Naxçıvanda bu il 195 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib
2018-ci ilin 6 ayı ərzində Dövlət Energetika Xidmətinin tabeliyində olan elektrik stansiyalarında 195 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb. Stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 53,77%-ni alternativ və bərpa olunan enerji mənbələrindən alınan enerji təşkil edib. 2018-ci ilin altı ayı ərzində enerji satışından 15 milyon manatdan artıq vəsait toplanıb ki, bu da enerjinin dəyərinin 99.53%-ni təşkil edir. NUHÇIXAN xəbər verir ki, bunları Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev bildirib.
Xidmət rəisi qeyd edib ki, Naxçıvan şəhərində abonentlərin ev və mənzillərində ön ödənişli smart-kart tipli sayğacların quraşdırılması işləri də davam etdirilir. Son altı ay ərzində 710 ədəd belə sayğac quraşdırılıb.
Qeyd olunub ki, layihə gücü 36 meqavatt olacaq Ordubad Su Elektrik Stansiyasında tikinti işləri davam etdirilir. Layihə gücü 14 meqavatt olacaq Tivi Su Elektrik Stansiyası və 3,5 meqavatt gücündə Qazançı su elektrik stansiyalarının texniki-iqtisadi əsaslandırılması və layihəsi hazırlanıb. Culfa rayonu ərazisində Külək Elektrik Stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün isə lazımi işlər aparılıb. Babək rayonu ərazisində “Quşçuluq” yarımstansiyasının yenidən qurulması və Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasında tikinti işləri davam etdirilir.
Namiq Paşayev bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Dövlət Energetika Xidmətinə mövcud infrastrukturun yenilənməsi və təkmilləşdirilməsinə diqqətin artırılması, nöqsanların aradan qaldırılması üçün çevikliyin göstərilməsi tapşırıqları verilib. Kollektiv verilən tapşırıqları və qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün səylə çalışmalıdır.
Kollegiya iclasında şəhər və rayon elektrik şəbəkələrinin, elektrik stansiyalarının direktorları çıxış edərək görülən işlər barədə məlumat veriblər.
Novruz Məmmədov