikanın rayon mərkəzlərində, Mirzə Cəlilin  işlədiyi Nehrəmdə, Baş Noraşendə ədəbi gecələr, yubiley şənlikləri keçirildi.   Baş Noraşen kəndinə Cəlilkənd  adı verildi.

  12 İyun 1967-ci ildə şəhərin Nizami küçəsindəki meydanda ədibin  heykəlinin  bünövrəsi qoyuldu. Bu mərasimdə görkəmli yazıçı və mədəniyyət xadimləri  Süleyman Rüstəm, Əli Vəliyev, Süleyman Rəhimov, Balaş Azəroğlu, Mədinə Gülgün, Nəriman Həsənzadə, Naxçıvan Yazıçılar şöbəsinin məsul katibi Müzəffər Nəsirli ,  görkəmli alimlər- Abbas Zamanov, Məmmədcəfər Cəfərov və muxtar respublikanın partiya, sovet təşkilatlarının nümayəndələri iştirak etdilər. Həmin gün Lenin adına mədəniyyət və istirahət parkında Cəlil Məmmədquluzadənin adını daşıyan Naxçıvan Ədəbiyyat Muzeyinin açılışı oldu. Axşam Cəlil Məmmədquluzadənin adını daşıyan Naxçıvan Dövlət Dram tetarında təntənəli yubiley gecəsi keçirildi. Əlbəttə, belə mədəni tədbirlər yaradıcılıq sahəsində çalışan adamlara müsbət təsir göstərir, onlardan daha da səmərəli işləməyi öz yaradıcılıqlarına tələbkarlıqla yanaşmağı tələb edirdi. Çünki bu tədbir muxtar respublikamızın ədəbi həyatında diqqətəlayiq hadisə idi. Həqiqətən, bu tədbirlər öz bəhrəsini verib, yazıçı və şairlərimiz yeni əsərlər üzərində işləyib  öz oxucularının qarşısında borclu qalmadılar.

1965-70 -ci illərdə Hüseyn İbrahimov “Itirilən sağlıq”, Hüseyn Razi “Günəş”,  Əliyar Yusifli “Səadət naminə”,  Kəmalə Ağayeva “İsmət”, Məmmədəli Tarverdiyev “Qəmküsar” adlı dram əsərlərini yazdılar. Naxçıvan Musiqili  Dram Teatrının səhnəsində Hüseyn Razinin “Günəş”,  Hüseyn  İbrahimovun “İtirilən sağlıq”, Hüseyn Əzimin “Əkbər kimdir” və Əlyar Yusiflinin “Səadət naminə”  adlı müasir mövzuda yazılmış pyesləri müvəffəqiyyətlə tamaşaya qoyuldu. Naxçıvanda yaşayan şairlərdən Müzəffər Nəsirli “Əsgər toqqası”,  “Arpaçay dastanı” poemalarını, Hüseyn Əzim, Əhməd Mahmud, Hüseyn Razi müasir mövzuda yeni sosialist insanın mənəvi aləmini əks etdirən şerlər yazdılar. Yaradıcılıq axtarışları apardılar. Muxtar respublikanın bütün əmək adamlarının fədakar əməyini təsvir etdilər.  1970 -ci ildə  Sovet xalqı, bütün mütərəqqi bəşəriyyət kimi, Azərbaycan xalqı da dahi Vladimir İliç Leninin anadan olmasının 100 illiyini təntənə ilə qeyd edərkən, Naxçıvanda yaşayan şair və yazıçılar, ona  həsr olunmuş bir sıra əsərlər yazdılar. Bunlardan Müzəffər Nəsirlinin “Qaya üstündə şəkil”, Hüseyn Razinin “Ulyanovsk xatirələri” , Kamalə Ağayeva və Əliyar Yusiflinin Leninə həsr olunmuş şerlərini,  gənc şair  Adil Qasımovun  “Qatar gedir” poemasını göstərmək olar.  Bu əsərlərdə  xalqların Lenin dostluğu,  xalqımızın Leninə  olan sonsuz məhəbbəti  öz ifadəsini tapmışdır.

Vladimir İliç Leninin  anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan şəhərində və rayonlarda Leninə  həsr edilmiş gecələr, Naxçıvan şəhərində isə Mədəniyyət Günləri keçirildi. Bu günlərdə “Ədəbiyyatımızda Lenin  surəti”  haqqında mühazirələr oxundu.

 16 mart 1970 –ci ildə Bakı şəhərində  Naxçıvan günləri başlandı. Bu əlamətdar vaxtda keçirilən Naxçıvan günlərinin əhəmiyyəti haqqında “Kommunist”  qəzetində çıxış edən Azərbaycan KP  Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi H.X. İbrahimov yazmışdı:

“Naxçıvan MSSP –nin zəhmətkeşləri şanlı yubileylər ərəfəsində doğma paytaxt, qəhrəman Bakı şəhərinə görüşə, təsərrüfat quruculuğu və mədəni quruculuq sahəsində qazandıqları böyük müvəffəqiyyətlərə gəlirlər”  (“Kommunist” qəzeti 15 mart 1970-ci il. N-62, 14363)

  Naxçıvanda yaşayan yazıçılar, şairlər də Bakıya əliboş gəlmədilər, onları öz poetik çələngləri ilə Lenin  adına Azərbaycan Pedaqoji İnstitutunda,  Leytenant Şmidt adına maşınqayırma zavodunda,  Qaradağ və Lenin  rayon neftçiləri qarşısında, Bakı Biskvit fabrikində öz alovlu şerləri ilə çıxış etdilər. Fəhlələrin və ziyalıların rəğbətini qazandılar.

Azərbaycan Yazıçılar İttifaqında Bakılı qələm dostları ilə görüşü faydalı məsləhətlər aldılar və öz yaradıcılıq planları ilə onları tanış etdilər. Bakıda Əzizbəyov adına Azərbaycan Dövlət Bədaye Teatrının səhnəsində Əlyar Yusiflinin “Səadət naminə”  əsəri  göstərildi, “Azərbaycan”  jurnalında Naxçıvanlı şairlərin yeni şerləri,  yazıçı Hüseyn İbrahimovun “Günəş doğan yerdə”  romanı,  Güllü Məmmədovanın “Onlar və biz”  hekayəsi çap edildi. Müzəffər Nəsirlinin  “Yanar üfüqlər”, Hüseyn Razinin “Səsləşən dağlar” , Əliheydər Qəmbərovun “Ürək”, Hüseyn Əzimin “Dübəndi”,  gənc şairə Elmira Qasımovanın “Sevdalı könül”, Möhsün Möhsünovun “Süd haqqi” hekayə və  şeir kitabları  oxucuların kitab rəflərini bəzədilər. Çünki bu şeir və hekayə kitablarında cəm olunmuş şerlər və hekayələr Naxçıvan Muxtar Respublikasının  inqilabi keçmişini , gözəl təbiətini , əmək adamlarının firvan həyatını , xalqımızın beynəlmiləl ruhunu,  partiyamıza sədaqətini poetik dillə təcəssüm etdirirlər.

1971- 72-ci illər Naxçıvan mədəni və ədəbi həyatında diqqətəlayiq əlamətdar hadisələr olmuşdur. 1973-cü ildə bütün Sovet xalqı kimi, Naxçıvan zəhmətkeşləri də SSRİ nin təşkilinin 50  illiyini təntənə ilə bayram etdi. 1970-ci   ilin oktyabr ayında Azərbaycanda keçirilən RSFSR ədəbiyyat və incəsənəti dekadası günlərində böyük rus xalqının elçilərinin bir qrupu 5 oktyabrdan 9 oktyabradək  Naxçıvan Muxtar Respublikasında oldular.  Ordubad, Culfa və Naxçıvanda müəssisələrdə , kolxozlarda zəhmətkeşlərlə görüşdülər. Naxçıvan zəhmətkeşləri qonaqları sonsuz hərarətlə qarşıladılar və qonaqların gəlişi  yeni ədəbi əsərlərin yaranmasına stimul oldu. Ayrı- ayrı şairlər və yazıçılar, vahid sovet xalqının dostluğu və qardaşlığını tərənnüm edən poema,hekayə,  şeirlər yazdılar. Şair dramaturq Hüseyn Razinin 1930-cu illərdə sinfi mübarizəyə həsr edilən “Arxalı dağlar” pyesi tamaşaya qoyuldu.

Naxçıvan ədəbi həyatında unudulmaz hadisələrdən biri də görkəmli sovet yazıçısı Azərbaycanda tarixi romanın banisi  yazıçı Məmməd Səid Ordubadinin anadan olmasının 100 illiyinin ümumxalq şənliyinə çevrilməsi  və Ordubad şəhərində Məmməd Səid Ordubadinin ev muzeyinin təntənəli surətdə açılışı idi.

Yubiley konfransında iştirak etmək üçün noyabrın 11-də Azərbaycanın görkəmli alimləri və yazıçıları, respublikanın xalq şairi Rəsul Rza,  yazıçılardan Əli Vəliyev, İsmayıl Şıxlı Ordubadinin anadan olmasının 100 illiyini keçirmək  üçün təşkil olunmuş yubiley komissiyasının sədri, Azərbaycan SSRİ Elmlər Akademiyasının müxbir üzvü, filoloji elmlər doktoru  Məmməd Cəfər Cəfərov, filologiya elmləri doktoru Yəhya Seyidov, filologiya elmləri namizədi Fəridə Vəzirova, yazıçı Ənvər  Yusif oğlu,  şair Adil Babayev, yazıçı Əbülfəz Abbasquliyev Ordubad şəhərinə gəlmişdir. Onlar Ordubadinin doğulduğu evdə təşkil olunmuş muzey o vaxtlar həmin axşam da “Araz”  adlı kinoteatrda Ordubad şəhər zəhmətkeşlərinin iştirakı ilə təntənəli yubiley gecəsi keçirildi. Yubiley gecəsində filologiya elmlər doktoru Yəhya Seyidov Məmməd Səid Ordubadinin həyat və yaradıcılığı haqqında geniş məruzə etdi, məruzədən sonra Ordubadinin yaradicılığının tədqiqatçısı  Fəridə Vəzirova, xalq şairi Rəsul Rza,   şair  Adil Babayev, yazıçı Əli Vəliyev, Məmməd Cəfər Cəfərov, Məmməd Səid Ordubadinin qardaşı qızı Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun müəllimi  N. Məmmədova, Ordubad şəhərinin bir nömrəli orta məktəbinin müəllimi N. Bağırov çıxış etdilər.

Noyabrın 12-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında şəhər zəhmətkeşlərinin iştirakı ilə təntənəli yubiley gecəsi keçirildi. Gencəni Azərbaycan KP  Naxçıvan Vilayət Komitəsinin katibi Rəşid Qazıbəyov  açaraq Ordubadinin Azərbaycan ədəbiyyatı və mədəniyyətindəki və  Azərbaycan partiya təşkilatı tarixindəki fəaliyyətindən danışdı. Gecədə filologiya elmlər doktoru Abbas Zamanov  Məmməd Səid Ordubadinin yaradıcılığı haqqında geniş məruzə etdi. Məruzədən sonra filoloji elmlər  doktoru  Məmməd Cəfər Cəfərov, xalq şairi Rəsul Rza, yazıçı Əli Vəliyev, İsmayıl Şıxlı, Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun talibəsi Sabirə Mikayılova, Azərbaycan LKGİ  Naxçıvan Vilayət Komitəsinin katibi Yaşar Xəlilov, Naxçıvanda 6 N-li   tikinti idarəsinin fəhləsi,  Naxçıvan MSSR  Ali Sovetinin  deputatı Dilavər Quliyev, SSRİ Ali Sovetinin deputatı və Naxçıvan rayonundakı Lenin  adına kolxozun manqabaşçısı  Lətifə Babayeva, Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan şöbəsinin məsul katibi  Müzəffər Nəsirli   Məmməd Səid Ordubadi yaradıcılığı haqqında da öz xatirələrini söylədilər.  Şair Adil Babayev, Hüseyin Razi, Kəmalə Ağayeva, M.S.  Ordubadiyə  həsr etdikləri şerləri oxudular.  Noyabrın 13 də şəhər zəhmətkeşlərinin  izdihamlı mitinq keçirildi.  Məmməd Səid Ordubadinin adını daşıyan Respublika Kitabxanası qarşısında  Ordubadinin qranit  büstünün açılışı oldu. Şəhər zəhmətkeşləri məktəblilər büstün ətrafına 100 dəstə çiçək qoydular. Bütün bunlar Məmməd Səid Ordubadinin timsalında Naxçıvan zəhmətkeşlərinin sənətkara olan məhəbbətinin ifadəsidir.

 Hazırda Naxçıvanda şair və yazıçıların sırasına gəlmiş istedadlı gənclər var. Bu istedadlı gənclərin inkişafı üçün yazıçılar şöbəsi hərtərəfli kömək edir.SSRİ-nin  təşkil edilməsinin 50  illiyi münasibətilə Azərbaycan LKGİ  Naxçıvan vilayət komitəsi və Yazıçılar şöbəsi tərəfindən keçirilmiş ədəbi müsabiqədə gənc şair  Adil Qasımov “Bir eşqin nəğməsi”  poeması ilə 1-ci dərəcəli, fəhlə şair  Cavanşir Eloğlu “Əsgər anası”  şeiri  ilə 2-ci dərəcəli mükafata layiq görülmüşdür. Naxçıvanda fəaliyyət göstərən Azərbaycan Yazıçılar İttifaqının şöbəsi, gənclərimizi  həvəsləndirmək və onların yazıçılıq mədəniyyətini inkişaf etdirmək üçün müntəzəm olaraq bir sıra faydalı tədbirlər keçirir. 1973 -cü il mart ayının 14  gənc yaradıcı ziyalıların III  Respublika müşavirəsində XXIV  partiya qurultayının yaradıcılıq məsələləri üzrə qarşıya qoyduğu vəzifələri gənc yaradıcı ziyalılar tərəfindən necə yerinə yetirildiyi müzkirə olundu. Müşavirə əsasən gənc yaradıcı ziyalıların düzgün istiqamət tutduğunu qeyd edərək, onları müasir həyatdan, fəhlə və kolxozçuların  məişətindən yüksək bədii dəyərə malik əsərlər yazmağa çağırıb yaradıcı gənclərə müraciət qəbul etdi.  I Respublika müşavirəsi kimi, bu müşavirənin də işi poeziya gecəsi ilə yekunlaşdırıldı. Gecədə Fikrət Qoca, İsgəndər Coşqun, şair Məmməd Araz, Müzəffər Nəsirli gənc şairlərdən Rahilə İbrahimova, Cavanşir Eloğlu, Muxtar Qasımzadə  Sovet dövlətini, partiyamızı tərənnüm edən şerləri ilə çıxış etdilər. Bu müşavirə isbat etdi ki,  Naxçıvan Muxtar Respublikasında 50  ildə yaranıb inkişaf etmiş mədəniyyət və maariflə yanaşı, ədəbi yaradıcılıq da inkişaf etmiş, sənətkar qələminə malik yeni şair və yazıçılar nəsli yetişmişdir.

                                                                                                                                                         ARDI VAR

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: