Naxçıvandan Buenos-Ayresə uzanan yol

168

Bu yolda qazanılanlar Naxçıvan idmanının uğurlarıdır

Ağır atletika risk tələb edən mürəkkəb bir idman növüdür. Bu növdə qüvvət və sərtliyin birləşməsi idmançıya böyük bir çəkini qaldırmaq imkanı verdiyi kimi, psixoloji gərginlik də yaradır. Ağır atletika ən qədim idman növü kimi olimpiya oyunlarının proqramına daxil edilib. Dünyanın ən mötəbər idman bayramında bu növ öz “ağırlığı” ilə böyük nüfuz qazanıb. Belə bir “ağırlığın” altına girmək böyük məsuliyyət, cəsarət tələb edir. Bu öhdəliyi öz üzərinə götürən isə hazırda dünyanın ən güclü idmançılarından biri hesab edilən, yeni­yetmələr arasında ikiqat Avropa çempionu Tərmenxan Babayevdir. 100 ilə yaxın ağır atletika tariximizdə təkanla qaldırma hərəkətində  onun ram etdiyi çəkiləri bu yaşda öz çəkisində heç kim başı üzərinə qaldıra bilməyib.

İlk yarışdan ümidləri doğruldan idmançı

Şərur rayonunun Çomaxtur kəndində 2002-ci ildə dünya­ya göz açan Tərmenxan Babayev idmana erkən yaşlarından maraq göstərib. 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinə yazılıb. Burada onun ilk məşqçisi Şəfi Hüseynov olub. İkiillik məşqlərdən sonra o, ölkə birinciliyində uğurlu nəticə qazanıb. Təməli bu yarışdan qoyulan uğurlar onun milli komandaya dəvət olunması ilə nəticələnib. Bununla da onun üçün idman karyerasında yeni dönəm başlayır. Tərmenxan qarşısına bir məqsəd qoyur: idman rejiminə riayət etmək və böyük rəqabətdən qalib ayrılmaq. Qısa vaxt kəsiyində bunun öhdəsindən gələn Tərmenxanın özünəinamı artır, 2016-cı ilin əvvəlində çıxış etdiyi ölkə birinciliyində çempion olur, Azərbaycan kubokunu başı üzərinə qaldırır. Həmin il yığmanın heyətində Malayziyada keçirilən dünya birinciliyində mükafat qazanmasa da, ilk beynəlxalq yarışda hamının diqqətini cəlb edir.

 Rekordlarla dolu il

Tərmenxan Babayevin idman karyerasına 2017-ci il qızıl hərflərlə yazılır. Həmin ilin aprel ayında Tailandın paytaxtı Banqkokda keçirilən dünya birinciliyində 77 kilo­qram çəki dərəcəsində çıxış edən Tərmenxan birdən qaldırmada 125, təkanla qaldırmada isə 155 kiloqramlıq nəticə ilə yekunda B qrupunun qalibi olur. Əldə edilən bu uğur ona Buenos-Ayresdə keçiriləcək yeniyetmələrin olimpiadasına lisenziya qazandırır. Sentyabr ayında Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatında yaşı 15-ə qədər olan atletlərin 85 kiloqram çəki dərəcəsində yarışan idmançımız rekordlarla Avropanın diqqətini özünə cəlb edir. Belə ki, birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək, sonda 130 kiloqramı ram edir və ən güclü rəqibi bolqar Stefço Xristovu 15 kiloqram qabaqlayaraq bu hərəkətdə birinci olur. Təkanla qaldırmada isə daha böyük uğura imza atır. İlk yanaşmasında 150 kiloqramı ram edərək macar atlet Adrian Terebesinin Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələrin dünya birinciliyində müəyyən etdiyi Avropa rekordunu (146 kiloqram) düz 4 kiloqram yeniləyir. O həmçinin yunan atlet Evangelios Qaliatsatosun 2015-ci ildə İsveçin Landskrona şəhərində keçirilən yeni­yetmələrin Avropa birinciliyində bu çəkidə toplamda müəyyən etdiyi Avropa rekordunu (276 kiloqram) da təzələyir. İkinci yanaşması da uğurlu olan həmyerlimiz 155 kiloqramı qaldıraraq həm bu hərəkətdə, həm də toplamda daha 2 rekorda imza atır. Sonuncu yanaşmasında 161 kiloqramın da öhdəsindən gələn Tərmenxan rekordları siyahısına ikisini də əlavə edir. Toplam 291 kiloqram (130+161 kiloqram) nəticə ilə Avropa çempionu olur. Gənc atletimiz bu birincilikdə birdən-birə 6 Avropa rekordunu yeniləyərək adını qızıl hərflərlə idman tarixinə yazdırır.
Tərmenxan Babayev qazandığı uğurlarla 2017-ci ildə Azərbaycanda “İlin ən yaxşı ağır atleti” mükafatına layiq görülür, üzərində böyük əməyi olan məşqçisi Şəfi Hüseynov isə ilin məşqçisi nominasiyasının qalibi olur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin seçiminə əsasən ağır atletimiz muxtar respublikada “İlin idmançısı” mükafatını da qazanır.

İlk Olimpiya medalı

Cari ildə qazandığı uğurlarla idmançımız gələcəkdə daha böyük nailiyyətlərə sahib olacağını bir daha nümayiş etdirib. Öncə, ilin əvvəlində böyüklər arasında keçirilən respublika çempionatında ilk dəfə çıxış edən Tərmenxan rəqibindən yalnız 4 kiloqram geri qalmaqla ikinci olub. Mayda yeniyetmələr arasında keçirilən analoji yarışda rəqibini 100 kiloqram qabaqlamaqla növbəti dəfə ölkə çempionu adını qazanıb. İyulda isə İtaliyanın Milan şəhərində keçirilən Avropa çempionatında 17 yaşadək oğlan atletlərin 94 kiloqram çəki dərəcəsində çıxış edib. Bu yarışmada birdən qaldırmada 145 kiloqram nəticə ilə ikinci, təkanla qaldırmada isə 180 kiloqram göstərici ilə birinciliyə nail olub. Toplamda 325 kiloqramlıq nəticə göstərən Tərmenxan bununla da ikinci dəfə Avropanın ən güclü ağır atleti olduğunu göstərə bilib.
Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin 3-cü Olimpiya oyunlarında bütün diqqət ağır atletimizə yönəlmişdi. 85 kiloqram çəki dərəcəsində ­körpücük üzərinə çıxan Tərmenxan Babayev ümidləri tamamilə doğrultdu. O, birdən qaldırma hərəkətində 142, təkanla qaldırma hərəkətində isə 174 kiloqramın öhdəsindən gələrək (ümumilikdə, 316 kiloqram) Yeni­yetmələrin Olimpiya oyunlarında “Gümüş” medal qazandı.

Fikirlər…

Təbii ki, Tərmenxan Baba­yevin idman karyerasına yazılan bu yüksək qələbələrdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının və onun məşqçisinin əməyi danılmazdır. Yeniyetmələrin Olimpiya oyunlarında “Gümüş” medal qazanan idmançımızın özü də bu fikirdədir: “Karyeram ərzində mənə hədsiz dərəcədə dəstək oldular. Ona görə də qazandığım bu uğuru onların zəhmətinin qarşılığı hesab edirəm. Məşqçim, eləcə də muxtar respublikanın Gənclər və İdman Nazirliyi və federasiya hər zaman mənə dəstək oldu, hər yarışda iştirakımı təmin etdilər. Bu nəticələrdə əziyyəti olan məşqçi-müəllimlərimdən tutmuş rəhbərliyə qədər hər kəsə minnətdarlığımı bildirirəm. Hər yarışa olduğu kimi, Olimpiya oyunlarına da çox yaxşı hazırlaşmışdım və məsuliyyəti dərk edirdim. Elə körpücük üzərinə də qələbə üçün çıxmışdım. Olimpiada ciddi turnirdir və burada istənilən nailiyyət böyük əziyyət hesabına başa gəlir. Vətənə “Qızıl” medal­la qayıtmaq istəyirdim, amma “Gümüş”lə kifayətlənməli oldum. Rəqiblərim güclü idilər, lakin sona qədər mübarizə aparmalı idim. Çalışdım ki, bütün gücümü ortaya qoyum. Olimpiya oyunlarında fəxri kürsünün ikinci pilləsinə qalxdım. Ölkəmi layiqincə təmsil etdiyimə, doğma Naxçıvana medalla döndüyümə görə çox şadam”.
İdmançımızın şəxsi məşqçisi Şəfi Hüseynov isə yetirməsinin ona verdiyi sözə əməl etdiyinə görə özünü xoşbəxt hesab edir: “Tərmenxanın bu istedada malik olduğunu məşqə gəldiyi ilk gündən görmüşdüm. Buna görə də onunla xüsusi olaraq çalışırdım. Onu dünyanın məşhur ağır atleti Halil Mutluya bənzədirdim. Hələ 2015-ci ildə ilk dəfə ölkə çempionu olarkən, onunla söhbətimdə mənə bunu böyük uğurların başlanğıcı saydığını dedi. Tərmenxan mənim əziyyətlərimin ilk bəhrəsidir. Onun Olimpiadada “Gümüş” medal qazanması mənim üçün ikiqat dəyərlidir. Tərmenxanın uğurları hələ qabaqdadır. Çünki onda böyük idmançı xarakteri var, verilən bütün tapşırıqları tezliklə mənimsəyir və yerinə yetirir. Belə qələbələr həm də Naxçıvan idmanının uğuru, muxtar respublikamızda idmana göstərilən dövlət qayğısının ifadəsidir”.
Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov Tərmenxan Babayevin ümidləri doğruldacağına hələ Cənubi Amerikaya getməmişdən öncə inanırmış: “Tərmenxan uzun illərdir ki, milli komandanın heyətinə dəvət olunub və keçirilən yarışlarda mütəmadi olaraq çıxış edir. İki il bundan əvvəl Tailandda keçirilən dünya çempionatındakı çıxışı bizdə ona qarşı böyük ümidlər yaratdı. Bu müddət ərzində Tərmenxan bütün yarışlarda iştirak etdi və Vətənə medal­larla qayıtdı. Xüsusilə İtaliyanın Milan şəhərindəki çıxışını qeyd etməliyəm. Həmin yarışda “Avropa çempionu” adını qazanması və rekordları ilə ağır atletika tariximizdə ilklərdən oldu. Olimpiya oyunlarına vəsiqə qazanmasından sonra ona ümidlərimiz daha da artıb. İnanırdıq ki, Tərmenxan bu mötəbər yarışda da uğurla çıxış edəcək. Çünki onda idmançı intizamı, xarakteri var. Deyə bilərik ki, artıq yeni Nizami Paşayev yetişir. Bunu da qeyd edim ki, Tərmenxanın uğurlu çıxışında Nizami Paşayevin də böyük əziyyəti var. Həmçinin onun belə nailiyyətlər əldə etməsi Naxçıvan idmanı üçün böyük uğur və Naxçıvan idmanının hansı səviyyədə olduğunun göstəricisidir”.
İndi Tərmenxan Babayevin bir məqsədi var: 2020-ci ildə Tokioda keçiriləcək böyüklərin Yay Olimpiya oyunlarında iştirak etmək. İnanırıq ki, həmin yarışda 16 yaşlı ağır atletimiz ölkəmizin bu idman növündə də parlaq gələcəyi olduğunu göstərəcək. Bu yolda ona uğurlar arzu edirik.

 Ceyhun MƏMMƏDOV

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: