Naxçıvanda Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

470

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Tədbirdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.

Türkiyənin Naxçıvandakı baş konsulu Məhmət Emin Kiraz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 95-ci ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubunu oxuyub. Daha sonra baş konsul çıxış edərək Türkiyə Cümhuriyyətinin yaranmasından və keçdiyi inkişaf yolundan danışıb. Məhmət Emin Kiraz dünyada etibarlı tərəfdaş kimi tanınan Türkiyənin qardaş Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib, ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolunu diqqətə çatdırıb. Qeyd olunub ki, qarşılıqlı səylər və həyata keçirilən birgə tədbirlər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafına töhfə verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin müstəqillik bayramı – Cümhuriyyət elan edilməsinin 95-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edərək deyib: Dövlət müstəqilliyi hər bir xalqın ən böyük sərvətidir. Müstəqilliyi əldə etməklə yanaşı, onu qoruyub saxlamaq da əsas şərtdir. Ötən 95 ildə Türkiyə Respublikası böyük öndər Mustafa Kamal Atatürkün yolu ilə gedərək dövlət müstəqilliyini möhkəmləndirmiş, dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir. Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına mühüm töhfədir. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir. Ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının da mühüm rolu vardır. Muxtar respublika ilə Türkiyənin yaxın vilayətləri arasındakı əlaqələr hər keçən gün daha da inkişaf edir, qarşılıqlı faydalı əlaqələr qurulur.

Ali Məclisin Sədri milli bayram münasibətilə qardaş Türkiyə xalqını bir daha təbrik edib, çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Bu əlaqələr tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır… Əminəm ki, Türkiyə-Azərbaycan həmrəyliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və genişlənəcəkdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: