Naxçıvanın ədəbi mühiti haqqında dəyərli mənbə - III yazı

149

                                                             Müzəffər Nəsirli

Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat

1920-1970-ci illər             

                                                                    ( Davamı)

Məlum olduğu üzrə, 1928-29-cu illər Azərbaycanda mədəni inqilab dövrü idi. Azərbaycanda …savadsızlıq, nadanlıq, sərxoşluq, çadra əleyhinə amansız mübarizə aparılırdı.

Buna görə də Naxçıvan ədəbi gəncliyi bu mühüm tədbirin yerinə yetirilməsində fəal iştirak edirdi. Onlar çadra əleyhinə, savadsızlıq əleyhinə, köhnə adət və ənənələr əleyhinə şeir və hekayələr yazır və mətbuatda çap etdirirdilər.

Həmin illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət komitəsinin katibi vəzifəsində işləyən Bakı fəhləsi Qurbanəli Mustafayev Naxçıvandakı ədəbi gəncliyə rəhbərlik etməklə bərabər özü də maraqlı hekayələr yazır,  “Gənc işçi” qəzetində çap etdirirdi.  Onun oxucuların sevə-sevə oxuduğu “Qız qaçırma” və “Yuxulu gecələr” adlı hekayələri diqqətə layiq idi. Cəsarətlə demək olar ki, “Yaquboğlu” imzası ilə çap olunan bu hekayələrdə keçmişin iyrənc adətləri qız qaçırma, qan davası, tayfabazlıq məharətlə ifşa edilmişdi.

Bu illərdə Naxçıvan şəhər komsomol klubu ədəbi yaradıcılıq mərkəzinə çevrilmişdi. Buraya bir çox istedadlı yazıçılar və şairlər toplanmışdılar. Lakin onların yaradıcılığında qüsurlu cəhətlər çox idi. Xüsusın Qurbanəli Mustafayev yoldaş Azərbaycan LKGİ Mərkəzi Komitəsinə katib getdikdən sonra ədəbi gəncliyə düzgün istiqamət verən olmadı. Digər tərəfdən 1930-cu illərin əvvəllərində muxtar respublikamızda kəskin sinfi mübarizə şəraitində gənc şairlərin bir qismi Sovet varlığını əks etdirən əsərlər yazsalar da həmin əsərlərin müasirliyinə, siyasi aktuallığına lazımınca diqqət vermirdilər.

Buna görə də 1931-ci ildə Azərbaycan Proletar Yazıçılar cəmiyyətinin katibi Hüseyn Mehdi yoldaş Naxçıvana gələrək, partiya maarif evində (indiki uşaq kitabxanasının binasında-1971-ci ildəki bina) Naxçıvanda yaşayan yazıçıların iclasını keçirdi. Azərbaycan Proletar ədəbiyyatının qarşısında duran vəzifələr haqqında ətraflı bəhs etdi. Naxçıvanda yaşayan yazıçı və şairlərin yaradıcılığındakı məhdudluğun əsil səbəbini göstərdi.

Hüseyn Mehdi yoldaşın Naxçıvana gəlməsi ilə əlaqədar olaraq “Şərq qapısı” qəzetəsində “Ədəbi gəncliyin sağlam yaradıcılığı uğrunda” adlı redaksiya məqaləsi çap edildi. Həmin məqalədə yazılırdı ki, yerli təşkilatlar gənclərin yaradıcılığına istiqamət vermir, gənclər isə öz əsərləri üzərində lazımınca işləmirlər, müasir proletar ədəbiyyatının tələblərindən geri qalırlar ”.

Mehdi  Hüseyn yoldaşın iştirakı ilə keçirilən yığıncaqdan sonra Vilayət Partiya təşkilatı ilə birlikdə lazımi tədbirlər planı hazırlandı və “Şərq qapısı” qəzetəsində müntəzəm olaraq ədəbiyyat səhifələri verilməyə başlandı.

 Lakin inkar edilməz həqiqətdir ki, Naxçıvanda gənclərimizin ədəbi yaradıcılığının inkişafı hələ çox zəif idi. Çünki az-çox istedadlı gənclər Bakıya təhsil almağa getmişdilər. Proletar Yazıçılar cəmiyyəti sıralarında birləşən gənclərimizin bir çoxu başqa sahələrdə işləyirdilər. Yaradıcılıq cəbhəsindən uzaqlaşmışdılar.

(ardı var)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: