NUHÇIXAN xəbər verir ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirlərinin davamı olaraq “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə Yaşıl şəhərlər üzrə İSESKO Strategiyasının həyata keçirilməsi” ilə bağlı ekspertlərin görüşü olub.
Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsinin önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə onlara ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvanın təbiəti ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış olub.
İcra hakimiyyətinin akt zalında keçirilən görüşdə İSESKO üzrə Azərbaycan Milli Komissiyasının nümayəndəsi Araz Bağırlı qeyd edib ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi mühüm tarixi hadisədir.
Ekspert İSESKO – Azərbaycan əlaqələrindən danışaraq bildirib ki, “Bakı prosesi” çərçivəsində keçirilən ümumdünya mədəniyyətlərarası dialoq forumları mühüm əhəmiyyətə malikdir. Həmçinin “Yaşıl şəhərlər” strategiyası da əməkdaşlığımızın inkişaf etdirilməsinə dəyərli töhfələr verəcək.
İSESKO-nun nümayəndəsi, ekspert Foued El Aynı qeyd edib ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı elan edilməsi bizi çox sevindirir. Çünki Naxçıvanda milli dəyərlərə, mədəniyyətə yüksək səviyyədə qayğı göstərilir. Naxçıvanda həmçinin ekoloji tədbirlərin həyata keçirilməsinin şahidi olduq. Yaşıl şəhərləri yaratmaq İSESKO üçün bir şərtdir. İSESKO bu sahədəki proqramları uğurla həyata keçirəcək.
Tədbirdə qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında ekoloji tarazlıq qorunur və bu sahədə mühüm tədbirlər həyata keçirilir. Son 25 ildə muxtar respublika ərazisində 17 min hektardan çox sahədə yeni yaşıllıqlar, meyvə bağları, meşə massivləri salınıb. Təbii bərpa hesabına yaşıllıq ehtiyatları 35 min hektardan artıq olub. Hazırda muxtar respublikanın ümumi ərazisinin 14 faizə qədəri yaşıllıqlarla örtülüb. Həyata keçirilən məqsədyönlü tədbirlər Naxçıvanın yaşıllıq potensialının zənginləşməsinə və dünyada yaşıl şəhər kimi ön sıralarda dayanmasına zəmin yaradıb.
Tədbirdə Misirin yaşıl şəhər strategiyası üzrə eksperti, professor Mohsen Aboulnaga “Yaşıl şəhərlər və onların davamlı inkişaf məqsədlərinin əldə olunması ilə əlaqəsi üzrə fəaliyyət planı” layihəsini təqdim edib.
Tədbirdə İslam Əməkdaşlıq təşkilatına üzv ölkələrin – Azərbaycan, Türkiyə, Özbəkistan və Tacikistanın ekspertlərinin müxtəlif təcrübələrinin təqdimatı olub.
Tədbirdə “Yaşıl şəhər” strategiyasının həyata keçirilməsi ilə əlaqədar bir sıra məsələlər müzakirə edilib.
İyunun 22-də “Yaşıl şəhərlər” üzrə Fəaliyyət Planı layihəsinin panel müzakirələri keçiriləcək.
Turab Hacızadə