Naxçıvanda müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanları başa çatıb

816

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 2018-ci il oktyabrın 24–də elan edilmiş müsabiqənin test imtahanları  dekabrın 17-29 tarixlərində reallaşıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, müsabiqəyə 252 vakant vəzifə çıxarılıb, 116 vakant vəzifənin tutulması üçün müraciət edən 240 nəfərdən 238-i test imtahanlarında iştirak edib. 136 vakant vəzifənin tutulması üçün sənəd təqdim olunmayıb. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilib. Ən çox müraciət ibtidai sinif müəllimliyi (54), tarix (34), ingilis dili (28), Azərbaycan dili və ədəbiyyatı (25) və coğrafiya (25) ixtisasları üzrə qeydiyyata alınıb.

Test imtahanında iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla 80 sual təqdim edilib, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilib. Qanunvericiliyə əsasən, stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal), təsviri incəsənət, musiqi və fiziki tərbiyə fənləri üzrə test tapşırıqlarının 50 faizini (40 bal) düzgün cavablandıran namizədlər keçid balını toplamış hesab edilirlər. Vakant vəzifənin tutulması üçün müraciət edən namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur. Keçid balını toplamış 149 namizədin sənədləri müvafiq vəzifələrə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilib.

Vakant vəzifələr üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilib. Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: