Naxçıvanda olan yeraltı su mənbələrindən nümunələr götürülüb
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a bildirilib ki, bölmənin Təbii Ehtiyyatlar İnstitutunun Coğrafiya şöbəsinin və Hidrogeologiya və mineral sular laboratoriyasının əməkdaşları Şahbuz rayonu ərazisindəki yeraltı su mənbələrinə (bulaq, çeşmə, mineral sular) ekspedisiyalar təşkil edib.
Ekspedisiya zamanı rayonun Badamlı kəndindən 3 km cənub-qərbdə, dəniz səviyyəsindən 1274 m hündürlükdə yerləşən 4 və 5 saylı mineral su bulaqlarından, Badamlı mineral bulağından 1,5 km cənub-qərbdə yerləşən Girdəsər mineral su bulağından, Gömür kəndindən 3 km cənub-qərbdə okean səviyyəsindən 2000 m yüksəklikdə yerləşən Gömür mineral su bulağından nümunələr götürülüb. Bundan başqa, Şəfa bulağı, Karvansara mineral su bulağı, Biçənək mineral suyu və “Söyüdlü” bulağı, Almalı bulaq və İşgə su bulaqları, Ağbulaq suyu, Batabat mineral bulağı, Zor bulaq, Şahbuz Şəfa bulağı və Böyrək suyundan da nümunələr götürülüb.
Götürülən nümunələrin makro və mikrokomponent tərkibləri, fiziki-kimyəvi xüsusiyyətləri, temperatur və pH-ləri, minerallıqları öyrənilərək Kurlov düsturu əsasında sistemləşdiriləcək.