Naxçıvanda dəmir yolu ilə 78 min nəfərdən çox sərnişin daşınıb

278

Bu ilin 6 ayında proqnozda nəzərdə tutulan 72 min nəfər sərnişin əvəzinə, Şərur-Culfa, Ordubad-Şərur istiqamətlərində dəmir yolu ilə 78 min 929 nəfər sərnişin daşınıb.

NUHÇIXAN xəbər verir ki, bu faktlar “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən yığıncaqda cəmiyyətin direktoru Mahir Əliyev tərəfindən səsləndirilib.

Bildirilib ki, bu xidmətdən cəmiyyətin hesabına 19 min 606 manat vəsait daxil olub. Həmçinin bu dövrdə 84 min 930 kiloqram poçt-baqaj yükü daşınıb ki, bunun sayəsində cəmiyyətin hesabına 1274 manat vəsait daxil olub.

Mahir Əliyev deyib ki, 2018-ci ilin 6 ayında Culfa Lokomotiv Deposunda lokomotivlər 154 min 433 kilometr yürüş edib, 21 milyon 833 min ton yük lazım olan obyektə çatdırılıb. Plan-proqnoza uyğun 4,5 min ton yük vurulması və daşınması nəzərdə tutulduğu halda, faktiki olaraq 38 min 700 ton yük daşınıb. Bunun 20 min 520 tonu qum-çınqıl, 13 min 920 tonu daş məmulatı, 4 min 200 tonu travertin plitə, 60 tonu tikinti qumu olub ki, bu da nəzərdə tutulduğundan 8 dəfə artıqdır.

“Muxtar respublikada aparılan tikinti-quruculuq işlərinin geniş vüsət alması ilə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyindəki obyektlərin də siması xeyli dərəcədə dəyişib. Əksər idarə və yardımçı binalar ətraf əraziləri də daxil olmaqla, müasir üslubda yenidən qurulub və həmin strukturlarda işçilər üçün hər cür əmək şəraiti yaradılıb. Bəhs olunan dövrdə dəmir yolu təsərrüfatı 8 yeni sərnişin vaqonu ilə təmin olunub” – deyən cəmiyyətin direktoru bildirib ki, Ordubad dəmir yolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, eləcə də Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri başa çatdırılıb.

Qeyd olunub ki, kollektiv bundan sonra da işini günün tələbləri səviyyəsində qurmaqla dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin olunmasında və sərnişinlərin vaxtında mənzil başına çatdırılmasında bütün səy və bacarığını əsirgəməyəcək.

Sonra məruzə ətrafında çıxışlar olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: