Araz çayı və Uzunoba Su Anbarından çəkilən suvarma xətlərinin yenidən qurulması nəticəsində su təminatı yaxşılaşdırılıb və yeni torpaq sahələri su ilə təmin olunub. 2015-ci ildə Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi istifadəyə verilib, 2016-cı ildə Babək rayonunda 565 hektar, Kəngərli rayonunda 117 hektar torpaq sahəsində, 2017-ci ildə Kəngərli rayonunun Böyükdüz kəndində 407 hektar torpaq sahəsində suvarma şəbəkəsi yaradılıb. 2018-ci ilin mart ayından etibarən Kəngərli rayonunda 410 hektar ərazini əhatə edəcək yeni qapalı suvarma şəbəkəsinin qurulmasına başlanılıb.
NUHÇIXAN Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən xəbər verir ki, meliorasiya və irriqasiya sistemlərinin inkişafı istiqamətində görülmüş tədbirlərin nəticəsi olaraq 2017-ci ildə muxtar respublika üzrə suvarılan torpaq sahələri 60 min 768 hektara çatdırılıb. Bu da həyətyanı torpaq sahələri də daxil olmaqla, kənd təsərrüfatına yararlı torpaq sahələrinin 34,3 faizini təşkil edir. 1995-ci illə müqayisədə suvarılan torpaq sahələri 5101 hektar artıb.
Naxçıvan Muxtar Respublikası üzrə 2017-ci ildə həyətyanı torpaq sahələri də daxil olmaqla, cəmi əkin sahələri 61 min 531 hektar təşkil edib. Əkin sahələrinin 4204 hektarı dövlət, 10 min 63 hektarı bələdiyyə, 47 min 264 hektarı isə xüsusi mülkiyyətdə qeydə alınıb. Xüsusi mülkiyyətdə olan əkin sahələrinin 8544 hektarı həyətyanı torpaq sahələrinin əkin altında olan hissəsidir. Beləliklə, 1995-ci illə müqayisədə həyətyanı torpaq sahələri də daxil olmaqla, cəmi əkin sahələri 33 min 114 hektar, yaxud 2,2 dəfə artıb.