Naxçıvandan Küveytə 25 min dollar dəyərində mineral su satılıb

713

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasına gələn Küveytin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Saud Abdulaziz Alroomi Naxçıvanda bir sıra obyektlərlə  tanış olub.

Naxçıvanın iqtisadi göstəricilərini əks etdirən Biznes Mərkəzinin sərgi salonu  ilə tanışlıq zamanı qonağa  muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verilib. Sonra səfir mərkəzin akt zalında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat  naziri Famil Seyidovla görüşüb.  Görüşdə qeyd olunub ki, artıq bu ildən Naxçıvandan Küveytə  məhsul ixracına başlanılıb. Belə ki, cari ildə bu ölkəyə  25 min dollar dəyərində mineral su satılıb.

Sonra Duzdağ Fizioterapiya Mərkəzinə gələn qonağa mərkəzin fəaliyyəti haqqında geniş məlumat verilib.

İlk dəfə olaraq Naxçıvana səfər edən səfir burada həqiqətən də təəccübləndiyini vurğulayıb. Muxtar respublikada istehsal olunan təbii mineral sular və digər istehsal sahələri qonağın marağına səbəb olub. Səfir Saud Abdulaziz Alroomi bildirib ki, Küveytdə Naxçıvanda istehsal olunan taxta və daş  məhsulları ilə daha çox maraqlanırlar. Bundan başqa istehsal olunan bir çox məhsullara öz ölkəsində böyük tələbat var. Küveytlə Naxçıvan arasında geniş iqtisadi münasibətlər qurula bilər.

“Biz digər ölkələrdən qapı idxal edirik. Amma onu deyə bilərəm ki, onlar buradakı qapılar qədər keyfiyyətli deyil. Küveytin Naxçıvana yaxın olması iqtisadi əlaqələrimizi daha da asanlaşdıracaq. Yaxın gələcəkdə Küveytdən buraya seçkin iş adamları ilə səfərim ola bilər. Duzdağ da məni çox təəccübləndirdi. İlk dəfədir belə bir müalicəvi mərkəzə gəlirəm. Hiss olunur ki, burada çox böyük iş görüblər. Bura xüsusən də turistlər üçün böyük əhəmiyyət kəsb edir” – deyə küveytli qonaq öz təəssüratını bölüşüb.

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: