Naxçıvanda “Nəsimi” filminin çəkildiyi qədim məkanlar – 45 il sonra

405

45 il bundan əvvəl ilk dəfə ekrana çıxan və Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan “Nəsimi” tarixi-bioqrafik filminin Naxçıvan çəkilişləri maraqlı məqamları ilə yadda qalıb. Ssenari müəllifi, Xalq yazıçısı İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan səhnə əsərinin çəkilişi zamanı həmin dövrdə hürufizmin yayıldığı bölgələrimizdən biri olan qədim Naxçıvanda aparılması ona yeni-yeni çalarlar qatıb.

Filmin yaradıcıları Suraxanı “Atəşgahı”nda, Şirvanşahlar Sarayında, karvansarada bəzi çəkilişləri apardıqdan sonra 1973-cü ilin avqust ayında Naxçıvana gəliblər. Çəkilişlərin aparılacağı yer kimi muxtar respublikanın Culfa rayonunun ərazisində yerləşən Əlincə qalası və Əlincəçayın vadisi boyu Xanəgah kəndinə yaxın məkanlar seçilib. Təbii ki, bu ərazi tarixi baxımdan diqqəti cəlb etməklə filmə uyğun bir sahə idi. Ssenaridə kütləvi səhnələr olduğuna görə, bura yerli sakinlərin də cəlb edilməsi qərara alınıb. Filmin çəkilişində naxçıvanlıların da fəal iştirak etməsi kütləvi səhnələrin daha canlı alınmasına imkan yaradıb.

Əlincəqala, Xanəgah, Şeyx Nəiminin məzarı…

Naxçıvanda filmin ilk çəkilişləri Əlincəqalanın ətrafında aparılıb. Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik əzmini toplu halında nümayiş etdirən tarixi qalalarımızdan biri olan Əlincəqala bu gün ən yüksək səviyyədə bərpa olunub. Qala I-VI əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunub, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib. Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə artıb. Tarixi qaynaqlar əsas götürülərək dünya əhəmiyyətli abidə olan Əlincəqalanın bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin yaradılması da xüsusi məna daşıyır. Əlincəqalada məskunlaşmış insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin muzeydə nümayiş olunması qala sakinlərinin həyatı və qəhrəmanlıq tarixi haqqında dolğun təsəvvür yaradır.

“Nəsimi” filminin çəkilişlərinin aparıldığı Xanəgah kəndi də özünün tarixiliyi ilə seçilir. Bəzi alimlərimiz bu adın mənbələrdə Xangah, Xanəgah, sonralar isə Xanağa şəklində işlənildiyini qeyd edirlər. “Xanəgah” ev mənası bildirən “xanə” sözünə “-gah” şəkilçisinin artırılması yolu ilə əmələ gəlib. Kəndin “Xanəgah” adlandırılması hürufilik təriqətinin adı ilə bağlıdır. Böyük mütəfəkkir və şair Şeyx Fəzlullah Nəiminin də burada dəfn olunması “Xanəgah” sözünün hürufiliklə bağlı olduğunu təsdiqləyir. “Xanəgah” təriqət başçıları dəfn olunan, onlar üçün tikilən binalara, müqəddəs ocaqlara deyilir. Ona görə də tarixçi alim M.Nemətova yazır ki, kənddə ziyarətgah olduğuna görə, bura “Xanəgah” adlanıb və kəndin əsasının qoyulması XIII əsrdən əvvəllərə aiddir.

Mərhum Adil Bağırov yazır ki, el arasında kəndin Şıx, Şeyx piri, yaxud Şeyx Xorasan adlandırılması da Nəiminin adı ilə bağlıdır. Deyilənə görə, Nəiminin tərəfdarları sağlığında ona Şeyx Xorasan (“nur saçan Günəş”, “Günəş bəxş edən”) deyə müraciət edirmişlər.

Gəlinən qənaət odur ki, “Xanəgah” sözü “bir şeyx və ya mürşidin rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer, təkyə” mənasındadır. Demək, sufi qələndərləri buranı məbədgaha çevirib ibadətlə məşğul olduqlarına görə kəndə “Xanəgah – Xaniqah” adı verilib və canlı danışıq dilində bu ad “Xanağa” şəklinə düşüb. Son illər kəndin adının “Xanəgah” variantı rəsmiləşdirilib.

Filmin çəkildiyi yerlərlə tanışlığımız zamanı bir daha şahidi olduq ki, Naxçıvanda tarixi-mədəni irsimizə qayğı ilə yanaşılır, əcdadlarımızın miras qoyub getdiyi mədəni sərvətlərimiz gələcək nəsillər üçün qorunub saxlanılır. Şeyx Fəzlullah Nəiminin dəfn olunduğu Xanəgah Abidə Kompleksinin bərpası da bu sahədə görülən işlərin davamıdır. Naxçıvan memarlıq məktəbinin daha bir nümunəsi olan abidə XII-XV əsrlərə aid edilir. Arxiv materiallarında Xanəgahın XVIII əsrdə də fəaliyyət göstərdiyi qeyd olunur. Abidənin giriş baştağında Möminə xatın türbəsinin elementlərindən istifadə olunub. Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini burada dəfn ediblər. Xanəgah uzun müddət yaşayış, ibadət və zikr yeri olub, tarixin müxtəlif dövrlərində isə həm də elm, təhsil və mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirib.

“Qanlı kadrlar”ın çəkildiyi ərazi

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev ilə söhbətimiz zamanı o qeyd etdi ki, Xanəgah kəndinin ərazisində çəkilən səhnə ilə Əlinəcəqalanın ətrafındakı səhnələr filmdə birləşdirilib. Məsələn, filmdə ordunun hücumu zamanı Əlincəqalaya doğru qaçan insanlar səhnəsi qalanın yanında deyil, kəndin ərazisindəki “Sarı qayalar” deyilən yerdə və onların arxasındakı ərazilərdə çəkilib. Şeyx Fəzlullah Nəiminin öldürülməsi səhnəsi isə Xanəgah kəndi ərazisindən dağa doğru uzanan düzənlikdə lentə alınıb.

Filmdə Teymurləngin oğlu Miranşahla qarşılaşdığı səhnələr də bu gün tamaşaçılar tərəfindən maraqla izlənilir. Miranşahın Teymurdan aman diləməsi, Nəsimi ilə Teymur arasındakı məşhur dialoq səhnəsi də Xanəgah kəndinin ərazisində çəkilib. Həmin kadrlarda kənddən görünən əzəmətli Əlincə qalası diqqəti cəlb edir.

Çəkilişlərdə epizodik rolda çıxış edən Xanəgah kənd sakini İsmayıl Niftəliyev maraqlı bir xatirəsini bizimlə bölüşərək deyir ki, Şeyx Nəiminin ölüm səhnəsinin çəkilişləri zamanı böyük sənətkar İsmayıl Osmanlının qollarından və ayaqlarından iplə atlara bağlanması ətrafda onu izləyən yerli sakinləri həyəcanlandırıb. Bəziləri isə elə biliblər ki, həqiqətən də atları hərəkətə gətiriləcək və bədbəxt hadisə baş verəcək. Lakin sonradan Xanəgah kənd sakini Şəmsəddin Əliyevin kəsilmiş heyvanının bir hissəsinin həmin atların ipinə bağlanaraq çəkilişlərin aparılması insanları sakitləşdirib.

Onu da deyək ki, “Nəsimi” yeganə tarixi filmdir ki, orda dekorasiya yoxdur. Məsələn “Babək”, “Nizami”, “Dədə Qorqud”da var, amma “Nəsimi” filmi bütünlüklə naturada çəkilib, pavilyon çəkilişləri olmayıb.

Filmin çəkilişləri həmin dövrdəki Naxçıvan mətbuatında

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Əli Rzayev AZƏRTAC-a müsahibəsində həmin illərdə Naxçıvan mətbuatında dərc olunan məqalələri xatırladaraq deyib: “Vaxtilə Naxçıvanda dərc olunan “Şərq qapısı” qəzetində şöbə müdiri işləyən atam, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Hüseyn Razinin qəzetin 1973-cü il 11 avqust tarixli sayında kino-rejissor Həsən Seyidbəyli ilə müsahibəsi dərc olunmuşdu. “Nəsimi Əlincə qalası”nda sərlövhəli müsahibədə filmin çəkilişləri haqqında söhbət gedir. Yazıda Əlincə qalasında “Nəsimi” yaxud “Həqq məndədir” bədii filminin çəkilişlərinin aparıldığı qeyd olunub, Həsən Seyidbəyli yaradıcı kollektivin işi haqqında məlumat verib. O bildirib ki, mövsümə görə filmin çəkilişləri üçün bir qədər gecikmişik. Buna baxmayaraq çəkilişləri noyabr ayında başa çatdıra biləcəyik. Rejissor deyib: “Teymurləngin işğalçı qoşunları buraya hücum edib, qalanı 14 il mühasirədə saxlayıb. Biz Əlincə qalasında və onun ətrafında gedən döyüş səhnələrini, Miranşahın aqibəti ilə bağlı olan epizodları, Nəiminin öldürülməsini, Nəsiminin öz müəllimi və sevgilisi ilə görüşlərini, habelə başqa səhnələri çəkirik”. Yazıda o da qeyd olunur ki, Əlincəçayın sahilləri boyunca düzülmüş çadırların və alaçıqların fonunda müxtəlif səhnələr artıq çəkilib”.

“Nəsimi” filminin çəkilişi ilə bağlı “Şərq qapısı” qəzetinin 19 avqust 1973-cü il tarixində də 6 şəkillə birlikdə növbəti məqalə dərc olunub. Eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə böyük şairin 600 illik yubileyinin ölkəmizdə təntənəli şəkildə qeyd olunması da “Şərq qapısı”nda geniş işıqlandırılıb. Qəzetin bütöv bir nömrəsi böyük mütəfəkkir şairə həsr olunub, yubiley tədbiri haqqında qəzetin 14 sentyabr 1973-cü il tarixində geniş məlumat verilib. Bakıda keçirilən yubiley tədbiri “Şairin əzəməti və şöhrəti” adlandırılıb.

Böyük uğur yeni-yeni uğurlara yol açdı

Film 1974-cü ildə ekranlara çıxıb və həmin il VII Ümumittifaq Kino Festivalında tarixi mövzuda ən yaxşı filmə görə mükafata layiq görülüb. Ən yaxşı kişi rolu ifasına görə dəyərli aktyorumuz Rasim Balayev mükafat alıb.

“Nəsimi” filmi Azərbaycan kinosunun tarixi uğuru hesab edilir. Qarşıdakı illərdə də uğurlarımız davam edib. 1979-cu ildə ekranlara çıxan “Babək” filminin də yarıdan çoxu qədim Naxçıvan torpağında çəkilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: