Naxçıvanda taksi sürücüləri muzeyləri gəziblər
Muxtar respublikanın muzey və tarixi abidələrini turistlərə daha yaxşı tanıtmaq üçün taksi fəaliyyəti ilə məşğul olan sürücülərə bu məkanlara müntəzəm ekskursiyalar təşkil edilir. NUHÇIXAN xəbər verir ki, bu dəfə taksi sürücüləri Xan Sarayını ziyarət ediblər. Burada ekskursiya iştirakçılarına muzeyin tikildiyi tarix, onun ilk sahibi olan 1-ci Kalbalı xan haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, burada 400-ə yaxın eksponat nümayiş olunur. Təkcə bu ilin aprel-may ayları ərzində sarayı 20 minə yaxın turist ziyarət edib. Onlardan 8 minə yaxını xarici vətəndaşdır. Son günlər sarayın ekspozisiyasına 20 yeni elmi-tədqiqat və rəsm əsərləri, o cümlədən ov silahları və digər eksponatlar daxil olub.
Taksi sürücüləri həmçinin Cəmşid Naxçıvanskinin ev muzeyində də olublar. Cəmşid Naxçıvanskiyə və ailəsinə məxsus fotoalbomlar və şəxsi əşyalara baxıblar.
Məqsəd taksi sürücülərinin muzey və tarixi abidələrimizlə bağlı biliklərini artırmaqdır. Çünki muxtar respublikamıza gələn turistlərin ilk dəfə münasibətdə olduqları adamlar adətən, taksi sürücüləri olurlar. Beləliklə, tariximizlə bağlı müəyyən biliklərə malik olan sürücülər turistləri rahat şəkildə muzey və tarixi abidələrlə tanış edə və məlumatlandıra bilərlər.
Taksi sürücülərinin digər muzeylərlə tanışlığı bundan sonra da davam edəcək.
Cavid Səfərli