Naxçıvanda oftomoloqların XII elmi-praktik konfransı olub

197

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda Azərbaycan gənc oftalmoloqlarının  “Müasir oftalmologiya elminin son nailiyyətləri və problemləri” mövzusunda XII elmi-praktik konfransı keçirilib. 

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri  düzüblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası Xəstəxanasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin konfrans iştirakçılarına salamlarını və konfransın təşkilatçılarına təbrikini çatdırıb. Sonra nazir səhiyyənin inkişafından və oftalmologiya sahəsində görülən işlərdən danışıb. Səhiyyə naziri Azərbaycan gənc oftalmoloqlarının XII konfransının muxtar respublikamızda keçirilməsinin ölkəmizin gənclər paytaxtı seçilən Naxçıvanda oftalmologiyanın inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov çıxış ediblər. Tədbirdə həmçinin  Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri, göz cərrahı Sunay Duman, Nikolay Pirogov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru Aleksey Yeqorov çıxış ediblər.

Sonra Milli Oftalmologiya Mərkəzininin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Konfransda “Keratokonusda üç mərhələli  müalicə metodu”, “Keratoplastikadan sonra ekzimer-lazer cərrahiyyəsi, “Gözün dəlib-keçən yaralanmaların erkən fəsadların retrospektiv analizi”, “Uşaqlarda zəif görmənin reabilitasiyası, “Vision 2020” görmə hüququ proqramı formatında göz travmaları nəticəsində yaranan korluqla mübarizə strategiyası”, “Orbitanın patologiyasında şüa diaqnostika metodlarının əhəmiyyəti” kimi məsələlər müzakirə edilib. Sonda iştirakçıların məruzələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, konfrans Azərbaycan və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliklərinin, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə reallaşıb.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: