Naxçıvanda müəllimlərin işə qəbulu üçün elan edilmiş müsabiqənin test imtahanları başa çatıb

196

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqənin test imtahanları başa çatıb. Müsabiqəyə 165 vakant vəzifə çıxarılıb. 123 vakant vəzifənin tutulması üçün 527 sənəd təqdim olunub. Test imtahanlarında 518 namizəd iştirak edib.

Komissiyadan NUHÇIXAN-a bildirilib ki, müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində komissiyanın rəsmi internet səhifəsi vasitəsilə elektron formada qəbul edilib. Ən çox müsabiqə vəziyyəti İbtidai sinif müəllimliyi (166 müraciət), İngilis dili (84 müraciət), Riyaziyyat (43 müraciət), Coğrafiya (42 müraciət) və Tarix (41 müraciət) ixtisasları üzrə qeydiyyata alınıb.

Test imtahanında iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla, 80 sual təqdim edilib. Sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilib.

Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal) düzgün cavablandırmış 123 namizədin sənədləri müvafiq vəzifələrə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə göndərilib.

Qeyd edək ki, muxtar respublikada ilk dəfə olaraq müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçirilib. Nəticələr komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: