Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə – IX yazı

219

Müzəffər Nəsirli

Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat

           1920-1970-ci illər

(Davamı)

Böyük Vətən müharibəsi xalqımızın qələbəsi ilə başa çatdı. Bu böyük tarixi hadisə xalqın sevincinə, yaradıcı gənclərin coşğun ilhamına səbəb oldu.  Cəbhəyə getmiş şairlər  Müzəffər Nəsirli, İslam Səfərli və başqaları Vətənə qayıtdılar və odur ki, istər gənc, istərsə də yaşlı nəslin nümayəndələri yeni yaradıcılıq yoluna qədəm qoydular. Onlar Böyük Vətən müharibəsində xalqımızın mərdlik və şücaətini əks etdirən nikbin əhval ruhiyyəli əsərləri  ilə bərabər, quruculuq məsələlərinə  aid hekayə şer və oçerkləri ilə mətbuatda çıxış etdilər. Lakin müharibə, xalq təsərrüfatında olduğu kimi, ədəbiyyat sahəsində də bir çox qüsurlar yaratmışdı. Buna görə də 1946-cı ilin avqust ayında partiyamızın Mərkəzi Komitəsi ədəbiyyata aid bir sıra qərarlar qəbul etdi,  Yazıçılar qarşısına dolğun, yüksək ideyalı poetik əsərlər yaratmaq tələb qoydu. Çünki Azərbaycanda olduğu kimi Naxçıvanda yaşayan yazıçı və şairlərin də yaradıcılığında hələ ciddi qüsurlar müşahidə olunurdu.

Müharibədən sonra Mərkəzi Komitənin  ədəbiyyat, kino musiqiyə aid qərarlarından özü üçün nəticə çıxaran Naxçıvan Vilayət Partiya Komitəsi 1946-cı ilin oktyabr ayında respublikada yaşayan şair və yazıçıların müşavirəsini keçirdi. Həmin müşavirədə Leninqrad partiya fəalları və yazıçıların yığıncağında Jdanov  yoldaşın məruzəsi müzakirə olundu, istər məruzədə və istərsə də məruzə ətrafında çıxışlarda Naxçıvanda yaşayan şair və yazıçılardan Hüseyn Əzim, Müzəffər Nəsirli, Hüseyn İbrahimov, Əbülfəz Abbasquliyevin yaradıcılığındaki  müsbət cəhətlərlə yanaşı  nöqsanlar haqqında fikirlər söylənildi. Bu müşavirədə Naxçıvanda yaşayan şair və yazıçıların böyük Vətən müharibəsi dövründəki ədəbi fəaliyyəti belə səciyyələndirilirdi:

“ Azərbaycan ədəbiyyatına  görkəmli nümayəndələr  vermiş, Naxçıvan həmişə olduğu kimi indi də ədəbi simalar yetişdirməkdədir. İndi bizi Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan filialı ətrafında birləşən çoxsaylı ədəbi gənclik görürük. Burada bu gənclərin əsərlərini səhnədə görürük, mətbuatdan oxuyuruq, radiolarda eşidirik. Oxuduğumuz və dinlədiyimiz əsərlərin əksəriyyəti müasir mövzuda, günün tələbləri əsasında yazıldığına görə deyə bilərəm ki, ədəbi gəncliyimizin belə sağlam yolla getməsi fərəhləndiricidir”.

“Şərq qapısı” qəzeti . 20 oktyabr.1946 cı il. N -116 4137)

Müşavirənin  Naxçıvan Muxtar Respublikasının mədəni və ədəbi həyatında böyük tarixi əhəmiyyəti oldu.  Gənc istedadların yaradıcılığı inkişafına istiqamət verdi. Onlar mücərrədlikdən, ideyasızlıqdan, ümumi sözçülükdən uzaqlaşaraq Naxçıvan Muxtar Respublikasının əmək adamlarının həyatını əks etdirən əsərlər yazdılar. Bu dövrdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının sabiq məsul katibi Nağı Nağıyev yoldaşın xidməti ayrıca qeyd  olmalıdır. O, cəbhədən qayıtmış, yazıçı və şairləri filial ətrafına toplayıb Naxçıvanda ədəbi yaradıcılığın inkişafına var qüvvəsini sərf edirdi. 1946-ci ildən başlayaraq filialın  ətrafında cəlb olunmuş, Müzəffər Nəsirli, Məmmədəli Tarverdiyev, Islam Səfərli, Hüseyn İbrahimov, Əkbər Məftun ,Hüseyn Əzim, Hüseyn Razi, Davud Ordubadlı, Əhməd Mahmud, Yəhya Seyidov, Əbülfəz Abasquliyev, Cavad Cavadlı kimi istedadlı şair və yazıçılar coşqun ədəbi yaradıcılığa başladı. 1939-cu ildə “Ədəbiyyat” qəzetinin redaksiya məsələsində oxuyuruq : “ Filialın  ətrafında toplaşmış yazıçılar ÜİK (b) Partiyasının Mərkəzi Komitəsinin ədəbiyyat və incəsənət haqqındakı tarixi qərarından sonra öz ədəbi yaradıcılıqlarında dönüş yaratmağın zəruri olduğunu hiss edərək müasir həyatımızı,  zəhmətkeşlərin yeni beşilliyi  həyata keçirməyi uğrunda gərgin mübarizəsini, Sosialist tarlalarında əmək fədakarlığı nümunələri göstərən kolxozçuların iş təcrübələrini əks etdirən bir sıra əsərlər yazmağa başlamışdılar”.(“Ədəbiyyat” qəzeti. N-15, 556. 28 may, 1949-cu il ).

Həqiqətən, müharibədən sonrakı 1946- 1958-ci ilə kimi Naxçıvanda ədəbi  həyat canlandı. Şair və yazıçılar əməyi tərənnüm edən diqqətəlayiq əsərlər yazdılar. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram teatrında Nağı Nağıyevin “Polad”   əsərindən sonra Əkbər Məftunun  “Sevənlər”,  Hüseyn İbrahimovun “Torpaq təslim olur”, Əbülfəz Abbasquliyevin “Günəş doğur”, İslam Səfərlinin “Xeyir və Şər” pyesləri müvəffəqiyyətlə tamaşaya qoyuldu.

1940-cı illərdə Naxçıvan Muxtar Respublikasında xalq təsərrüfatı ilə yanaşı, mədəniyyət də inkişaf etmiş,  adamların bilik səviyyəsi yüksəlmişdi. Artıq kolxozçular , zəhmətkeşlər  öz həyatlarını yazıçılarımızın istər nəsr,  istər poeziya və istərsə də dram əsərlərində  görmək istəyirdilər.

Bu həqiqəti dərk edən şair Müzəffər Nəsirli   1949-cu ildə muxtar respublikanın Qarabağlar kəndindəki Karl Marks kolxozunun  üzvləri,  sosialist Əməyi Qəhrəmanları tütün ustaları  Xasa Vəliyeva və  Növrəstə Quliyevaya həsr olunmuş “Birinci manqa”  adlı poemasını yazmışdır.

Gənc şair Hüseyn Razi :

Parlaq camalına alqış, min alqış,

Zəhmətin nə böyük qüdrəti varmış! – misraları ilə başlanan şerində pambıq ustası, muxtar respublikanın ilk əmək mayağı, Sosialist Əməyi Qəhrəmanı Tamam Əliyevanın poetik surətini yaratmış, onun yaradıcı əməyini tərənnüm etmişdir.

Bu illərdə Azərbaycan nəsrinə yaradıcılığının ilk günlərindən öz nəfəsi ilə gələn gənc yazıçı Hüseyn İbrahimov  xalqlar dostluğundan, əmək adamlarının həyatını, onların sevgi hisslərini əks etdirən “Böyük dostluq” , “Gülzar”,  “Müğənni”  kimi hekayələr yazmışdır. Oxucuların rəğbətini  qazanmışdı. O, uzun müddət filialının məsul katibi vəzifəsində işləyib, yeni ədəbi qüvvələrin yetişməsində öz qüvvəsini əsirgəməmişdi. Onun köməyi ilə 1950-ci illərdə təcrübəli yazıçı və şairlərlə yanaşı, Hüseyn Razi, Əliyar Yusifli, Məşkur Əkbər,  Kəmalə Ağayeva kimi yaradıcılıq yoluna qədəm qoyan istedadlı gənclər yetişmişdir.  1954-cü ildə xalq şairi Səməd Vurğunun Naxçıvana gəlməsi biz yaradıcı adamlarda böyük ruh yüksəkliyinə səbəb oldu.  Səməd Vurğun bizimlə  müasir ədəbiyyatın, xüsusən Sovet poeziyasının xüsusiyyətləri haqqında səmimi söhbətlər apardı.    Filialın məsul katibi, yazıçı Hüseyn İbrahimovla  respublikamızın ayrı- ayrı rayonlarında olub, zəhmətkeşlər qarşısında çıxış etdi. Naxçıvan Dövlət Dram Teatrının binasında şəhər zəhmətkeşləri,  yazıçı və şairlər, ziyalılar ilə görüşüb, yeni yazdığı “Zamanın bayraqdarı” poemasından fəsillər oxudu. Görüş çox səmimi keçdi, hələ də bu görüş naxçıvanlıların xatirindən silinməmişdir və silinməyəcəkdir. Demək olar ki, xalq şairinin bilavasitə köməyi ilə artıq ayrı-ayrı şairlərin, yazıçıların, o cümlədən şair  Əkbər Məftunun “Şeirlər”, Hüseyn İbrahimovun “Gülzar” hekayələr kitabı Azərnəşr tərəfindən nəşr edilib oxuculara çatdırıldı. Lakin istər yaşlı yazıçıların, istərsə də bu yeni ədəbi qüvvələrin hərtərəfli yaradıcılıq köməyinə ciddi ehtiyac vardır. Çünki Naxçıvanda yaşayan şair və yazıçıların sənətkarlıq vüsəti aşağı səviyyədə idi, ancaq onların bir çox diqqətəlayiq əsərləri var idi. 1955-ci  ildə Xalq şairi Məmməd Rahim və Yusif Məmmədovun redaktorluğu ilə filial ətrafında 11 şair  və bir nasirin əsərlərindən ibarət “Səadət mahnıları”  almanaxı nəşr olundu. Müzəffər Nəsirli ,Hüseyn Razi, Hüseyn Əzim və Hüseyn İbrahimovun almanaxda nəşr olunmuş şeir və hekayələri, ədəbi tənqidin nəzər diqqətini cəlb etdi. Naxçıvanda istedadlı gənclərin olduğunu nümayiş etdirdi.

 

(Ardı var)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: